Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paşinyan qorxusundan “qorxudur”

08.11.18, 9:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

6 noyabrda Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri hərbi-taktiki təlimlərə başlayıb. Təlimlər 4 mərhələdə keçiriləcək. 10 noyabra qədər davam edəcək təlimlər zamanı təlimlərə cəlb olunan qüvvə və vasitələrin qarşılıqlı hərbi fəaliyyətinin səviyyəsinin qaldırılması, hərbi hissələrin yüksək hərbi hazırlıq vəziyyətinə gətirilməsi planlarının reallıqda yoxlanılması qarşıya məqsəd qoyulub.
Qarabağda separatçı hərbi birləşmələrin hərbi-taktiki təlimlərə başlamasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynlinin fikrincə, erməni tərəfinin bu təlimləri keçirməsi onu deməyə əsas verir ki, Düşənbədə atəşkəs rejiminə əməl edilməsi ilə bağlı əldə edilmiş razılaşma öz qüvvəsini itirir.
O vurğulayıb ki, erməni tərəfinin hərbi təlimləri davam etdirməsi onların müharibəyə hazırlaşması anlamına gəlir:
“Təlimin məqsədləri haqqında müxtəlif ibarələr işlədilməsinə baxmayaraq, görünən odur ki, onlar müdafiə müharibəsinə hazırlaşır. Bu da onu deməyə əsas verir ki, ermənilər Azərbaycan Ordusunun gücünü, qüvvətini yaxşı bilir. Ona görə də Dağlıq Qarabağı, işğal etdikləri əraziləri müdafiə etmək məqsədi ilə bu təlimi keçirirlər. Keçirilən bu təlimlər Düşənbə razılaşmasının ruhuna ziddir. Erməni tərəfi bu razılaşmanı əslində çoxdan pozub. Amma onların hərbi təlimlərə başlaması artıq Düşənbə razılaşmasının öz əhəmiyyətini itirməsi anlamına gəlir”.
Politoloq qeyd edib ki, erməni tərəfi hər zamankı ritorikasını yenə təkrarladı:
“Onların yeni baş naziri Nikol Paşinyan atəşkəs rejiminin qorunması ilə bağlı Azərbaycan tərəfinə yalvarırdı. Amma görünən odur ki, o öz bildiyindən də əl çəkmir”.
Politoloq bildirib ki, cəbhədə vəziyyət Düşənbə görüşünə qədər olan vəziyyətə qayıdacaq:
“Azərbaycan tərəfi də yəqin ki, bunları nəzərə alacaq və qarşı tərəfin hazırlığını pozan, nəticələrini aradan qaldırmaq istiqamətində döyüş hazırlığı təlimləri keçirəcək. Ola bilsin ki, Azərbaycan tərəfi payız-qış mövsümü ərəfəsində yeni, daha irimiqyaslı təlimlərə start versin. Biz heç vaxt erməni ordusunun üstünlük qazanmasına imkan verməyəcəyik. Bunun üçün ölkəmizin hər cür resursları var. Orduda onsuz da yüksək səviyyədə təlimlər keçirilir və bu. davam edəcək”.
Siyasi şərhçi Ehtiram Aşırlı isə deyib ki, təcavüzkar erməni ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində növbəti hərbi təlimlər keçirməsi qarşı tərəfin Düşənbədə əldə olunmuş razılaşmaya əməl etmədiyini göstərir. Təbii ki, bu işğalçı ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır.
O qeyd edib ki, işğalçı ölkədən fərqli olaraq rəsmi Bakı hər zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək ona sadiq qaldığını nümayiş etdirib:
“İrəvan isə həmişəki kimi bu dəfə də əldə olunmuş razılığı pozur və bununla kifayətlənməyib cəbhədə vəziyyəti gərginləşdirmək istiqamətində addımlar atır. Xüsusilə, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri və qoşunların təmas xəttindəki vəziyyəti gərginləşdirməsi seçkiqabağı xalqın dəstəyini əldə etmək üçün hesablanmış addımdır”.
E.Aşırlı əlavə edib ki, N.Paşinyanın qoşunların təmas xəttində erməni əsgərləri ilə selfi çəkdirərək onu “erməni ordusu” kimi təqdim etməsi Ermənistan tərəfinin işğalçılıq siyasətinin bariz nümunəsidir:
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfərindən sonra rəsmi İrəvanın hərbi təlimlərə başlaması onu göstərir ki, Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil, əksinə danışıqlar prosesinin məhv edilməsinə çalışılır. Düşünürəm ki, Azərbaycan tərəfi yaxın zamanlarda işğalçı ölkənin bu kimi hərəkətlərinə geniş miqyaslı təlimlərə başlayaraq daha sərt cavab verəcək”.
Analitik hesab edir ki, Ermənistanda keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərindən sonra işğalçı ölkənin Qarabağ münaqişəsinin həllində nə dərəcədə maraqlı olması artıq özünü büruzə verəcək:
“Çünki işğalçı ölkə Azərbaycan torpağı Qarabağda yol infrastrukturunu bərpa edərək müdafiə xəttini möhkəmlədir. Paşinyan seçkidən sonra baş nazir olaraq fəaliyyətinə davam edərsə danışıqlarda daha aktiv yer almalı və münaqişənin həllində maraqlı olmalıdır. Əks halda Azərbaycan Ordusu işğalçı ölkəyə qarşı daha sərt tədbirlər görə bilər”.
Ekspert onu da vurğulayıb ki, erməni əsgərləri Paşinyanın sərt bəyanatlarının, provokativ addımlarının xüsusilə də tez-tez işğal olunmuş Azərbaycan torpaqlarına səfərlərinin əsirinə çevrilib. Belə ki, hər dəfəsində Paşinyan Bakıya qarşı "təhdid" xarakterli bəyanatlar səsləndirdiyi və işğal altında olan Azərbaycan torpaqlarına səfər etdiyi zaman erməni əsgərinin itkisi ilə üzələşir. Paşinyanın növbəti belə səfərlərinin birində erməni əsgəri 2000-ci il təvəllüdlü Aristakes Eduard Azadyanın itkisi ilə üzləşib. Erməni ictimaiyyəti və qondarma rejim hələ də dərk etmir ki, Paşinyan nə vaxta kimi sərt və təhdid xarakterli bəyanatlar səsləndirəcək və qanunsuz olaraq Azərbaycan torpaqlarına səfər edəcək o vaxtadək işğalçı ölkədə və Qarabağda yerləşən qanunsuz hərbi hissələr erməni əsgərlərinin itkilərinə məruz qalacaq. Bir sözlə çox keçmədən hərbi hissələr qəbirsanlığına çevriləcək. Paşinyan hələ də ölkəsində yaranmış siyasi böhranı dərk etmir. Özünün maraqlarını xalqının maraqlarından üstün tutaraq, erməni əsgərlərini maraqları və hakimiyyəti naminə heç çəkinmədən qurban verir. Bütün bunların fonunda Paşinyan heç də etdiyi əməllərə görə peşmançılıq çəkmir, əksinə erməni əsgərləri ilə birlikdə gülümsəyərək selfi çəkdirib heçnə olmamış kimi seçki kampaniyasını davam etdirir. Bəs görəsən erməni ictimaiyyəti nə vaxt anlayacaq ki, Serj Sərkisyan yolunda qurban verdikləri övladları indi də Paşinyanın hakimiyyət hərisliyi uğrunda apardığı mübarizənin qurbanına çevrilib. Paşinyanın arvadı Anna Akopyan deyildimi işğal olunmuş Azərbaycan torpaqlarına səfər edib, azərbaycanlı analara müraciət edərək slüh çağırış ilə çıxış edirdi. Akopyan görmür ki erməni əsgərləri əri olan Paşinyanın hakimiyyət hərisliyinin qurbanına çevrilib? Yoxsa onun da gözünü əri kimi hakimiyyət hərisliyi kor edib? Bu arada Akopyan da görməmişlikdə heç də ərindən geri qalmayaraq Artik vilayətinə helikopterlə səfər edib. Halbuki indiyə kimi heç bir erməni prezidenti və baş naziri 105 km məsafəni helikopterlə qət etməyib. Öz göstərişlərindən qalamayan Paşinyan və Anna Akopyanı erməni əsgərlərinin ölümü onları maraqlandırmır. Müalicəyə ehtiyacı olan erməni əsgərlərinə maddi yardım ayırmayan baş nazir arvadına helikopter verir ki, səyahətlərini rahat həyata keçirsin. Fikrimcə, Paşinyan hər dəfəsində işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfər təşil etdikdə erməni əsgərinin itkisi ilə üzləşəcək. Erməni anaları gözü yaşlı qaldıqca Paşinyanda gülümsəyərək selfie çəkməyinə davam edəcək.
Ekspert Mirsamir Məmmədovun fikrincə isə, Qarabağda ermənilərin hərbi təlimlər keçirməsi Paşinyanın göstərişidir ki, bu da daxili vəziyyətin stabilləşməsinə xidmət edir: “Bilirsiz ki, Paşinyan hakimiyyəti əldən vermək istəmir və gərgin vəziyyətdədir. Dekabrda Ermənistanda növbədən kənar parlament seçkisi keçiriləcək və Paşinyan bu seçkidə qələbə qazanmaq niyyətindədir.ş Ona görə də Dağlıq Qarabağ kartından istifadə etmək niyyətindədir. Paşinyan Azərbaycan iqtisadiyyatı və ordusunun gücünü hiss etdikcə qıcıqlanır və vaxtaşırı Qarabaqda hərbi təlimlər keçirməklə özünü sığırtalamağa cəhd göstərir. Digər bir tərəfdən Rusiya tərəfindən zərbələr alan Paşinyan üzünü Qərbə çevirsə də oradan da dəstəklənmir. Daxildə isə hakimiyyət uğrunda mübarizə gedir. Xalq-hakimiyyət çəkişməsi qızışır. Bu zaman Paşinyan ordunu ayağa qaldırmaq niyyətində olduğunu düşünür”.
Millət vəkili Asim Mollazadə isə Qarabağda baş verən hadisələrə göz yuman ATƏT-in Minsk qrupunu ittihamlayıb: “Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində hansısa irəliləyiş hiss olunmur. Çünki Ermənistanda qeyri-müəyyənlikdir. İşğalçı ölkədə parlament seçkiləri keçiriləcək”. Deputatın sözlərinə görə, Ermənistanda hakimiyyət məsələsi müəyyənləşməyənə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda hansısa ciddi dəyişiklik gözləmirəm. ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi ilə bağlı proses də gözlənilmir. Çox təəssüf ki, Minsk qrupu həmsədr ölkələri Ermənistandan hüququn aliliyini tələb etməlidirlər. Təəssüflər olsun ki, təcavüzkar dövlətə qarşı hər hansı sanksiya olmadığına görə onlar danışıqların imitasiyasını hansısa formada davam etdirəcəklər. Hesab edirəm ki, dünya ictimaiyyəti tərəfindən də bu prosesə ciddi diqqət yoxdur. Ona görə də çalışmaq lazımdır ki, bütün beynəlxalq təşkilatlarda bu münaqişə gündəmə gətirilsin və onlardan hüququn aliliyini, eləcə də beynəlxalq hüquq normalarını müdafiəsini tələb etmək lazımdır”.
Cavid

Bu xəbər oxundu
- - -