Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın kosmosda 3 telekommunikasiya peyki var”

15.10.18, 13:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Musa Quliyev: “Vaqon evlərdə yaşayan məcburi köçkünlər müasir mənzillərlə təmin olub”

“Son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçdiyi yolu başqa ölkələr bəzən 100 ilə keçə bilmirlər. Bu illər ölkəmiz üçün çox böyük inkişaf və tərəqqi illəri oldu. Demək olar ki, bu illər Azərbaycanın dövlətçilik tarixində ən əlamətdar illərdən biridir”. Bu fikirləri deputat Musa Quliyev deyib. Millət vəkili vurğulayıb ki, bu illər ərzində dövlət başçısı qarşıya hansı məqsədi qoyubsa, hamısına nail olunub. Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçilərkən andiçmə mərasimi zamanı “Mən bütün Azərbaycan xalqının prezidenti olacağam” fikirlərini xatırladan deputat bildirib ki, cənab Prezident 15 ilin hər günündə öz vədini doğruldub: “Bu illər ərzində dövlət başçısı bütün dünya azərbaycanlılarının Prezidenti, Lideri oldu. 15 ildə Azərbaycanda ictimai-siyasi sabitlik möhkəmlənib, vətəndaş cəmiyyəti inkişaf edib, hüquqi dövlət quruculuğu daha da vüsət alıb, Azərbaycanın beynəlxalq aləmdə imici yüksəlib, ölkəmiz qüdrətli bir dövlətə çevrilib. Ölkəmizin iqtisadiyyatı dəfələrlə artıb. Bu gün Azərbaycan öz iqtisadi inkişaf göstəricisinə görə dünyada 35-ci yerdə gedir. 2030-cu ildə isə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına çıxması qarşıya məqsəd kimi qoyulub. Bundan başqa, Azərbaycanın kosmik dövlətlər sırasına çıxması da ölkə başçısının yürütdüyü uğurlu siyasətin nəticəsidir. Bu, ölkə başçısının Azərbaycan xalqı və dövlətçiliyi qarşısında çox mühüm töhfələrindən biridir. Dünyada kosmik dövlətlər sırasına çox az ölkələr daxil olsa da, Azərbaycanın artıq kosmosda 3 telekommunikasiya peyki var. Digər tərəfdən bu illər ərzində Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Təbii ki, bu illər ərzində ölkəmizin sosial-iqtisadi həyatında da çox böyük uğurlar əldə olunub. Məsələn, cənab prezidentin ilk verdiyi sərəncamlardan biri 2004-cü ilin fevralında imzalanmış "Regionların sosial-iqtisadi inkişaf proqramı" olub. Artıq sözügedən sənəd bu il III proqram şəklində davam edir, növbəti ildə IV belə proqram qəbul olunacaq. Bu proqramın həyata keçirilməsi nəticəsində bütövlükdə Azərbaycanın iqtisadi, ictimai, sosial mənzəri dəyişib. Dövlətimiz inkişaf edən, çiçəklənən bir dövlətə çevrildi. Bu illər ərzində Azərbaycanda orta aylıq əməkhaqqı 3 dəfədən çox artdı. Əgər 2003-cü ildə ölkəmizdə orta aylıq əməkhaqqı 77 manat təşkil edirdisə, artıq bu il 530 manata çatıb. Əhalinin nominal gəlirləri 9 dəfəyə qədər artıb. Yoxsulluq 49 faizdən 5,4 faizə düşüb, işsizlik isə 50 faizdən 5 faizə qədər enib: “Bu müddət ərzində 3 mindən çox məktəb, 500-dən çox uşaq bağçası, 600-dən çox səhiyyə müəssisələri tikilib və yaxud da əsaslı təmir edilərək xalqın istifadəsinə verilib. Bundan başqa yüzlərlə idman olimpiya kompleksləri, parklar, körpülər salınıb, 12 min kilometrdən çox yol çəkilib. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, digər aztəminatlı insanların sosial müdafiəsi ilə bağlı olduqca böyük işlər görülüb. Bundan başqa ölkə Prezidentinin yürütdüyü siyasət nətisəsində demək olar ki, respublika ərazisində çadır şəhərciyi qalmayıb. Vaqon evlərdə yaşayan məcburi köçkünlər müasir mənzillərlə təmin olub. Ona görə də cənab Prezident tərəfindən həyata keçirilən bu siyasət xalq tərəfindən dəstəklənir. Xalq öz liderini sevir, ona güvənir və inanır. Nə qədər ki xalq-lider birliyi mövcuddur, Azərbaycanın uğurları da davamlı olacaq”.
Millət vəkili Elman Məmmədov isə bildirib ki, Cənab İlham Əliyev Prezident seçilən gün adiçmə mərasimində dedi ki, “mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Bunun özü cəmiyyətə bir mesaj idi. Millət vəkili bildirib ki, cənab Prezident dediyi sözü həyata keçirib: “2003-cü ildən bu günə qədər Azərbaycanda bütün sahələrdə, istiqamətlərdə - iqtisadiyyatda, mədəniyyətdə, elmdə, təhsildə, idmanda və s. böyük inkişaf baş verdi. Xüsusilə siyasətdə, xarici siyasətdə, diplomatiyada, görülən işlər onu deməyə əsas verir ki, cənab Prezident 2003-cü ildə içdiyi anda, dediyi sözə sadiq qaldı. Ölkə başçısı daha sonra dedi ki, bizim siyasətimiz bizim elə işimizdir. Yəni siyasətimizin göstəricisi bizim işimizdir. Gördüyümüz işlər bizim fəaliyyətimizi təsdiq edir. Azərbaycanda olan uğurlar haqqında xeyli danışmaq olar. Cənab Prezidentimiz bu illər ərzində Azərbaycanımızı kosmos dövləti etdi. Ölkə rəhbəri Azərbaycan Ordusunu dünyanın 50 ən güclü ordusu sırasına qaldırdı.
Cənab Prezident Azərbaycanımızı dünyada tolerant bir dövlət kimi tanıtdı. Dövlət başçısı elə bir inkişaf proqramı götürdü ki, Azərbaycanı təkcə neft-qaz amilindən asılı vəziyyətə qoymadı və şaxələnmiş iqtisadiyyat yaratdı. Bu gün o uğurla nəticələrini göstərir. Yəni Azərbaycan cənab Prezidentimizin apardığı çox uğurlu daxili və xarici nəticəsində (ərazimizin, əhali sayımızın o qədər də böyük olmasına baxmayaraq) bu gün dünyada aparıcı dövlətlər sırasına çıxıb. Bu gün deməyə sözümüz, səsimiz var. Bu gün ölkə başçısının uğurlarıdır və gördüyü işlərin nəticəsidir”.
İqtisadçı alim Vüqar Bayramov deyib ki, ilk növbədə nəzərə almalıyıq ki, son 15 il Azərbaycan iqtisadiyyatı üçün vacib dövr idi: “İqtisadiyyatımızın inkişafı baxımından son 15 ili üç mərhələyə bölsək, birinci mərhələni infrostrukturun formalaşması dövrü kimi xarakterizə etmək olar. İlham Əliyev ölkə prezidenti seçiləndən sonra ilk olaraq diqqəti xarici və daxili sərmayələr üçün münbit şəraitin daha da artırılmasına yönəltdi. Bu müddət ərzində infrastrukturun formalaşdırılması üçün həm paytaxtı, həm də regionları əhatə edən layihələr həyata keçirdi”.
İqtisadçı ekspertin sözlərinə görə, bu ərəfədə “Regionların sosial-iqtisadi inkişafı” proqramı çərçivəsibndə həm paytaxtda, həm də regionlarda sosial - iqtisadi infrastrukturun formalaşdırılmasına nail olundu. Bu birinci mərhələdə baş verdi: “İkinci mərhələ artıq formalaşmış infrastrukturun dəyərə çevrilməsi dönəmi idi. Bu mərhələ dəyər zəncirinə uyğun olaraq, Azərbaycanda qeyri-neft sektorunun inkişafı və ölkəmizin ixrac imkanlarının artırılması fonunda baş verdi. Nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatı infrastrukturun dəyər zəncirinə çevrilmə mərhələsinə qədəm qoydu. Üçüncü mərhələnin başlanğıcı neftin dünya bazar qiymətlərinin aşağı düşməsi dönəminə təsadüf etdi. Bu mərhələ Azərbaycanda dərinləşmiş iqtisadi islahatların aparılması mərhələsi kimi yadda qaldı”.
Ekspert bildirib ki, 2014-cü ildən başlayaraq respublikamızda dərinləşmiş iqtisadi islahatlar aparılmağa başladı. Bu da nəticə etibari ilə 2017-ci ildən yenidən iqtisadi stabilliyə gətirib çıxardı: “2018-ci ildə isə növbəti illərdə sürətli iqtisadi artım üçün baza formalaşdı. Sözügedən dövrdə ölkə iqtisadiyyatı 3,6 dəfə böyüdü. İqtisadi göstəricilərə əsasən sərmayələrin həcmi 340 milyard dollara çatdı. Son 15 ildə Azərbaycan iqtisadiyyatı artım tendensiyasını qoruyub saxlayıb. Bu baxımdan hər üç mərhələdə aparılan iqtisadi siyasət bütövlükdə dayanıqlı və inkluziv iqtisadi sistemin formalaşmasına xidmət edir. Əsas faktorlardan biri ondan ibarətdir ki, 15 ildə formalaşmış iqtisadiyyat və xüsussən də son illərdə aparılan dərinləşmiş xüsusi islahatlar növbəti illər üçün həm Azərbaycan höküməti, həm də beynəlxalq maliyyə qurumları tərəfindən sürətli iqtisadi artım proqnozlarının verilməsinə zəmin yaradır. Məhz bu səbəbdən də formalaşmış iqtisadiyyat növbəti illərdə Azərbaycan iqtisadiyyatındakı artım tempinin qorunub saxlanması üçün bir baza formalaşdırıb”.

Bu xəbər oxundu
- - -