Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şah İsmayıl” dastanında qəhrəmanın sufi obrazı

17.10.18, 11:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Azərbaycan məhəbbət dastanlarında öyrənilməli mühüm problemlərdən biri sufi dünyagörüşünün ehtiva etdiyi məzmunu aydınlaşdırmaqdır. Məlum olduğu kimi, dastan bir forma olaraq özündə etnos mədəniyyətinin, sosial universiumun bütün laylarını müxtəlif səviyyələrdə gələcəyə çatdırmaq funksiyasını yerinə yetirir. Sufi dünyagörüşünün bir lay olaraq folklor yaddaşında qorunuşu və gələcəyə ötürülməsi spesifik çalarlarla, ayrı-ayrı janrların məzmununda müxtəlif motivləşmələrlə ötürülür. Məhəbbət dastanları bu müstəvidə dəah çox imkanlılıqla maraq doğurur. Məsələn, məhəbbət dastanlarının quruluşunda sufi-təsəvvüf simvolikası tipikdir. “Şah İsmayıl” dastanı da bir qəhrəmanlıq-məhəbbət dastanı kimi öz strukturunda sufi dünyagörüşdən çox bəhrələnib. Sufizmdə özünü göstərən simvollar (eşq, buta, yol, sınaq, dil, üpək, dost, qəlb, könül, yoladüşmə, məkan, zaman anlayışları və s.) dastanın mahiyyətində işarələnən məzmunu xarakterizə edir.
“Şah İsmayıl” dastanında özünə yer alan bu sufi simvollar qaynağını orta çağların təsəvvürlər sistemindən alır. Bir növ qəhrəmanın dünyagörüşünə, ənəlhəq təsəvvürünə hesablanır. Məhəbbət dastanlarında aşiq-məşuqun ilahi məhəbbəti 4 pillədən keçir. Bu mərhələlərdən birincisi şəriət mərhələsidir ki, hər bir aşiq islamın bu qanunlarını dəqiq bilməli və ona əməl etməlidir. İkinci mərhələ təriqət, yəni yolla bağlıdır. Burada da aşiq öz nəfsini qorumlı, onu dünyəvi həzzə qurban verməməlidir. Üçüncü mərhələ olan mərifətdə aşiq tam şəkildə həqiqi idraka sahib olur, yəni kamala çatır. Dördüncü mərhələ isə həqiqəti dərk etmək mənasında ilahi sevgiyə qovuşmanı əks etdirir.
Sufizmin mərhələləri ilə bağlı elmi ədəbiyyatda çox deyilib. Əsas olan sufi dünyagörüşün mərhələlərinin dastanlarda bədii təcəssümüdür. Sufiz-min əsas göstəricisi qəhrəmanın sınaqlardan keçirilməsidir. Bu barədə “Şah İsmayıl” dastanında bədii təxəyyülün köməyi ilə bir neçə sınaq aktları həyata keçirilmişdir. Buna səbəb qəhrəman aşiqin həqiqi məhəbbət yolunda dözümlülüyünü, məqsədə çatmaq uğrunda mübarizə apara bilmək əzmini ortaya qoymasıdır.
Adətən, məhəbbət dastanlarında aşiqlərin sufi semantikası onların haqq aşığı olması ilə açılır. Məhəbbət dastanlarında haqq aşığı olmaq üçün onlar buta prosesindən keçməlidirlər. Məhz belə bir prosesi keçəndən sonra onlar haqq aşığı statusunu qazanırlar. “Şah İsmayıl” dastanında qəhrəmanın sufi obrazı geniş mahiyyətlidir. Nəslin, Şah İsmayılın ata-babasının təkkə ocağı ilə bağlılığından qaynaqlanır. Burada ictimai, mədəni mühitin sufi yönümlülüyü də bir tərəfdir. Dastan bunları bazis hadisəsi kimi aparıcılıqla, üst qatda olan kimi təqdim etmir. İlk baxışda da bu barədə heç bir işarə belə görünmür. Əslində isə alt qatda ciddi bir məzmun özünə yer alır. Və dastan mətninin ehtiva etdiyi məzmunda Şah İsmayıl sufi dünyagörüşü ilə kamil bir qəhrəman təsiri bağışlayır.
“Şah İsmayıl” dastanında sufi terminlərinə rast gəlinir. Məsələn, miskin, eşq, seyraqub, xuda, nişan, can, ilqar, cənnəti-rizvan, dərd, yar, qərib, mehman, divanə, qonaq, gül, dil, fərman, yol, gülşən, qan, Pəri, Gülzar, kam almaq, zülf, gərdən, könül, gözəl, dilbər, Məcnun, huri, bağ, şivə, naz və s. kimi sözlər sufi anlamında dastanda işlənib. Bu sözlər Şah İsmayılın, Gülzarın, Rəmdar Pərinin, Ərəb Zənginin dilindən söylənilir.
“Şah İsmayıl” dastanı strukturuna görə də sufi düşüncəsindən gələn element və formullarla zəngindir. Sufi düşüncəsində qəhrəmanın sınaqlardan keçərək mətləbinə çatması var. Bu məhəbbətə qovuşma ilahiyə qovuşma kimi də xarakterizə olunur. Məhəbbət dastanlarında sufiyanə təsəvvürlər bütün komponentləri ilə yer gözəlində təsvir olunur. Sufi məhəbbəti dialektikasında ilahiyə qovuşmaq yer mənşəli gözələ qovuşmaq timsalında həyata keçirilir. İkinci bir qisim məhəbbət dastanlarında isə yer qızı ilə son anda birləşə bilməməklə Allaha qovuşmaq, yəni qəhrəmanların – aşiq-məşuqun ölümü onların Allaha olan məhəbbətinə qovuşması kimi xarakterizə olunur.
“Şah İsmayı” dastanı da birinci qisim dastanlardandır. Dastanın sonunda Şah İsmayılın bir çox əzab-əziyyətlərdən sonra Gülzara qovuşması qəhrəmanın ilahi məhəbbətinə qovuşmaq kimi mənalandırıla bilər.
Sufizmin əsas atributlarına “Şah İsmayıl” dastanında da rast gəlinir. Sufizmdə 4 əsas mərhələ vardır. Bunlardan birincisi şəriət, ikincisi təriqət, üçüncüsü mərifət, dördüncüsü həqiqətdir. Bu mərhələlərin hamısı sufi dünyagörüşün əsasını təşkil edir. Bu mərhələlərin hər birinə bu və ya digər dərəcədə “Şah İsmayıl” dastanında münasibət vardır. “Şah İsmayıl” dastanı ən qədim arxaik mətn əsasında formalaşdığından şəriətmərhələsinə aid dastanda heçnə deyilmir. Dastan əsasən, ikinci mərhələdən başlanılır. Təriqət – yolçu, yola düşən, haqqın, həqiqətin ardınca gedən insana deyirlər. “Təsəvvüfdə Haqq yolunun yolçusu olan sufi və aşiqə salik, səyyar və yə müsafir deyilir… Salik üçün irşad yolu heç də asan və hamar deyil. İlk başlanğıcdan son məqsədə, yəni Haqqa qovuşmaq, Haqq ilə Haqq olmaq məqamına qədər salik və səyyar ciddi zahiri və batini yollar keçməli, mənzil və mərhələlər qət etməlidir”. Şah İsmayıl da dastanda öz ilahi məhəbbətinin ardınca gedən yolçu (salik, səyyar, müsafir) kimi təsvir olunur.
Şah İsmayılın ceyran cildində olan Gülzarla ilk tanışlığı, Gülzarı sevməsi onu eşq yolunun yolçusu edir. Onun Gülzarı görərkən özündən getməsi də sufi eşqinin simvoludur. Əgər məhəbbət dastanlarında dastanın məzmunu “sufi eşqini” özündə ehtiva edirsə, “Şah İsmayıl” dastanında Şah İsmayılın eşqi, məhəbbəti bütünlükdə bununla kodlaşır.
Sufinin ilahi eşqi yolunda yolçuluğa çıxmasını dastanda Şah İsmayılın öz məhəbbəti yolunda, onu axtarmaq üçün yola düşməsində, səfərə çıxmasında görürük. Ayrılıq, hicranda sufi isimvollarıdır. Şah İsmayılın səfərə yola düşməsinə səbəb Gülzardan ayrılmasıdır, onun hicranıdır. Onun yolçuluğu uzun çəkəcək. Bunu atası Ədil şah da bilir. Odur ki, oğluna Gülzara bənzər qız almaq istəyir ki, Şah İsmayıl bu yoldan dönsün. Əslində qəhrəman Allaha doğru simvolik bir yol gedir. O, dörd mərhələdən keçərək öz ilahisinə qovuşmalıdır. Ona görə də dastanda rast gəldiyimiz belə maneələr Şah İsmayılın həqiqi eşqində kamil olmasını yoxlamaq üçündür. Hər bir mərhələdən keçməklə isə Şah İsmayıl kamil bir insana çevrilir. Dastanda da bu mərhələlər Rəmdar Pərinin qardaşlarına kömək etməsi, Ərəb Zəngi ilə mübarizəsi, atasının onun gözlərini çıxarması, bu işgəncələrə dözməsi onun sınanması kimi (ilahi məhəbbət yolunda) diqqət cəlbedir.
Birinci maneə – Şah İsmayılın yola düşməsinin qarşısını almağa yönəlmişdir. Həmin maneədən sonra Şah İsmayıl yola düşmə aktını reallaşdırır. Haqqı tapmağa yönələn bu yolçuluqda əsas məqsəd Gülzarın üzündə təcəlla edən ilahi məhəbbətə qovuşmaqdır.
İkinci maneə – Rəmdar Pəriyə evlənəndən sonra yaranır. Odur ki, Şah İsmayıl Rəmdar Pərinin qardaşlarına Gülzarı tapıb gətirəndən sonra onların bacılarına evlənəcəyini deyir.
Üçüncü maneə – Ərəb Zəngidir. Sufiliyin üçüncü mərhələsində sufini nağıla, mərifət elminə yiyələnməsinin izlərini görürük. Dastanda da Şah İsmayıl özündən qat-qat güclü olan rəqibinə qalib gəlmək üçün yollar arayır. Onun qız olduğunu bilir, bundan sonra ağıl işlədərək ona qalib gəlir.
Dördüncü maneə – yenə Ədil şahdır. Şah İsmayıl yenə bu maneədən keçir və öz haqqına qovuşur, Gülzara sahib olur.
Göründüyü kimi, sufiliyin dörd mərhələsinə uyğun olaraq dastanda qəhrəman da dörd maneədən keçir. Şah İsmayılın dastanda getdiyi yolla onun öz sevgilisinə qovuşması və bu yolların nəyi isə izah etməsi formal xarakter daşıyır. Əsas olan odur ki, “Şah İsmayıl” dastanındakı hadisələr özünün arxetipinə uyğun gəlsin. Bu mənada “Şah İsmayıl” dastanı ilə “Gözəl şahzadə haqqında nağıl”ı müqayisə etsək, nağılın dastanın əsasında durduğunu görə bilərik. Nağılın yarandığı dövr çox qədim olduğundan, əlbəttə, oradakı bəzi simvolların (yol, yar, ayrılıq, görüş və s.) mənası dastandakı eyni məzmunlu simvolların semantikasına uyğun gəlir. Sufizmdə xalq içində yaranıb inkişaf etdiyindən onun sonradan xalq hekayətlərinə təsiri mütləqdir. Bu mənada dastanın semantikasındakı sufi görüşlərdə xalq ideologiyasından bəhrələnir. Məsələn, dastandakı sınaqlar buna nümunədir. Bu sınaqlara qəhrəman çox cəsarətlə dözə bilir, eləcədə xalq nağılında qəhrəmanın sınaqdan keçirilməsi bu ideyaya xidmət edir. Əlbəttə, nağıldakı sınaqdan çıxma, yəni öz qəhrəmanlığını sübutetmə sufi koduna uyğunlaşdırılıb. Söhbət burada sistem oxşarlığından gedir. Yəni sufizmdəki mərhələlərə nağıllarda sistem şəklində rast gəlirik. Məhəbbət dastanlarındakı sınaqdan çıxma rudiment olaraq xalq nağılından qopub gəlib. Xalq nağıllarında və dastanlarda sufi semantikasının son vacib atributu kimi toy mərasimi keçirilir. Toy qovuşma vasitəsidir. Məhz toy vasitəsilə kosmik harmoniya bərpa olunur, ayrı düşən qəhrəmanlar birləşirlər.
Dastanda Şah İsmayıl haqq aşığı statusunda deyil. Haqq aşığı sufi semantikasında çox vacib bir elementdir. Şah İsmayılın bu funksiyanı yerinə yetirməsi dolayısı ilə reallaşır. O, xalq düşüncəsində sufi şeyxlərinin nəslindən olduğu üçün avtomatik olaraq bu funksiyanı yerinə yetirməkdədir.
Sufi dünyagörüşündə yarın bir-birinə məhəbbəti bərabər olmalıdır. Əgər tənasüb pozularsa, buna ilahiyə qovuşma demək olmaz. Sadəcə olaraq aşiqin sınanması məhəbbət yolunda nə qədər dözəcəyini öyrənmək üçündür. Sufizmdə zərrələrin vəhdətə qovuşması ancaq ayrılıqdan sonra baş verə biləcəyi düşünülür. Ona görə də sufi görüşlərini yaxşı bilən dastançı aşıq onları birləşdirmək üçün əvvəl ayırmağı düşünüb. Gülzar deyir:

Gülüzaram, oldum dəli,
İlqar edən verər əli.
Özgələrə deməm bəli,
Sən get, oğlan, mən səninəm.

Sufi semantikasında ov, səfər, şikar, körpü, ruh, bədən, kam almaq, könül və başqa sözlər məcazi mənada dastanda istifadə olunur. Məsələn, ruh və bədən bir-birindən asılı olan sözlərdir. Ruhun psixoloji mənada yox, mənəvi mənada işləndiyini görürük.

Şah İsmayıl, günlər keçdi vətəndən,
Ağıl başdan getdi, ruh da bədəndən.
Yusif kimi ayrı düşdüm Kənandan,
Misirdə alışmış hayanım indi.

- misralarında ruhun bədəndən ayrı düşməsini, vətən, alışıb-yanmaq, nişan, ayrı düşmək, ayrılıq simvol kimi məcazi mənada işlənib. Bu sözlərin hər birinin alt mənaları vardır. Bu sözlər sufi düşüncəsində simvollara çevrilir.

Kəmalə İsmayılova
araşdırmaçı

Bu xəbər oxundu
- - -