Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Neft-qaz sənayesində rəqəmsal texnologiyaların tətbiqi müzakirə olunub

15.10.18, 13:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) Xəzər regionnu üzrə bölməsinin III rüblük görüşü keçirilib. SOCAR AQŞ xəbər verir ki, görüşdə “Neft-qaz sənayesində rəqəmsal texnologiyaların tətbiqi” mövzusunda panel müzakirələr təşkil olunub. Müzakirələrdə sənayenin müxtəlif sahələrində çalışan yerli və beynəlxalq şirkətlərin nümayəndələri iştirak edib. IADC-ın Xəzər hövzəsi üzrə bölmə rəhbəri, SOCAR AQŞ-də qazma meneceri vəzifəsində çalışan Graham Clark bölməyə yenicə üzv olmuş şirkətlər haqqında məlumat verərək bildirib ki, hazırda üzv təşkilatların sayı 30-a çatıb. Həmçinin bölmənin 2019-cu ilin ilk rübü üzrə fəaliyyət planı açıqlanıb.
SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev “Neft-qaz sənayesində rəqəmsal texnologiyaların tətbiqi” mövzusunda çıxış edərək texnoloji yeniliklərin tətbiqinin zəruriliyini qeyd edib. 1980-1990-cı illər ərzində neft-qaz sənayesində geniş vüsət almış elmi-texniki araşdırmalardan söz açan R.İsayev rotorla idarəetmə sistemində rəqəmsal modelləşmə imkanlarından istifadə, 3 fəzalı seysmik idarəetmə metodu vasitəsilə məlumat bazasının vizuallaşdırılmasının yüksək səviyyəyə çatdırılması və yeni nəsil DP3 tipli qazma gəmilərin sinxronlaşdırılması və naviqasiyasında əldə olunmuş nailiyyətlər haqqında danışıb.
“Dünya İqtisadi Forumu/Accenture 2017-ci il hesabatına əsasən növbəti 3-5 il ərzində böyük məlumat bankının toplanması və təhlili, İoT və yeni nəsil mobil cihazların yaradılması ən prioritet sahələr olmaqla iri həcmli sərmayə qoyuluşunu labüd edəcək. Neft-qaz sənayesində rəqəmsal texnologiyalara keçid isə əsasən əməliyyatların optimallaşdırılmasında, texniki xidmətin intellektual idarə edilməsində və istehlakçı tərəfindən enerji mənbələrinin seçim prosesində müşahidə olunacaq. Bu sahələrdə rəqəmsal texnologiyaların tətbiqi işlərin daha sadə, təhlükəsiz və səmərəli təşkilinə təkan verəcək”, - deyə o bildirib.
Növbəti panel müzakirədə çıxış edən “BP Azerbaijan” şirkətinin əməkdaşları qazma prosesinin avtomatlaşdırılması istiqamətində şirkətdə tətbiq olunan rəqəmsal texnologiyalardan danışıb. Quyu tikintisi zamanı əldə olunan məlumatların toplanması və vahid mərkəzdən istifadəsində tətbiq olunan müxtəlif modullar nümayiş etdirilib. Bununla yanaşı, şirkətin əməkdaşları özüllərdə avadanlıqlara texniki nəzarətin təşkili və nasazlıqların vaxtında aşkar edilməsi istiqamətində istifadə olunan pilotsuz uçuş aparatının tətbiqindən söhbət açıblar.
“MWWirth” şirkəti tərəfindən edilən təqdimatda isə, qazma prosesinin daha effektiv həyata keçirilməsində rəqəmsal məlumat bazasından istifadənin əhəmiyyəti vurğulanıb. Norveçin “eDrilling” şirkətinin məsul əməkdaşı xanım Kenzo Lahlow qazma prosesinin optimallaşdırılmasını dəstəkləyən proqram təminatlarından danışıb. Sonda auditoriya ilə məruzəçilər arasında sual-cavab sessiyası təşkil olunub.
Qeyd edək ki, baş ofisi ABŞ-ın Hyuston şəhərində yerləşən IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni ətrafında birləşdirən qeyri-kommersiya təşkilatıdır. IADC 70 ilə yaxın bir müddətdə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir.

Bu xəbər oxundu
- - -