Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“10-15 il əvvəl ermənilər haradasa bizimlə bərabər şəkildə danışıb şərt qoyurdularsa...”

16.10.18, 12:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Kamal Abdulla: “İndi yalvarırlar ki, təki hücum etməyin, məsələ sülh yolu ilə həll olunsun”

Ermənistanın baş naziri Nikol Paşinyan istefaya gedir. "İrs" partiyasının sədri Armen Martirosyan deyib ki, sabiq prezident Robert Köçəryanın dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı bəyanatı Nikol Paşinyanı arxayın etməyib. Köçəryan hələlik buna hazır olmadığını bildirsə də, vəziyyət pisləşəcəyi təqdirdə fikrindən dönəcəyini də qeyd edib. Bu isə onu təsdiqləyir ki, sabiq prezident hələ də tam qərar qəbul etməyib. Vəziyyət isə iki ay ərzində hər an dəyişə bilər.
Beynəlxalq təşkilatlar da Paşinyanın tələsik seçkilər keçirməsinə narazıdır. Avropa Şurası Parlament Assambleyası Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. Bildirilir ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir.
"Washington Times" qəzeti isə Ermənistandakı anarxiyadan yazıb. ABŞ Dövlət Departamentinin əməkdaşı Adam Erelinin fikirlərinin yer aldığı məqalədə bildirilir ki, Nikol Paşinyan minlərlə tərəfdaşını paytaxtın mərkəzi meydanına toplamaqla bu ilin mayında hakimiyyətə gəldi. Parlament əvvəlcə onun namizədliyini təsdiqləmədi, amma sonradan kütlənin təzyiqi ilə buna məcbur oldu. Hakimiyyəti ələ aldığı gündən özünü xalqın namizədi adlandıran Paşinyan sistematik olaraq Ermənistandakı rəhbərlik institutlarını dağıtmağa başladı. Özünün hakimiyyətinin yüzgünlüyündə çıxış edəndə o, sevinərək yüz minlərlə tərəfdaşına bildirdi ki, Ermənistanda koalisiya hakimiyyəti, parlament çoxluğu yoxdur. Son hakimiyyət birbaşa rəhbərliyi həyata keçirən xalqa məxsusdur. Bu, o deməkdir ki, hakimiyyət bu meydana tabe olacaq və bütün əsas qərarlar məhz bu meydanda verilməlidir. Onu tənqid edənlərə isə "xalqı hirsləndirməyin, yoxsa pis olacaq" deyə hədə-qorxu da gəlib. Ermənistan küçələri Paşinyanın əlində alətə çevrilib. Qısa zamanda baş nazir bütün məhkəmə sistemini çökdürüb. Təəssüf ki, Paşinyan quldur taktikasına üstünlük verir, təhlükəsizlik xidmətindən, məhkəmələrdən siyasi qisas üçün istifadə edir. Paşinyanın etdikləri ağlasığmazdır. Dezinteqrasiya Avropa və Qafqaz üçün ağır nəticələrə gətirib çıxara bilər. Hakimiyyəti küçənin əlinə vermək, eyni zamanda, dövlət institutlarını məhv etmək Ermənistanda ümumi anarxiyanın əsas reseptidir.
Politoloq Ehtiram Aşırlı deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Frans 24” telekanalına müsahibəsində bildirib ki, oktyabrın 16-dək istefa verməyə hazırlaşır: “Əslində, mən ilkin olaraq deyə bilərəm ki, növbədənkənar parlament seçkiləri bir neçə gün xətası ilə 9-10 dekabrda keçiriləcək. Bu səbəbdən də, mən oktyabrın 16-dək istefa verməliyəm”. Belə çıxır ki, Paşinyan bu gün istefa verəcək ki, dekabrda keçirməyi planlaşdırdığı növbədənkənar parlament seçkilərinə hazırlaşsın. Təbii ki, Paşinyanın bu addımı atmağa vadar edən səbəb İrəvan meri seçkilərində namizədinin böyük səs faizi ilə qalib gəlməsi və 2 oktyabr tarixində parlamentdə ona qarşı əks-inqalabın baş verməsi ilə əlaqədardır”. Onun sözlərinə görə, Paşinyan, Levon Ter Petrosyandan sonra xalq tərəfindən ən böyük dəstəyi alan ikinci bir şəxsdir: “Ehtimal ki, bu növbədənkənar parlament seçkilərində də Paşinyanın ən böyük dəstəkçisi xalq olacaq. O, xalqa arxalanaraq parlamentə qarşı getdi və xalqın gücü ilə hələ ki istədiklərinə nail ola bilir. Dekabrda keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərində Paşinyan xalqın dəstəyini arxasına alaraq qələbə qazanması ehtimalı olduqca yüksəkdir. Keçirilməsi planlaşdırılan seçkilərdə Paşinyana ən böyük dəstək Qərbdən gələcək. Xüsusilə, Avropa və ABŞ-da yaşayan erməni lobbilərinin dəstəyi Paşinyandan yana olacağını ifadə edə bilərik. Daxildən isə “Respublikaçılar” partiyası xaric parlamentdə fəaliyyət göstərən “Çiçəklənən Ermənistan” partiyası, “Daşnaksütyun” və "Yelk" bloku tərəfindən dəstəyin gəlməsi ehtimalı mövcuddur. Bu seçkilərdə qalib gələcəyi təqdirdə Paşinyan öz hakimiyyətinin legitimliyini elan edəcək və bununla kifayətlənməyib həmçinin hakimiyyətdə mövqeyinin də güclənməsinə nail olacaq. Qələbə qazandıqdan sonra ehtimal ki, köhnə hökumət nümayəndələrini bir-bir parlamentdən uzaqlaşdıracaq, xüsusilə də Ermənistan “Respublikaçılar” partiyasının üzvlərinin parlamentdəki üstünlüyünü əlindən almağa çalışaraq onları milli məclisdən uzaqlaşdıracaq. Hökumətdə öz kadrlarını yerləşdirərək mövqeyini daha da möhkəmlətmiş olacaq. Digər tərəfdən köhnə hökumət nümayəndələrinə qarşı korrupsiya ilə mübarizə adı altında cinayət işlərini davam etdirərək Robert Köçəryan, Serj Sərkisyan, Mikael Harutyunyan, Yuri Xaçatrurovun həbs edilməsi prosesini daha da genişləndirəcəyini söyləyə bilərik. Bir sözlə, Paşinyanın seçkiləri qazanması onun siyasi əlinin daha da güclənməsi deməkdir”.
Politoloq Məhərrəm Zülfüqarlı bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan əgər istefa verərsə, onun hakimiyyətdə qalması və onun tərəfdarlarının parlament seçkilərində çoxluq qazanması şübhə altındadır: “Çünki qısa müddətdə də olsa o nəsə bir yenilik etməli idi və dəyişiklik olmalı idi. Amma heç bir dəyişiklik olmadı. Sosial problemlər qalmaqda davam edir və xalqın güzəranı gündən-günə pisləşir”.Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalmaq istəsə gərək istefa verməsin və digər sələfləri kimi zor gücünə hakimiyyətdə qalsın: “Amma bütün hallarda onu istefası və dekabrda Ermənistanda keçiriləcək parlament seçkiləri birmənalı qarşılanmır. Artıq Rusiyaya qarşı da bir sıra addımlar atılmaqdadır. Hansı ki, Ermənistanın Rusiyanın forpostu olan ölkədir. Məsələn, Rus dram teatrının bağlanması məsələsi qoyulub ki, bu da birbaşa rəsmi Moskvaya qarşı atılan addımdır. Ona görə də Rusiyanın sakit davranmağına baxmayaraq Paşinyan rejiminin qərblə əlaqələrinin olması, hətta Avropa Birliyinin ona 260 milyon yevro (euro) verəcəyini vəd etməsi və bunların da onların diqtəsi ilə işləməyə məcbur olması və s. onu göstərir ki, Rusiya üçün Paşinyan rejimi arzuolunan deyil. Ona görə də Paşinyanın istefasından sonra Rusiya çalışacaq ki, orada özünəuyğun adamları hakimiyyətə gətirsin. Bütün hallarda düşmən ölkədə baş verən bu cür hadisələr Azərbaycanın xeyrinədir. Rusiya artıq sürüşkən bir dövlətin, xalqın arxasında dayanmağı lazım bilməyə də bilər. Düşünürəm ki, dekabr seçkilərindən sonra kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Ermənistan sürətlə zəifləyəcək. Çünki bu xalq artıq küçələrə öyrəşib”.
Maraqlıdır, belə olan təqdirdə münqişənin həlli ilə bağlı hansı addımlar atıla bilər?
Sabiq dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətlərində çox dəyişiklik var: “10-15 il əvvəl onlar haradasa bizimlə bərabər şəkildə danışıb şərt qoyurdularsa, indi yalvarırlar ki, təki hücum etməyin, məsələ sülh yolu ilə həll olunsun. Amma sülh yolunu onlar özləri bildiyi kimi başa düşürlər və tamamilə qəbuledilməz şərtlər irəli sürürlər. O zaman bizim işğal altındakı ərazilərə səfərimiz xalq diplomatiyası deyilən hərəkatın təzahürü idi. Bu, o deməkdir ki, Azərbaycan, Ermənistan və Rusiya bu cür ünsiyyətə razılıq vermişdi. Torpağın üzərində minalanmış sahə təmizləndi və biz 5 nəfər oradan keçib Xankəndinə, Şuşaya və İrəvana getdik, orada bizə qoşulan 5 erməni ziyalısı ilə Bakıya gəldik.
Bütün bunlar 1 gün ərzində baş verdi. Səhər tezdən təmas xəttinə gəldik, Bərdə tərəfdən getdik. İndi də cəbhə xəttinə gedəndə o günləri xatırlayıram, bizi o vaxt ötürən, yolla keçirən komandir hazırda hərbi hissələrin birində generaldır. İndi düşünürsən ki, hər cür hərəkət ola bilərdi, tərəfləri bir-birinə yaxınlaşdırmaq cəhdini qəbul etməyənlər hər cür əməl törədərdi. İş-işdən keçəndən sonra nə olacaqdı, Allah bilir...
Söhbət ondan gedir ki, Ermənistan qədd-qamətini itirmək istəməsə də, beli çox əyilib, sınıb, bu gün Azərbaycanın hərbi möhtəşəmliyi onları çox qayğılandırır və pəjmürdə edir. Bu, Azərbaycan prezidentinin bu istiqamətdə gecə-gündüz işləməsinin nəticəsidir. Bu, asan yolla əmələ gəlmir, Rusiyadan, İsraildən silah alırıq, Türkiyə ilə gözəl münasibətlər qurmuşuq, hətta Türkiyə-Rusiya əlaqələrinin bu şəkildə yaxşılaşmasında Azərbaycanın böyük rolu var. Bütün bunlar böyük siyasətin balaca hissələridir ki, nəhayətdə mozaik şəkildə bir-birini tamamlayır və ermənilər bunu görüb təlaşa düşürlər.
Azərbaycan-Ermənistan münasibətlərində bu dəyişiklik göz qabağındadır. Ümid edirəm ki, bu dəyişiklik öz nəticəsini verəcək. Vacib deyil biz hücum edək, siyasi-diplomatik yolla özümüzü gücləndirə-gücləndirə onları elə vəziyyətə salacağıq ki, özləri deyəcəklər bu rayonlar sizindir, götürün. Bu istiqamətdə Ermənistan tərəfində hansısa addımların atıldığını hiss edirəm. Bəzən onların saytlarına baxıram və görürəm ki, kimiləri deyir bu torpaqlar bizim deyil axı. Bu yaxınlarda bir erməni jurnalist 1988-ci ildə Quqarkda baş verən hadisələri obyektiv şəkildə yazıb, azərbaycanlıların öldürülməsini, yandırılmasını, qovulmasını qələmə alıb, həmin vaxt orada işləmiş prokuror və digər vəzifəlilərdən intervülər götürüb və məlum olub ki, onlar bu işləri gördüklərini boyunlarına alıblar.
Bunlar çox maraqlı və düşündürücü faktlardır. Elə tendensiyalar gedir ki, bəlkə də erməni cəmiyyətini bu şəkildə hazırlayırlar. Çünki bunun başqa adı və yolu yoxdur. Bütün bunları Azərbaycan prezidenti dəfələrlə deyib, indi onlar da etiraf edirlər”.

Əli

Bu xəbər oxundu
- - -