Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dövlət müstəqilliyi günümüzü Şuşada, Kəlbəcərdə, Laçında qeyd etməyə ümid edirik”

18.10.18, 11:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 27 il ötür.
Millət vəkili, tarixçi-alim Musa Qasımlı deyib ki, dövlət müstəqilliyinin bərpası Azərbaycan tarixinin mühüm səhifələrindən biridir. Deputatın sözlərinə görə, indiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa edilib: "Ötən 27 ildə keçilən yol bir çox ölkələrin onilliklər ərzində keçdiyi yola bərabərdir. Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bugünkü Azərbaycan rəqabətə davamlı və müasir bir dövlətdir. Güclü ordumuz vardır. Azərbaycan dövləti keçmiş sovet məkanında müstəqil inkişaf etməyin nümunəsini verib”.
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib ki, Dövlət Müstəqilliyi Günü hər bir ölkə, xalq üçün ən önəmli günlərdən biridir: “İlk növbədə, dövlət müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımıza Tanrıdan rəhmət, yaşayan vətənpərvərlərimizə möhkəm can sağlığı diləyirəm”.
Onun sözlərinə görə, dövlət bir siyasi quruluş olaraq, bəlli sərhədlər içində yaşayan xalqın özünəməxsus sistemlə təşkilini, idarəçiliyini müəyyənləşdirir; dövlətin müstəqilliyi daha çox toplumun mənəvi-mədəni, iqtisadi-siyasi iqlimi, eləcə də, onun dünya birliyində tutduğu yer və rolla səciyyələnir: “Bizim müstəqil Respublika 2 mart 1992-ci il tarixindən BMT-nin üzvüdür. - Əsas vəzifəsi xalqlararası, ölkələrarası barışı, təhlükəsizliyi qorumaq, möhkəmlətmək, dövlətlərarası işbirliyini inkişaf etdirmək olan BMT-nin 193 üzvü var və göründüyü kimi, heç də hər xalq öz dövlətinə malik deyil və hər özünü dövlət elan edən qurum dünya birliyi tərəfindən tanınmır və o, BMT üzvü ola bilmir. Azərbaycan Respublikası eyni zamanda bir sıra başqa xalqlararası qurumların, hərəkatların da üzvüdür və özünəməxsus geopolitik mövqeyi, tarixi-mədəni irsi, sülhpərvər siyasəti ilə dünya birliyinə töhfələr verir. Ölkəmiz sivilizasiyalararası mədəniyyətlərarası dialoqun institutlaşdırılmasında önəmli rola, öncüllüyə sahibdir.
Bax, bütün bunlar, dövlət müstəqilliyinin özümüzə, dünya birliyinə bəxş etdiyi yenilikləri, töhfələri ifadə etməkdədir. Dövlət müstəqilliyinin elan olunmasından bəri ötən illər bir daha göstərdi ki, xalqımız müstəqil yaşamağa qadirdir, öz tarixi ənənələrini dirçəltməyi, dövlətlər qurmuş babaların irsini yaşatmağı bacarır və Azərbaycanın dövlət müstəqilliyi bölgədə, Avrasiyada, bütövlükdə dünyada barışa, birgəyaşayışa, insanlıq adına inkişaf və tərəqqiyə xidmət edir.
Dövlət müstəqilliyi uğrunda mübarizə illərindən başlayaraq ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur qalmağımız başqa bir söhbətin mövzusu ola bilər; qısa şəkildə qeyd edək ki, müstəqillik bizə milli ordumuzu yaratmağı, dədələrin hərb sənəti ənənələrini inkişaf etdirməyi, yeni silahlar yaratmağı, gənclərimizin hərb elminə yiyələnməsi üçün geniş imkanlara sahib olmağı da bəxş etdi. Biz dövlətimizin BMT tərəfindən tanınmış sərhədləri daxilində öz suveren hüquqlarını tam bərpa edəcəyinə inanır, gələn dövlət müstəqilliyi günümüzü Şuşada, Kəlbəcərdə, Laçında qeyd etməyə ümid edirik”.

Bu xəbər oxundu
- - -