Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Problem aradan qaldırılmalıdır”

16.10.18, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fazil Mustafa: “Dövlət qurumları öz fəaliyyətlərini düzgün qurmur, insanları Milli Məclisə göndərirlər”

Zahif Oruc: “Şəhid ailəsi bir daha ayağa qalxıb dövlət, torpaq üçün vuruşacaq”

Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasının gündəliyinə 17 məsələ daxil edilib.
Deputatı Fazil Mustafa deyib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub: “Bu, şəhid ailələri tərəfindən yüksək qiymətləndirlir. Lakin elə şəhid ailələri var ki, onları bu hüquqlarından yararlana bilmirlər”.
O bildirib ki, müharibə aparan dövlətdə şəhid ailələrinin hüquqları, haqları qorunmalıdır: “Bəzi şəhid ailələri “Azərsığorta”ya müraciət edir. Lakin onlara deyirlər ki, siz vaxtilə 50 min manat aldığınıza görə, indiki ödənişi ala bilməzsiniz. Vətəndaşlar həmin pulu almadıqlarını söyləsələr də, vətəndaşın üzərinə bunu sübut etmək kimi öhdəlik qoyulur. Belə çıxır ki, onlar almadıqlarını sübut etməlidirlər. Şəhid ailələrinin bu hüququ əlindən alınırsa, bu yanlış yanaşmadır. Dövlət qurumları öz fəaliyyətlərini düzgün qurmur, insanları Milli Məclisə göndərirlər”. Fazil Mustafa deyib ki, söhbət 2 min vətəndaşdan gedir: “Bəzi vətəndaşlar öz hüquqlarını bilmirlər. Lakin bu məsələyə ciddi yanaşmalıyıq. 5 ildən bir arxiv yoxa çıxır və ya yandırılır. Bu sənədlər elektronlaşmalıdır ki, onlar itməsin”.
Deputat söyləyib ki, vaxtilə Daxili İşlər Nazirliyində xidmət göstərib şəhid olanların ailələrinin ölkə başçısının sərəncamı ilə ayrılan yardımdan istifadə etmək hüquqlarının olmadığı deyilir: “Vaxtilə DİN-də çalışıb, şəhid olanlara bütün güzəştlərdən istifadə etmək hüquqi verilib. Lakin onlara deyilir ki, sən gərək polis deyil, hərbiçi olmalıydın ki, bu güzəştdən istifadə edə biləsən. Bu, düzgün deyil. Problemi həll etmək üçün dövlət səviyyəsində qrup yaradılmalıdır. Haqlı tələb irəli sürməyənlər də ola bilər. Bunları araşdırmaq lazımdır. Bu ailələrin problemlərinin həlli istiqamətində addım atılmalıdır. Hər bir şəhid ailəsi ayrı-ayrılıqda qəbul olunaraq, onlara bu yardımın niyə düşmədiyi izah edilməlidir”.
Deputat Aqil Abbas bildirib ki, Qarabağda müharibə başlayanda nə Müdafiə Nazirliyi, nə də hərbi qulluqçular vardı: “Orada döyüşənlər adətən könüllü insanlar idi. Azərbaycanın bütün yerlərindən könüllü insanlar gəlib öz ciblərinin pullarına ordan-burdan silah alaraq torpağı könüllü qorudular və şəhid oldular”. O bildirib ki, həmin vaxt yaxşı döyüşənlər polis işçiləri idi. “Çünki onlar nizam-intizam görmüşdülər, qayda-qanunu, silahdan istifadəni bilirdilər. Azərbaycanın bir çox kəndi həmin zaman döyüşən polis və könüllülərin hesabına işğaldan azad olunub. Çox qəribədir ki, əlində avtomatının nömrəsi, ordudan tərxis olunmasına dair sənədi olan döyüşçülər var, amma onlar veteran sənədini ala bilmirlər. Bu hallar əvvəllər də olub. Bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə də müraciət etmişik. Gedənin arxasınca danışmazlar. Ancaq köhnə müdafiə naziri Səfər Əbiyev heç vecinə də almayıb. Görək indi hazırki müdafiə naziri nə edəcək”. Aqil Abbas qeyd edib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub: “Bu yardım təxminən 6800-ə qədər şəhid ailəsini əhatə edir. Hesab edirəm ki, könüllülərə və polis işçilərinə də müavinətin verilməsi vacibdir. Cənab prezident tərəfindən könüllü döyüşən və polis işçilərinə də belə bir diqqət göstərilsə sevinərik”.
Deputat Siyavuş Novruzov deyib ki, ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir: “Azərbaycana gələn qonaqlar da ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edirlər. Hərçənd ki Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qat-qat çoxdur”. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən cəsarətli addım atılaraq şəhid ailələrinə birdəfəlik müavinətin verilməsinin çox mühüm qərar olduğunu bildirən Siyavuş Novruzov burada maddiyyat məsələsinin şişirdilməsinin əleyhinə olduğunu dilə gətirib. “Biz burada mənəvi tərəfləri əsas götürməliyik. Bu addımın mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir. Bu, millətin, dövlətin şəhididir. 5 manat az oldu, çox oldu kimi məsələləri dilə gətirmək düzgün deyil. Bu məsələyə şəhid ailəsinin maddi təminatı kimi yanaşmamalıyıq”.
Siyavuş Novruzov deyib ki, bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydalar tətbiq edilib. Onun sözlərinə görə, vaxtilə haqqı olan insanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər: “Hökumət də buna əsasən bu haqdan məhrum edilənlərin öz haqqından istifadəsi üçün şərait yaradıb. Azərbaycanda veteranların sayı təxminən 60 mini keçib. Sırf Qarabağla olanları qeyd edirəm. Azərbaycanda polk, diviziya olmayıb. Batalyon olub və bu batalyonlarda da 200 nəfər insan vuruşub”. Siyavuş Novruzov əlavə edib ki, ezam olunanlarla, həqiq hərbi xidmətə çağıranların statusu fərqli olmalıdır.
Deputat Zahid Oruc deyib ki, prezident İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub. O bildirib ki, konkret bu ailələrin sayı 4800 nəfərdir: “Bu qədər şəhid ailəsinə yox cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır. Cənab prezident seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verdi. Bununla göstərdi ki, şəhid və şəhid ailəsi onun üçün, dövlət üçün nə qədər müqəddəsdir. Yəni, onlar məhək daşıdır. Şəhid ailəsi bir daha ayağa qalxıb dövlət, torpaq üçün vuruşacaq. Ona görə sığorta təşkilatı tərəfindən yaradılan bu problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Bunun üçün millət vəkillərindən, sığorta qurumundan və adıçəkilən nazirlikdən ibarət bir komissiya formalaşdırılsın və problem aradan qaldırılsın”.
Milli Məclisin sədri Oqtay Əsədov isə 11 min manatlıq birdəfəlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib. Oqtay Əsədov bildirib ki, Milli Məclis bu məsələ ilə bağlı üzərində düşən vəzifəni yerinə yetirib, iclas keçirilib, müraciət olunub. Spiker bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır: “Tövsiyə edirəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Azərsığorta”nın əməkdaşları parlamentə dəvət etsin, məsələ müzakirə olunsun”.
Deputat Aqil Abbas Milli Məclisin iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki, Azərbaycanda dərsliklərdə çoxlu sayda zərərli informasiyalar var: “Bunlar haqqında qəzetlər yazır, ekspertlər deyir, amma heç bir addım atılmır”. O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: “İkinci sinif şagirdinə “Dağlıq Qarabağın qayıdışına inanırsınızmı” kimi suallar verilir. Uşaq isə “yox” deyib, ata da öz uşağını döyüb. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar”. Deputat 3-cü sinif dərsliyində erotikanın olduğunu da qeyd edib: “Amma buna baxan yoxdur. Bundan başqa, dərsliklərdə ləhcə ilə yazılır. Sonra da deyirlər ki, insanlar niyə rusdilli məktəbə meyllənirlər? Çünki rusdilli məktəblərdə belə hallar yoxdur, orada düz əməlli dərs keçirlər”.
Deputat Sahibə Qafarova bildirib ki, müasir dövrdə informasiyanın, o cümlədən informasiya kommunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsi, onun gündəlik yaşamımıza ciddi təsirləri inkaredilməzdir: “Əlbəttə, bunun bir çox müsbət tərəfləri ilə yanaşı, müəyyən çətinliklər də ortaya çıxardığını müşahidə etməkdəyik”. Onun sözlərinə görə, Azərbaycan qlobal informasiya məkanının subyektlərindən biridir və ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizini təşkil edir: "Belə olduqda əlbətdə bu resursların imkanlarından doğru istifadə olunmalıdır. Çünki informasiya məkanımızın düzgün istiqamətə yönləndirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir. Sirr deyil ki, informasiyadan düzgün istifadə və idarə olunmaması, zərərli informasiyaların dövriyyəyə ötürülməsi cəmiyyətin ən həssas təbəqələri olan uşaqlar üzərində bəzən aradan qaldırılması mümkün olmayan fəsadlara yol açır. Uşaqların təhlükəsizliyinin qorunması, onların bir fərd olaraq təhlükəsizliklərinə zəmanət verilməsi, inkişafı istənilən demokratik cəmiyyətlərdə mühüm vəzifələrdən biridir...”. Onun fikrincə, bu qanun layihəsində bütün anlayışlar, o cümlədən, informasiya məhsulları, informasiya məhsullarının yaş kateqoriyası, yaş təsnifatı, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsulları, informasiya məhsullarının təsnifatlaşdırılması kimi məsələlər açıq şəkildə öz əksini tapıb: “Burada söhbət yalnız kütləvi informasiya vasitələri ilə ötürülən informasiyadan getmir, cəmiyyət həyatının bütün sahələrində, bütün informasiya ötürücülərində təqdim olunan zərərli, hətta təhlükəli informasiyalardan uşaqların qorunması nəzərdə tutulur”.
Sahibə Qafarova deyib ki, sosial şəbəkələrdə uşaqların müəyyən məlumat və informasiyalara əlçatımlığının məhdudlaşdırılması texniki olaraq mümkün olan məsələdir. Bunun qanuni həllini həyata keçirmək olar: "Qanunda informasiya məhsullarının telekommunikasiya şəbəkələri vasitəsilə yayımının xüsusiyyətləri, uşaqlar üçün nəzərdə tutulan və qadağan olunan informasiyala məhsullarının dövriyyəsinə dair hüquqi tələblər də aydın şəkildə göstərilib ki, qanunun qəbulundan sonra icrasına nəzarət məsələlərinin də uğurlu həllinə nail olunacağına inanıram".
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov diqqətə çatdırıb ki, uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb: “Lakin mən qanun layihəsinə dini xurafat anlayışının əlavə edilməsinin təklif edərdim”.
Onun sözlərinə görə, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafatçılığa əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə biruzə verə bilir. Məktəblərdə Həyat bilgisi dərsliyinin keçirilməsinin müsbət hal olduğunu deyən deputat söyləyib ki, sözügüdən dərslikdə İslam dini haqqında düzgün məlumatlar aşılanır: “Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi, dini xurafatçılığıa qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”.

Əli

Bu xəbər oxundu
- - -