Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İçimizdəki cini necə çıxaraq?

13.11.18, 9:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Şərif Ağayar

Çağımızın ən böyük yazıçılarından olan Salman Rüşdi dünyaca məşhur “Gecəyarısı uşaqları” romanında atası içki düşkünü olan məktəbli qəhrəmanın dili ilə yazır ki, şagird dostlarım butulkanın içində cin olduğunu deyirdilər, mən evə gəlib atamdan bunun doğru olub-olmadığını soruşdum, atam dibində azacıq viski qalmış şüşəni gətirdi, kibriti yandırıb onun içinə atdı, viski alovlananda gülüb dedi: “Bax, cinləri yandırdım!”
Və yazıçının qəhrəmanı qəfil mətnə müdaxilə edərək deyir: “Atamın cinləri yandırıb-yandırmadığını bilmədim, amma cinlər atamı yandırdı - onu içki öldürdü!”
Bəzi insanların Şabranda baş verən məlum olaylardan sonrakı cin axtarışı, gənc bir adamın tragikomik ölümünü lağ-lağıya çevirməsi təkcə Saman Rüşdini yadıma salmadı...
Dini inancımıza görə, bitkinin yalnız cismi, heyvanın canı və cismi, insanın isə həm canı, həm cismi, həm ruhu var. Bundan başqa, dünyada cismi və ruhu olmayan qeyri-adi varlıqlar da var. Cin kimi. Cin cismi olmayan, buna görə cilddən-cildə düşməyi bacaran magik bir varlıqdır. “Cin” sözü “can” sözü ilə eyni etimologiyadandır.
Mövcudluq həm birbaşa, həm məcazi mənada olur. Məsələn, insan hisslərinin rəngarəng dünyasında nikbin notlar var? Varsa hardadır? Necədir? Yoxdursa, bu cümləmiz niyə hər hansı bir məna ifadə etmiş kimi görünür?
Hiss var? Var. Hissin rəngarəng dünyası var? Var. Daha doğrusu, həm var, həm yoxdur. Məcazi mənada var, müstəqim mənada yoxdur. Məcazi mənada hisslərin rəngi də var, o rənglərin ayrıca bir dünyası da, o dünyada nikbin notlar da! Buna inanmaq vacib deyil. Çünki cümlə kifayət qədər şərtidir. Burda məqsəd nəyinsə varlığına və yoxluğuna diqqət çəkmək deyil, fikri uğurla ifadə etməkdir.
Cinin varlığına inananla, inanmayan arasında ciddi fərq görmürəm. Çünki cin inam, yaxud inamsızlıq tələb edən bir məfhum deyil. O, sadəcə unikal metaforadır. “İçinə cin girmək” də məcazi ifadədir. İnsanın içindən cin çıxarmağa çalışmaq, “Gözüm Əlidən su içmir” ifadəsini eşidib gözünü Vəlidə “suvarmağa” aparmaq qədər absurddur.
Ruhu və cismi olmayan, yalnız candan ibarət olan və istədiyi cildə-cismə düşüb insanları aldatmağa, şeytani işlərə cəlb etməyə çalışan magik bir varlıq bədii yaradıcılıq üçün qiymətli xəzinədir.
Heç Qərbdə Ovidinin “Metamorfozlar” əsərinə inanaqmı-inanmayaqmı deyə bir müzakirə gördünüzmü? Bəlkə adamın böcəyə necə çevrildiyini Kafkadan soruşan oldu? Salman Rüşdiyə “Butulkanın içində cin olduğuna inanırsınız? Hahaha!” - deyən də rastımıza çıxmayıb.
İnsan təkcə Quran mətnində deyil, ümumən mətndə baş verənlərlə həyatı, reallığı qarışdırırsa, ya komik, ya tragik vəziyyətə düşür.
Təsəvvür edin, biz Füzulinin misralarının real olduğuna inanıb, onu həyatımızda tətbiq etməyə çalışırıq. Yaxud Pikassonun rəsmlərindəki insanlara oxşamaq istəyirik. Gedib, Əli Kırimdən soruşuruq ki, o qız doğrudan voleybol topunu təyyarəyə vururdu?
Biz təkcə mətnlə-həyatı deyil, həqiqətlə-reallığı da qarışdırırıq. Gözün kimsədən su içməməsi real deyil, amma həqiqətdir. Cinin kiminsə içinə girməsi də eləcə. Biz gözümüzü suvarmağa aparmadığımız kimi, cinimizi də çıxarmağa çalışmırıq. Bir şey məcazi mənada giribsə, müstəqim mənada çıxmaz. Cini içimizdən onun əksiylə - qəlbən tanrıya sığınmaqla qova bilərik. Əks halda çıxan cinimiz yox, canımız olacaq.

Bu xəbər oxundu
- - -