Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkmənistan qazının Avropa bazarlarına tədarükü imkanları müzakirə edilir

13.11.18, 8:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkmənistan Avropa bazarlarına qaz tədarükü imkanlarını nəzərdən keçirir və bu məsələyə dair Avropa Komissiyası ilə danışıqlar aparır.
Bunu Əbu-Dabidə keçirilən Beynəlxalq Neft-Qaz Konfransında Türkmənistan Prezidentinin neft və qaz məsələləri üzrə müşaviri Yaxşıgəldi Kakayev bəyan edib.
“Biz Avropa istiqamətində ixrac marşrutlarını nəzərdən keçiririk, bu məsələ ilə bağlı Avropa Komissiyası və tranzit ölkələrlə fəal danışıqlar aparırıq”, -deyə Türkmənistan rəsmisi vurğulayıb.
Xatırladaq ki, Türkmənistan Transxəzər qaz kəmərinin tikintisi və türkmən qazının Cənub Qaz Dəhlizi ilə Avropaya tədarükü məsələləri ilə bağlı Azərbaycan, Türkiyə, Gürcüstan və Avropa Ittifaqı ilə müzakirələr aparır.
2018-ci ilin oktyabrında Brüsseldə Türkmənistan nümayəndə heyətinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç və komissiyanın enerji məsələləri üzrə baş direktorluğunun Transxəzər qaz kəmərinin reallaşdırılması məsələləri ilə məşğul olan nümayəndələri ilə növbəti danışıqları olub. Aİ nümayəndələri Türkmənistan təbii qazının Avropa bazarlarına tədarükünə böyük maraq göstəriblər və Transxəzər qaz kəmərinin həyata keçirilməsi üçün sərmayələr cəlb olunmasına kömək etməyə hazır olduqlarını bildiriblər.
Ötən həftə Aşqabadda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Transxəzər qaz kəmərinin tikintisi layihəsi ilə bağlı məsələləri müzakirə edib.
Türkiyə xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, onun türkmənistanlı həmkarı ilə görüşündə türkmən qazının Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə dünya bazarlarına çatdırılması məsələləri müzakirə edilib. Bu qaz kəməri 2018-ci il iyunun 12-də istifadəyə verilib. TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə təbii qazın nəqli həyata keçirilir, daha sonra mavi yanacaq “Trans-Adriatik” TAP boru kəməri ilə Cənubi Avropa ölkələrinə çatdırılacaq. Avropaya ilk qaz tədarükünün 2020-ci ildə reallaşacağı gözlənilir.
Türkmənistanın bu boru kəmərlərinə qoşulması üçün Xəzərin Türkmənistan və Azərbaycan sahillərini birləşdirən Transxəzər qaz kəmərinin tikintisi zəruridir. Türkiyə Türkmənistanın Transxəzər qaz kəməri vasitəsilə qoşulacağı Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsini ardıcıl şəkildə dəstəkləyir.

Bu xəbər oxundu
- - -