Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Naxçıvanlı gənclər hərbi xidmətə yola salınıb

17.10.18, 13:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Məhz bunun nəticəsidir ki, bu gün Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın təhlükəsizliyinin qarantına çevrilib. Bu fikirlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilən gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimində səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov, təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək, əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Əzizağa Məmmədov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb. Çağırışçılar adından çıxış edən Elvin Şirinov Vətənə şərəflə xidmət edəcəklərinə, Azərbaycan əsgəri adını ləyaqətlə qoruyacaqlarına söz verib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov bildirib ki, bu gün Azərbaycanın, eyni zamanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordumuz var. Ölkəmizin hərbi qüdrətinin yüksəlməsi Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı istənilən anda azad etməsinə imkan verir. Eyni zamanda, hərbi hissələrdəki müasir şərait, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət çağırışçı gənclərdə də böyük ruh yüksəkliyi yaradır.
Xidmət rəisi hərbi xidmətə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər. Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Bu xəbər oxundu
- - -