Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ölkəmiz Türkiyəyə ən çox investisiya yatıran 5 ölkədən biridir”

19.10.18, 10:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Star" Neft Emalı Zavodu Azərbaycanın kənarda, eləcə də Türkiyədə ən böyük sərmayə qoyuluşlarından, investisiya layihələrindən biri kimi qiymətləndirilir ". Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, "Star" zavoduna qoyulan sərmayə bir tərəfdən SOCAR-ın, eləcə də Azərbaycanın xaricdən əldə etdiyi gəlirlərə təsir göstərər bilər.
Ekspert söyləyib ki, lirənin məzənnəsinin aşağı düşməsi fonunda da "Star"ın fəaliyyətini qiymətləndirən deyə bilərik ki, zavod daha çox xarici valyuta ilə həm idxal, həm xarici valyutaya konvertasiya olunmuş satış həyata keçirmək niyyətindir: "Onun fəaliyyətə başlaması bir tərəfdən Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərini artıra bilər, digər tərəfdən isə idxalın xarici valyuta, satışın xarici valyutaya uyğun olaraq milli valyuta ilə həyata keçirildiyini nəzərə alsaq, o zaman əldə olunan gəlirin valyuta bazarı vasitəsilə SOCAR tərəfindən istifadə edilməsi və daha çox gəlir edilməsi çox vacibdir".
V. Bayramov qeyd edib ki, "Star"ın istifadəyə verilməsi ilə yanaşı, növbəti mərhələdə əldə edilən gəlirlərdə valyuta risklərini sığortalamağın mümkünlüyü vacib məsələdir: "Eyni zamanda praktiki olaraq, əldə edilən sərmayənin digər istiqamətlərə yönəldilməsi yolu ilə daha çox gəlirin əldə edilməsinə nail oluna bilinsin".
Layihənin Azərbaycan-Türkiyə arasında əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyən ekspert vurğulayıb ki, ölkəmiz Türkiyəyə ən çox investisiya edən 5 ölkədən biridir: "Əgər əvvəllər Türkiyə Azərbaycan üçün aparıcı investorlardan biri idisə, bu gün Azərbaycan Türkiyə üçün aparıcı investorlardan hesab olunur. Bu baxımdan layihə həm Türkiyə iqtisadiyyatına investisiya baxımından həm də iki ölkə arasında olan strateji əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Nəticə etibarı ilə tərəflərin strateji olaraq daha faydalı şəkildə əməkdaşlığın genişləndirilməsi üçün iqtisadi zəmin formalaşıb".
Qeyd edək ki, Bu gün Türkiyənin İzmir şəhərində "Star" Neft Emalı Zavodunun açılış mərasimi keçiriləcək. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Məlumat üçün nəzərinizə çatdıraq ki, "Star" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star" Neft Emalı Zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light" markalı neft çatdırılıb. SOCAR-ın ötən ay "Rosneft"lə imzaladığı razılaşmaya görə isə, bu ilin dekabr ayından etibarən bir il ərzində "Star" zavodu Rusiyanın 1 milyon ton xam nefti ilə təchiz olunacaq.

Bu xəbər oxundu
- - -