Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“XX əsr Güney Azərbaycan epik şeiri”

05.11.18, 11:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Esmira Fuadın (Şükürova) “XX əsr Güney Azərbaycan epik şeiri” mövzusunda qələmə aldığı monoqrafiya bir çox baxımdan maraq doğurur; bu monoqrafiya hər şeydən qabaq bizim ədəbiyyatşünaslıq və bütövlükdə filologiya elmimiz üçün aktual bir mövzuya həsr edilib. Bu mövzunun tədqiqi özlüyündə XX əsr boyunca Güney Azərbaycanda gedən ictimai-siyasi hadisə və olayların güclü təsiri altında olan ədəbi prosesləri əhatə edir və onlar haqqında obyektiv və ciddi söz demək ehtiyacı doğurur. Bu baxımdan “Güney Azərbaycan epik şeiri (XX əsr)” monoqrafiyası bir sıra materialın saf-çürük edilməsi, analizi, emalı, düzgün və məntqili nəticələrin çıxarılması və digər cəhətlərdən diqqəti çəkir. Monoqrafiya müəllifinin elmi uğuru hər şeydən qabaq həcmcə çox böyük bir materialı ustalıqla təsnifatlaşdırması, materialın əlində əsir-yesir qalmaması, dövrün epik poeziyasının əsas və mühüm istiqamətlərini dürüst müəyyənləşdirə bilməsi ilə şərtlənir. Başqa bir mühüm cəhət isə janrın xarakterinin dərindən duyulması ilə bağlıdır. Belə ki, müəllif Güney Azərbaycan ədəbi prosesində poetik janrların meydana gəlmə zərurətini düzgün dərk etməklə yanaşı onların konkret poetik sistem daxilində təhlilinə də müvəffəq olur, faktşünaslıqdan təhlilə keçid vaxtında və təyinatı üzrə baş verir.
Esmira Fuad (Şükürova) Güney Azərbaycanda yaranan epik poeziya nümunələrini - müxtəlif mövzularda və dönəmlərdə qələmə alınmış poemaları təhlil etməzdən öncə, ümumiyyətlə poema janrının genezis və tipologiyası ilə bağlı nəzəri araşdırma aparır və fikrimizcə, onun bu təhlilləri sadəcə tədqiqatın nəzəri “pərdəsi” rolunu oynamır, əksinə, burada verilən və qoyulan nəzəri konturlar daha sonrakı konkret materialın təhlilində birbaşa iştirak edir və beləliklə, biz poemada sözün dərinliyinin hansı dərəcədə göstərilməsinin əyani şahidi oluruq. Qeyd etmək lazımdır ki, müəllif nəzəri təhlilin tədqiqata nəzəri fon vermək funksiyasından qaçmaq üçün araşdırmanın hər bir fəslində, lüzum yarandıqda nəzəri ekskurslar edir və burada semantik, kontekstual və sistemli təhlillər sintez halında iştirak edir. Monoqrafiyanın başqa bir uğurlu cəhəri mövzuların çeşidlənməsində müxtəlif dövrlərdə yaranmış bədii mətnlər arasında əlaqələrin, onların daxili keçidlərinin müəyyənləşdirilməsinə edilən cəhdlərdir. Məsələn, istər Güney, istərsə də Quzey Azərbaycan şeirində Ərk qalasına həsr edilən bədii mətnlərin mövzu, problematika, poetik sistem baxımından araşdırmaya cəlb edilməsini göstərmək olar. Bütün bu təhlillər zamanı Azərbaycan ədəbiyyatının çoxəsrlik ümumi konteksti unudulmur, hər bir epik poeziya nümunəsi həmin kontekstdə araşdırılır, əldə edilən elmi nəticələr ümumiləşdirilir və beləliklə həm də epik poeziya nümunələri arasında qarşılıqlı təsir sferaları öyrənilir.
Araşdırmada janr və janr sferaları ön planda durur və bəzi yerlərdə ayrıca nəzəri çıxarışlar verilməsə də, janr poetikasının araşdırılan konkret mövzuya uyğun gələn komponentləri təhlillərdə fəal iştirak edir. Bu mənada müəllif çox doğru olaraq qeyd edir ki, “Janr sferası bütövlükdə varlığa münasibəti özündə ehtiva edir. İnsan baş verən hadisələri epik formada yaradarkən həmişə xəyalla həqiqəti, real gerçəkliklə utopik aləmi bir araya sığışdırmağa cəhd göstərib. Poema janrı, dastan paradiqması zənnimizcə, məhz belə bir zərurətdən meydana gəlib. Janrdan-janra keçid insan yaşantısının tarixini özündə əks etdirir, bu mənada bədii ədəbiyyat nümunələri, xüsusən poema janrı insanlıq tarixinin yalnız qəlblə hiss edilən tərəflərini öyrənmək baxımından son dərəcə böyük maraq kəsb edir”.
Nəhayət, monoqrafiya müəllifinin araşdırma üslubunu xüsusi olaraq qeyd etmək lazımdır. O, material nə qədər zəngin olsa da, bəzən, amma bu nəhəng materialın bir zərrəsini də unutmadan onlardan sərf-nəzər edir, dünya ədəbiyyatının ilk baxışdan mövzu ilə əlaqəsi olmayan nümunələrinə müraciət edir və bu nümunələrin ciddi təhlilindən Güney Azərbaycan epik şeirinin təhlilinə keçid son dərəcə təbii təsir bağışlayır. Bir tərəfdən bu, mövzunun daha geniş və masştablı dərkinə yardım edir, digər tərəfdən isə janrın spesifikasının daha əhatəli və təyinatı üzrə anlaşılmasını şərtləndirir. Monoqrafiyanın I fəslinin “Janrın təşəkkülü və inkişaf yolu” bölməsində A.Blokun “On ikilər” poeması xatırlanır. Təhlillərin konkretliyi və dərinliyi mövzunun problemin düzgün anlaşılmasına körpü salmaqla yanaşı, bu nümunələri yaradan şairlərin poetik təbiətinin, onların mənsub olduqları cərəyanların xassəsinin açılmasına da yardımçı olur. Mövzu ilə birbaşa əlaqəsi olmayan nümunələrin təhlilindən mövzuya qayıdış müəyyən filoloji ideyaların yaranmasına təkan verir. Esmira Fuad Şükürovanın tədqiqatında da bu ideyalar mövcuddur və əsərin ciddiliyini şərtləndirir.

Cavanşir Yusifli
filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -