Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Etimadın şəhid ayağı ...

16.10.18, 12:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən səhər saatlarında "Qarabağ qaziləri" İctimai Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.
Etimad Əsədovun dostları və yaxınlarının onunla bağlı paylaşdığı xatirələri təqdim edirik.
Aynur Camal: "Bir işıqlı insan öldü. Bir işıq azaldı. Bir igid oğlan öldü. Bir igid azaldı. Məkanın cənnət olsun".
Rauf Arifoğlu: “Etimadın özündən əvvəl ayağının biri şəhid olmuşdu.
Yerinə protez taxırdı.
Onu da bəzən balış, bəzən də silah kimi istifadə edərdi.
"Ayağını" çıxardıb, başının altına qoyub, yatdığı günləri xatırlayıram. Bu barədə o uzaq illərdə yazmışdım.
Sonra günün birində məhkəmə iclasında protezini çıxartdı, hakim Mənsur İbayevə və digər hakimlərə atdı. Tək deyildi, hakimlərə biz də nə gəldi tolazlayırdıq; dəmir qəfəsdə 7 nəfərdik, tərkibimiz baş nazir, deputat, redaktor, partiya sədri, dövlət müşaviri ... titullu insanlardan ibarət idi. Türmədəydik, Allahın yazısını və sınağını bərabər yaşayırdıq. İbayev bizi növbəti dəfə əsəbiləşdirmişdi və əlimizdə nə var, tolazlayırdıq hakimlərin oturduğu kürsüyə. Su butulkası, stəkan, ayaqqabı. Bax, o anda dəmir tellərin arasından ayaq şəkilndə bir protez Mənsur İbayevin düz qarşısına düşdü. Etimadın şəhid ayağını əvəz edən protez elə bir səs elədi ki... İbayev və hakimlər qaçdılar...
Bu olaydan sonra bizə suyu cirə ilə verdilər - butulkalar yığışdırıldı. Bizim dəmir qəfəslə hakimlərin arasına da mühafizə qoydular. Onların gözü Etimadın silahında idi - birdən çıxardar, atar ayağını, İbayevi yaralayar, höküm çıxardammaz...
O isə bizim sevimli Qazimizdi.
Dəli-dolu, haqsızlığa dözümsüz, Mənsur İbayevə daha dözümsüz...
İbayev sağdır, hər halda, amma Etimad bugünkü durumu ilə ondan daha diridi.
...Bayıl həbsxanasında 13 ay bərabər olduq. Bütün müddəti təkadamlıq kamerasında qaldı. "Kimsəyə yük olamam, mənə belə rahatdı", deyirdi...
6 aylıq bir məhkəmə dönəmi vardı. Yuxarıda yazdığım olay həmin zamanlarda baş verdi. İş bitdiyi üçün həbsxanadakı rejim nisbətən yumşalmışdı. Şənbə-bazar, məhkəmə olmayan günlər və məhkəmədən sonrakı 20 gündə yeməyimizi bərabər yeyərdik. Sabahları yeməyi bərabər hazırlardıq. "Qlazok"u Etimad hamıdan yaxşı bişirərdi. Sonra da gəzinti üçün nəzərdə tutulan yerdə bərabər günümüzü keçirdərdik. Bax, o zamanlarda Etimad protezini çıxardıb, qoyardı başının altına və eləcə də yatardı.
Yastığı öz ayağı idi...
Şəhid ayağının ardınca getdi. Etimadın tamı, bütün cismi vətən uğrunda şəhid oldu...
Orada ona demişdim, "a bəxtəvər, nə zaman ölsən, şəhidsən..."
Şəhidlər ölməz ki...”

Həbibə Abdulla: "Cənnəti bu dünyada qazanan Vətən oğullarından idi!
Ağlıma belə gəlməzdi ki, Etimad Əsədov belə vaxtsız ölər. Vaxtsız ölən qazilərimiz özlərindən əvvəl şəhid olan bədən hissələrinin yanına tələsirlər yəqin.
Rey Kərimoğlu ilə 1 aprel zarafatı projemiz vardı, ölkənin tanınmışlarını aldatmışdım ki, Rey döyülüb, "Nizami" mətbuat klubunda mətbuat konfransı keçiriləcək, ora gəlin. Gələn də olmuşdu, xəbərçilərin sayəsində bunun bir zarafat olduğunu bilən də. Reyin təklifi ilə Etimad Əsədova əvvəlcədən xəbərdarlıq etmişdik ki, belə xəbər eşitsən, narahat olma, zarafatdır. Sonralar məni görəndə and içirdi ki, xəbəri eşitsəydim dəli-dövran olardım".
Arzu Abdulla: "Təkcə özünü deyil, bütün Şəhid ailələrini, bütün Qarabağ qazilərinin güzəranını düşünürdü Etimad. Hər dəfə də deyirdi ki, heç nə istəmirəm, müharibə başlasın gedim müharibəyə".
Dünya Sakit: "Döyüş vaxtı minaya düşüb ayağını itirən qardaşım xəstəxanada əməliyyata hazırlaşanda 2 salofan dərman-dava, bint-filan alıb hospitala gəlmişdi. Xarakterinə xas əsəbiliklə həkimə baxıb "ay qardaş, nolar ki, bir əlildən də pul almasanız, dünyamı dağılar" deyib qardaşımın əməliyyatının pulsuz edilməsinə səbəb olmuşdu".

Bu xəbər oxundu
- - -