Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Professor Qara Mustafayevi anarkən…

17.10.18, 11:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

50 ilə yaxın idi ki, təbiəti yorulmadan öyrənir və öyrədirdi Qara müəllim


Bu yazını və şeiri təxminən iki il öncə, elmi işlərimə qayğıkeşliklə rəhbərlik edən, sayğılı müəllimim, həmkarım-könül dostum, böyük təbiətşünas alim, elm fədaisi, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvi, “ŞÖHRƏT” ordenli Qara Mustafayevin 85 illik yubileyi ərəfəsində yazmışdım. Münasibətlərdən və rəylərdən də görünürdü ki, Qara müəlim gerçəkdən bir milli simadır, şəxsiyyətdir, ziyalıdır, təbiət sevdalı vətəndaşdır, böyük alimdir.
50 ilə yaxın idi ki, təbiəti yorulmadan öyrənir və öyrədirdi Qara müəllim. Yaddaşımızda, tələbələrinin və ardıcıllarının ömründə isə uşaqdan-böyüyə hər kəsə canı və ruhu qədər sevdiyi Azərbaycan təbiətini yorulmadan təbliğ edən, tanıtdıran, sevdirən bir işıqlı və zəngin bilim insanı-öyrətmən kimi qaldı, artıq özü həyatda omasa da belə...
Mən Qara müəllimi insanlıq, dostluq, vətənpərvərlik, yurdçuluq, doğruçuluq, zəhmətsevərlik, etibarlılıq, təmənnasızlıq, ailəyə, iş yerinə bağlılıq, qayğıkeşlilik, xeyirxahlıq və... bu keyfiyyətləri sözü kimi əməllərində də uca tutmaq, ömründə və ruhunda daşımaq-yaşatmaq baxımından etalon kimi qəbul etmişəm və düşünürəm ki, belə də vardı.
Nə yaxşı ki, iqbalımda az-çox onunla birgə fəaliyyət, xoş münasibətlərin yadda qalan izləri oldu. Şübhəsiz, zaman-zaman sevimli müəllimim və elmi rəhbərimlə bağlı xatirələri qələmə alacağam.
Hələliksə, yuxarıda qeyd etdiyim şeiri diqqətinzə çatdırıram, fəqət bu dəfə özü yox ikən. Rahat uyuyun, əziz müəllimim! Böyüklüyünüz, elmliyiniz və insanlığınız qarşısında baş əyirəm!

Çox az tapılar yəqin,
Onun təki düz olsun.
Bu saflıqla, biliklə,
Gecəsi gündüz olsun.

Onun təki varmı heç
Ömrü elmə yaraşıq.
Yazdığı, yaratdığı
Hər kəlməsi nur, işıq.


Hər cücünün, hər quşun
Məhəbbəti canında.
Onunçün də xətri var,
Yaradanın yanında.

Təmənnasız, qayğıkeş
Halal insandır - təmiz.
Təbiətin dostudur,
Xalqına doğma, əziz.

Çöhrəsindən nur yağır,
Gözlərindən təbəssüm.
Qəlbinin böyüklüyü
Yerdən- göyəcən bəsim!
(2016)

Yusif DİRİLİ

Bu xəbər oxundu
- - -