Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney Azərbaycan poeziyasının şah damarı - poema

01.11.18, 11:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

XX əsr Güney Azərbaycan ədəbiyyatı ideya-məzmun, janr, sənətkarlıq və üslub baxımından bədii fikir tariximizin ayrıca bir mərhələsidir. Bu mərhələdə, xüsusilə də XX əsrin 20-ci illərindən başlayaraq Güney Azərbaycanda yaranan anadilli ədəbiyyat bəzi istisnalar olmaqla, siyasi basqı və təzyiqlər altında inkişaf edib. İranda əsas ideyası milli ayrı-seçkilik və şovinizm olan Pəhləvi rejiminin hakimiyyəti altında yaşamaq məcburiyyətində qalan Güney Azərbaycan türkləri isə həmin mərhələdə bütün milli hüquq və haqlarından məhrum olundular. Onlara Azərbaycan dilində məktəb açmaq, mətbuat orqanları və mədəniyyət ocaqları yaratmaq bir yana, hətta ictimai yerlərdə doğma dillərində danışmaq, doğulan körpələrə türk adlarını qoymaq haqqı belə tanınmadı. Ancaq nə qədər ağır şərtlər, basqılar altında yaşasalar da, Güney Azərbaycan türkləri milli-mənəvi sərvət və əxlaqi dəyərlərini, ən başlıcası isə ana dilini qoruyub saxlamağı bacardılar.
Şimali Azərbaycanda sosializm cəmiyyətinin yaranmasından sonra SSRİ ilə İran arasındakı sərhəd rejimi ciddiləşdi, parçalanmış bir məmləkətin - Azərbaycanın Cənubu ilə Şimalı arasında gediş- gəliş çətinləşdi və illər keçdikcə sərhədlər tamamilə keçilməz oldu. Xalqın ictimai-siyasi taleyi kimi onun dili, təhsil sistemi, mətbuatı, mədəniyyəti də şəraitə uyğun olaraq ayrı-ayrı ideoloji istiqamətlərdə inkişaf etdi və bu tarixi ədalətsizliyin fəsadları millətin ruhunun və mənəviyyatının tərcümanı olan bədii ədəbiyyata da təsirsiz ötüşmədi.
Odur ki, XX əsrin Güney Azərbaycan ədəbiyyatına Şimali Azərbaycanda yaranan ədəbiyyatın təsiri danılmazdır. Hər iki tərəfin ziyalıları baş verən siyasi-ədəbi hadisələrə biganə qalmamış, mənəvi-ədəbi-mədəni körpünün dayaqlarının zəifləməsinə imkan verməmişlər. Cənubda yeni formalaşan poeziyaya Səməd Vurğun, Süleyman Rüstəm kimi Quzeydən olan söz ustalarının ilhamverici təsiri xüsusilə güclü olub. Eyni zamanda ötən əsrin sonlarında Azərbaycanın istiqlaliyyət əldə etməsi ədəbi-nəzəri irsə münasibətdə mövcud stereotipləri aradan qaldıraraq milli-kulturoloji zəminə söykənən yeni baxışlar sisteminin əsasını qoymuş oldu. Məhz bunun nəticəsində klassik və müasir ədəbiyyatşünaslığın, o cümlədən onun ayrı-ayrı problemlərinin, indiyədək tədqiqatdan kənarda qalmış bir sıra aktual məsələlərin yeni təfəkkür işığında öyrənilməsi və araşdırılması zərurəti yarandı. Son illərdə mühacirət və Güney Azərbaycan ədəbiyyatının bir sıra problemlərinin tədqiq olunması bu baxımdan səciyyəvidir. Bu mənada fil.ü.f.d. Esmira Seyfəl qızı Şükürovanın “XX əsr Güney Azərbaycan epik şeiri” monoqrafiyası diqqət çəkir. Monoqrafiya giriş, dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. “Giriş”də mövzunun aktuallığı, elmi yeniliyi, məqsəd və vəzifələri, tədqiqi tarixi, metodoloji əsası, nəzəri-praktiki əhəmiyyəti və başqa məsələlər haqqında qısa, yığcam şəkildə danışılır.
Tədqiqat işinin ayrı-ayrı fəsillərində araşdırılan problemin bu və ya digər aspektlərinin hərtərəfli səciyyələndirilməsini təmin etmək üçün tədqiqat obyektinə yanaşma tərzinin fərqliliyinə mümkün qədər diqqət yetirilib. Belə ki, monoqrafiyanın ayrı-ayrı fəsillərində Güney Azərbaycan ədəbiyyatında poema janrının təşəkkülü və tədqiqi məsələləri, inkişaf mərhələləri, ənənə və novatorluq, sənətkarlıq problemləri əhatəli şəkildə təhlil obyektinə çevrilib. Qeyd edək ki, bu cür yanaşma tərzi bir tərəfdən tədqiqatın ayrı-ayrı fəsillərində qaldırılan problemlərin bir-birini tamamlamasına, digər tərəfdən isə mövzunun təkamül kontekstində dərkinə imkan verib.
Lakin qeyd edək ki, haqqında müxtəlif münasibətlərlə bəhs olunan “Heydərbabaya salam” (M.Şəhriyar), “Sazımın sözü” (B.Q.Səhənd), “İsanın son şamı” (K.M.Sönməz), “Üç tablo, yaxud Eşqinin idealı” (M.Eşqi), “Apardı sellər Saranı” (H.M.Savalan) kimi bir neçə poema istisna olmaqla, XX əsr Cənubi Azərbaycan şairlərinin poema yaradıcılığı bu günə qədər geniş və əhatəli, sistemli şəkildə öyrənilməmiş, ayrıca tədqiqat obyekti olaraq seçilməyib. Fikrimizcə, XX əsr Cənubi Azərbaycan ədəbiyyatında poemanın bir janr kimi sistemli şəkildə öyrənilməsi, əslində mədəniyyət və ədəbiyyatımızın mühüm bir mərhələsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyətə malikdir. Etiraf etmək lazımdır ki, XX əsrin 60-cı illərindən başlayaraq Cənub ədəbiyyatının tədqiqi ilə məşğul olan ədəbiyyatşünas alimlərimizin ayrı-ayrı şair və yazıçıların bədii irsinə müraciət etməsi, eyni zamanda gənc tədqiqatçıların da onların təcrübəsinə əsaslanaraq ədəbiyyatın müxtəlif aspektlərinin araşdırılmasına meyl göstərməsi və bu meyllər nəticəsində araya-ərsəyə gələn yeni tədqiqat əsərləri bu sahədəki mövcud boşluqların aradan qaldırılmasına doğru yönəldilib.
E.Şükürova öz tədqiqatında XX yüz il Cənubi Azərbaycan ədəbiyyatında poema janrının inkişaf mərhələləri və problemlərini tədqiq etməyi qarşısına məqsəd qoyub. Etiraf etməliyik ki, Cənubi Azərbaycan ədəbiyyatının poema janrının təşəkkülü, inkişaf mərhələləri, tədqiqi tarixi, ənənə və novatorluq, sənətkarlıq məsələləri milli ədəbiyyatşünaslıqda ilk əhatəli tədqiqini tapıb. Burada mövzu dairəsinin yeni obyektiv mənzərəsi yaradılmış, ictimai-siyasi burulğanlarda, ədəbi rüzgarlarda ideya və məzmunca cilalanıb təkmilləşərək dövrün aynasına çevrilən epik və lirik poema janrı müasir nəzəri-estetik baxımdan təhlilə cəlb olunub. “XX əsr Güney Azərbaycan epik şeiri” monoqrafiyası milli ədəbiyyat-şünaslığımızın xəzinəsini zənginləşdirməklə, onun uğurlu və diqqə-təlayiq olması təəssüratını da yaradır. Məlum olduğu kimi, Esmira xanım 1998-ci ildə “Məhəmmədhüseyn Şəhriyarın həyatı, mühiti, yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə et-dikdən sonra, ötən illər ərzində Cənubi Azərbaycan ədəbiyyatını, XIX-XX əsrin ədəbi proseslərini izləmiş, bacardığı qədər mükəmməl öyrənib, o taylı-bu taylı Azərbaycan ədəbiyyatı haqqında məqalələrlə çıxış edib. Tədqiqatçının xaricdə monoqrafiyası, elmi-kütləvi məqalələri, beynəlxalq və respublika miqyaslı simpozium və konfranslarda çıxışları əsasən Cənubi Azərbaycan ədəbiy yatına həsr olunub. Beləliklə, o, “Esmira Fuad” imzası ilə ədəbi ictimaiyyətdə Cənubi Azərbaycan ədəbiyyatı mütəxəssisi kimi imic qazanıb. Məhz mütəxəssis qələmindən çıxan araşdırmada Cənubi Azərbaycan poeziyasının şah damarı olan poema janrının təşəkkülü, inkişafı, formalaşması prosesi, sənətkarlıq xüsusiyyətləri və nəzəri məsələlərinin dolğun təhlili diqqətimizi çəkir.
E.Şükürovanın əsas məqsədi Azərbaycan ədəbiyyatşünaslığında nisbətən az tədqiq edilən poema janrının inkişaf mərhələlərini araşdırmaq, təşəkkülünün obyektiv mənzərəsini yaratmaq, mövzu dairəsini və ideya-məzmun xüsusiyyətlərini üzə çıxartmaq, bədii sənət-karlıq əlamətlərini çağdaş nəzəri-estetik meyarlarla qiymətləndir-məkdən ibarətdir. XX əsr Cənubi Azərbaycan ədəbiyyatında yaranan poemaları araşdırmaqda tədqiqatçının digər məqsədi isə poema yaradıcılarının klassik ədəbi irsimizin ənənələrindən səmərəli şəkildə bəhrələnərək bu janrın XX əsrin ictimai-siyasi, ədəbi-mədəni şəraitinə uyğun estetik ideallarla inkişaf etdirilməsinin səbəblərini elmi cəhətdən əsaslandırmaqla janrın ədəbiyyat tariximizdəki yerini düzgün təyin etmək və bu sahədə ədəbiyyatşünaslığımızda mövcud olan boşluğun müəyyən dərəcədə doldurulmasına nail olmaqdır.
E.Şükürovanın tədqiqat obyekti XX əsrdə Cənubi Azərbaycanda ayrı-ayrı şairlər tərəfindən qələmə alınmış, ümumazərbaycan ədəbiyyatının inkişaf qanunauyğunluqlarını əks etdirən mənzum mətnlər - poema janrının tələblərinə cavab verən əsərlərdir. O, mövzusunun elmi-nəzəri baxımdan əhatəli açılması üçün tədqiqatla əlaqədar digər xalqların ədəbiyyatına, poema janrı haqqında nəzəri mülahizələrə də müraciət edib.
Tədqiqatda göstərilir ki, işin əsas elmi yeniliyi Cənubi Azərbaycan ədəbiyyatında müstəqil janr kimi böyük yol keçmiş və bu günədək inkişaf edən, yeni-yeni nümunələri yaranan poema janrının ilk dəfə geniş və müqayisəli şəkildə araşdırılmasıdır. Qeyd edək ki, E.Şükürovanın özünün də dəfələrlə vurğuladığı kimi, Cənubi Azər-baycanda milli istiqlaliyyət uğrunda mübarizə, xalqlar arasında nifaq toxumu səpən, onları bir-birinə qarşı qoyan, “Parçala, hökm sür” prinsipləri ilə yaşayan və işğalçılıq siyasəti yeridən düşmən qüvvələri ifşa edən, sülh və bərabərliyi, qardaşlığı yayan, Cənubi və Şimali Azərbaycandakı mövcud ictimai-siyasi quruluşların vətəndaşın həyat tərzinə təsirinin müqayisəsindən yaranan fərqlilikləri, həmçinin ailə-məişət, məhəbbət, sənət və sənətkar problemləri kimi digər mühüm məsələləri təsvir və tərənnüm edən poema janrının forma və məzmunu ətraflı elmi araşdırmalara tam əsas verir. Tədqiqat işi gələcəkdə Azərbaycan ədəbiyyatında poema janrının daha dərindən və ətraflı araşdırılması üçün mötəbər elmi-ədəbi bir mənbə, qiymətli bir qaynaqdır.
Qeyd edək ki, monoqrafiyanın əsas nəzəri müddəalarının, başlıca elmi yeniliklərinin müxtəlif elmi nəşrlərdə, beynəlxalq və respublika elmi konfranslarının materiallarında, Azərbaycanda və xarici ölkələrdə məqalə və tezislər şəklində dərc olunması da möv-zunun nə qədər aktual olduğunun göstəricisidir.
Onu da vurğulamaq lazımdır ki, Esmira Şükürova on ildən artıq bir müddətdir ki, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində bu mövzu üzərində çalışır. Bu müddətdə tədqiqata dair müəyyən mətnlər əldə etmək üçün dəfələrlə Arazın o tayında olmuş, İranda yaşayan mütəxəssislərlə, mətnşünaslarla elmi əlaqələr yaraşdıb. Esmira xanım əsərdə ilk dəfə olaraq XX əsr Cənubi Azərbaycan poemasının yaranma və inkişaf xəttini izləyib, əhatəli bədii materialı və onun folklor qaynaqlarını təsnif edib sistemləşdirib. Poeziya o tayda ədəbiyyatın aparıcı ədəbi növü olduğu üçün yaranan poemaların da sayı çoxdur. Tədqiqatçının bu araşdırmasında Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi sahəsində yaranmış zəngin elmi materiala yaxşı bələd olduğunu ortaya qoyub.
E.Şükürovanı ədəbi ictimaiyyət fəal qələmli jurnalist, qadın hərəkatının fəalı kimi tanıyır. O, böyük elmi enerji sahibidir, vətənçi bir qələmin sahibidir. Mövzu ilə bağlı kifayət qədər məqalə, tezis və kitabları çıxıb. Sayırıq ki, Esmira Şükürovanın “XX əsr Güney Azərbaycan epik şeiri” monoqrafiyası ədəbiyyatşünaslığımız üçün gərəkli və faydalı bir tədqiqatdır.

Teymur Əhmədov, filologiya üzrə elmlər doktoru, professor
Rəhim Əliyev, filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -