Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Argentinada TÜRKSOY-un 25 illik yubileyi münasibətilə konsert keçirilib

18.10.18, 11:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Argentinanın paytaxtı Buenos-Ayresdə ən nüfuzlu və prestijli tədbir məkanlarından olan Kirçner Mədəniyyət Mərkəzində TÜRKSOY-un dəstəyi, Azərbaycan, Qazaxıstan və Türkiyə səfirliklərinin təşkilatçılığı ilə TÜRKSOY-un 25 illik yubileyi münasibətilə “Səslər və nəğmələr: Türk mədəni irsi Argentinada” adlı konsert proqramı və foto-sərgi keçirilib.
Tədbirdə Argentinada akkreditə olunmuş diplomatik korpusun, Argentina Milli Konqresinin nümayəndələri, Argentinanın Xarici İşlər və Etiqad Nazirliyinin rəsmi şəxsləri və yerli auditoriya iştirak edib.
Tədbirin rəsmi hissəsində çıxış edən Media və İctimai Məsələlər üzrə Argentina Federal Sisteminin direktoru Qustavo Mozzi mədəniyyətin xalqlararası təmasların gücləndirilməsində önəmli rolundan bəhs edib, zəngin türk mədəni irsinin Argentinada təqdim olunmasının əlamətdar hadisə olduğunu qeyd edib.
Daha sonra çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov 2018-ci ilin TÜRKSOY-un 25 illik yubileyi ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə də əlamətdar olduğunu bildirib. Diplomat Azərbaycanın türk dünyasının bir üzvü kimi türk xalqlarının ortaq mədəniyyətinin təşviqində yaxından iştirak etdiyini deyib.
TÜRKSOY-un təmsilçisi Elçin Qafarlı çıxışında təşkilatın tarixi və fəaliyyət istiqamətləri barəsində məlumat verib. Türk xalqlarının zəngin ortaq keçmişi, tarixi və mədəniyyətinin tərənnümü olan konsert və fotosərginin Argentina ictimaiyyəti arasında müsbət təəssüratlar oyadacağına ümidvar olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Azərbaycan, Qazaxıstan və Türkiyə sənətçilərinin ifasında musiqi nümunələri tamaşaçılara təqdim olunub. Azərbaycan musiqiçilərinin ifasında “Mənim Azərbaycanım”, “Küçələrə su səpmişəm”, “Sarı gəlin”, “Sən gəlməz oldun” mahnıları və “Şahnaz” muğamı səsləndirilib. Həmçinin konsertdə məşhur argentinalı bəstəkar Astor Piazzollanın “Adios Nonino” əsəri tarda ifa ilə tamaşaçılara təqdim edilib. Konsert sənətçilərin birgə ifa etdiyi “Qardaşlıq türküsü” ilə yekunlaşıb.

Bu xəbər oxundu
- - -