Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qaxda 357 hektar sahədə meyvə bağları salınıb

19.10.18, 12:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2018-ci ilin doqquz ayında Qax rayonunda iqtisadiyyatın dinamik inkişafına nail olunub. Belə ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 faiz artaraq 121 milyon 689 min manat olub. Doqquz ayda rayonda 6 milyon 673 min manatlıq sənaye, 44 milyon 375 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artıb. Bu müddət ərzində rayonda tikinti-quraşdırma işlərinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 39 milyon 666 min manat olub. Doqquz ayda rayonda 508-i daimi olmaqla 529 yeni iş yeri açılıb. Bu barədə 2018-ci ilin doqquz ayının yekunları ilə bağlı oktyabrın 19-da Qax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə bildirilib.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, hesabat dövründə rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Rayonda tütün əkini sahələri ötən illə müqayisədə 17,5 hektar artırılaraq 623,5 hektara çatdırılıb. Fermerlər indiyədək sahələrdən 4193 ton yaşıl tütün kütləsi tədarük edərək emal məntəqəsinə təhvil veriblər. Cari ildə rayonda 25,3 ton yüksək keyfiyyətli yaş barama istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 12,8 ton və ya 2 dəfəyə yaxın artıb. Barama istehsalına görə kümçülərə 215 min manatdan çox vəsait ödənilib. Müddət ərzində rayonun ayrı-ayrı ərazilərində 234 hektar sahədə yeni fındıq bağları salınıb.
Diqqətə çatdırılıb ki, ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırığa uyğun olaraq rayonda yeni yaradılan Aqroparkda hesabat dövründə infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilib. Cari ildə Aqroparkın ərazisində 357 hektar sahədə müxtəlif növ meyvə bağları salınıb. Bağların suvarılması üçün damcılı suvarma sisteminin quraşdırılması işləri başa çatdırılıb. Aqroparkda cari ilin məhsulu üçün əkin aparılmış 1203 hektar buğda sahəsindən 3 min 839,5 ton, 115 hektar arpa sahəsindən isə 425,7 ton məhsul tədarük olunub. Hazırda soya və dən üçün qarğıdalı sahələrində məhsul yığımı davam edir. Eyni zamanda, Aqroparkın ərazisində 2019-cu ilin məhsulu üçün 1500 hektar sahədə şum aparılıb və artıq buğda səpininə başlanılıb.
Məruzədə, həmçinin cari ilin doqquz ayında rayonda həyata keçirilən tikinti-təmir işləri barədə də geniş məlumat verilib. Bildirilib ki, hesabat dövründə İlisu kəndində üçulduzlu və 65 yerlik otellərin tikintisi başa çatdırılıb, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi, Qax şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilib. Tasmalı kəndində tam orta məktəb üçün yeni binanın tikintisinə, Fıstıqlı və Aşağı Malax kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanılıb.
Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası və əlavə istehsal sahələrinin yaradılması istiqamətində işlər də əsasən yekunlaşıb və hazırda stansiyada son tamamlama işləri görülür. Hesabat məruzəsində, həmçinin cari ilin doqquz ayında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

Bu xəbər oxundu
- - -