Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə

13.11.18, 12:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

16-cı yazı
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmada bildirilir ki, bütün cəhdləri boşa çıxan P.D.Sisianov yenidən Məhəmməd xanla danışıqları bərpa etdi. Avqustun 25-də İrəvan xanı rus komandanlığından yeni bir məktub aldı. Məktub əvvəlkilərə nisbətən yumuşaq bir tərzdə yazılmışdı. Məktubda P.D.Sisianov Məhəmməd xana xanlığın və özünün təhlükəsizliyi üçün bir daha təslim olmasını təklif edirdi. Vəziyyətinin çətin olmasına baxmayaraq, rus komandanlığı sentyabrın 1-də Məhəmməd xan və Kəlbəli xan başda olmaqla bütün irəvanlılara yazılmış məktubda isə konkret tələblər irəli sürmüşdü. Tələblər bunlardır: 1) İrəvan qalasında rus qoşunu yerləşdirilməli və iki alaya azuqə verilməli; 2) böyük imperatorun təbəəliyinə keçmək üçün and içməli və sədaqətli olmalı; 3) Hər il 100.000 rubl həcmində vergi verməli; 4) Qarşılıqlı olaraq hər iki xan öz xanlığında əvvəlki vəzifə və hüquqlarında qalacaq, ölüm hökümü ləğv edilərək, əvəzində qanunla cəza tətbiq ediləcək; 5) Bütün dinlər azad olacaq və heç kim sıxışdırılmayacaq; 6) Axund və bütün din xadimləri, şəhər və kənd camaatı mülklərində əvvəlki hüquq və imtiyazında qalacaq; 7) Əsirlərin qaytarılmasında rus komandanlığı vasitəçi olacaq, bunun ardınca hər iki xan öz ailələrini Fətəli şahdan azad edə bilərdilər. Onların özü qalaya daxil olan rus qoşunları tərəfindən müdafiə olunacaqlar.
Məhəmməd xanın P.D.Sisianova yazdığı cavab məktubları xüsusilə maraq doğurur. Məktublar diplomatik tərzdə yazılmışdı. Onların məzmunundan görünür ki, Məhəmməd xan ağıllı siyasət yürüdərək hər iki tərəf arasında olan düşmən münasibətlərdən yararlanmaqla, vəziyytdən istifadə etməyə çalışmışdı. O, İrəvan döyüşündə şah qoşunları ilə birlikdə rus qoşununa qarşı çıxsa da, P.D.Sisianova yazdığı məktublarda məcburiyyət qarşısında qaldığını bildirirdi. Məktublardan görünür ki, İrəvan xanı şah hökumətinə inanmamış və ondan ehtiyat etmişdi. Məsələn, məktubların birində xan yazırdı ki, «... İran dövlətinin tərəfini saxlamaq niyyətində deyiləm. Əlahəzrət sədaqətlə xaihiş edirəm ki, mənə vaxt verin və səbr edin. Baba xan (Fətəli şah-E.Q.) buradan getdikdən sonra nə əmr etsəniz, yerinə yetirməkdən imtina etmərəm...». Başqa məktubda isə öz mövqeyini belə şərh edirdi: «7 ildir ki, mən özümü onun (Fətəli şahın-E.Q.) tələsindən qoruyuram, özümü təhlükəyə düçar etmədən, öz xanlığımda yaşayıram və ona tabe olmuram. Əlahəzrətə məlumdur ki, mən necə ona hərbi yolla müqavimət göstərirəm və mənim qalama hücumunu dəf edirəm. Nəhayət, əlahəzrət qoşunla bura gəlib. Bizim xalq inamına görə müxtəlif dinə qulluq edir və bu onları narahat edib. Baxmayaraq ki, mən bilirəm sizdə bütün dinlər yol veriləndir və buna qarşı çıxmaq istəmirsiniz. Lakin bizim xalqı inandırmaq çətindir. Baba xanın vəziri Mirzə Şəfi burada şəhərdə olmuş, əhalini hiyləgərliklə öz tərəfinə çəkmişdi. Mənim qardaşım Cəfərqulu xan onun haqqında bilir ki, necə hiyləgər adamdır. Məndən başqa hamı sizdən üz döndərib. Mən və mənim varislərim ali Rusiya dövlətinə sədaqətlə qulluq etmək niyyətindəyik. Baba xan Pirqulu xanı gözləyərək 10 gündən sonra buradan gedəcək. Öz istehkamınızda xüsusilə ehtiyatlı olun. Baba xan iki dəfə hücuma cəhd etdikdən sonra gedəcəkdir. O, indi mənə navaziş göstərməyə cəhd edir, həmçinin şahzadə üç dəfə məktub yazıb və digər əyanlar andla məni inandırmağa çalışırlar. Lakin onlar məni inandırmağa çalışsalar da inanmıram və Rusiya dövlətinə xəyanət etmərəm. Əlahəzrət xahiş edirəm bilin ki, şah qoşunu qalaya daxil ola bilməz”. Sentyabrın 2-də P.Sisianov Məhəmməd xana yeni bir məktub yazaraq onun səmimiyyətinə şübhə etdiyini bildirmiş və qeyd etmişdi ki, «mən geri çəkildikdən sonra siz Baba xana təslim ediləcəksiniz».
Məhəmməd xanın sentyabrın 4-də yazdığı məktubda diplomatik bir tərzdə ailəsinin şah sarayında girov olduğundan rus komandanlığının şərtlərini qəbul edə bilməyəcəyini, hətta ruslara sədaqətli olduğunu, şah geri çəkildikdən sonra rus komandanlığının şərtlərini yerinə yetirəcəyini qeyd edərək, şah qoşununun hücuma hazırlaşdığını və bunun üçün rus qoşununun ehtiyatlı olmasını bir daha tapşırmışdı. Məhəmməd xanı öz tərəfinə çəkə bilməyən və əlacsız qalan P.D.Sisianov yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün hərbi şura çağırmağa məcbur oldu. 1804-cü il avqustun 31-də yeddi nəfərdən ibarət hərbi şura çağrıldı. Burada iki məsələ - hücumu davam etdirmək, yaxud geri çəkilmək məsələsi müzakirə edilir. Səsvermə nəticəsində iki nəfər döyüşü davam etdirməyi, beş nəfər isə geri çəkilməyi qərara almışdı. Beləliklə, çoxluğun qərarı ilə geri çəkilmək əmri verildi.
Sentyabrın 4-də İrəvan qalasının mühasirəsi götürüldü. Rus qoşunu ayın 5-də Eçmiədzinə, səhəri günü isə şah qoşunlarının təqibi altında Abaran düzünü keçərək, sentyabrın 14-də Qarakilsə kəndinə gəlib çatdı. Rus qoşunları burada iki gün dincəldikdən sonra şimal istiqamətində hərəkət edərək, oktyabrın 4-də Tiflisə daxil oldu. İrəvan müharibəsi rus qoşununa baha başa gəlmişdi. Döyüş nəticəsində ruslardan 2500-ə qədər öldürülmüş və əsir düşmüşdü.
Rus qoşunu İrəvan xanlığını tərk etdikdən sonra Abbas Mirzə İrəvan qalasına gəldi. O, İrəvan qalasını ziyarət etdikdən sonra, Məhəmməd xanı və onun yaxın adamlarını düşərgə saldığı Söyüdlü kəndində, səhərisi günü təşkil ediləcək ziyafətə dəvət etdi. Məhəmməd xan bir qədər tərəddüd etdikdən sonra ziyafətdə iştirak etmək qərarına gəldi. Ziyafətdə iştirak edən şah onu yenidən İrəvana xan təyin edir.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, məclis başa çatdıqdan sonra Fətəli şah Eçmiədzin kilsəsinə ziyarət etdi. Katolikos Davıd onu təmtəraqla qarşılamış və rəqibi Danili şaha təslim etmişdi. Danil Təbriz şəhərinə göndərilmiş və burada bir müddət əsirlikdə qalmışdı. İrəvan müharibəsində erməni əhalisi rus qoşununa daima köməklik göstərmişdi.
İrəvan müharibəsində məğlub olmasına baxmayaraq, rus qoşunlarının baş komandanlığı xanlığı işğal etmək fikrindən əl çəkmədi. Rusiya Pəmbək sultanlığının Qarakilsə, Dərbas, Hamamlı, Xəzərabad kəndlərində hərbi istehkamlar inşa etməyə başladı. P.D.Sisianov İrəvan xanlığında baş verən siyasi hadisələri diqqətlə izləyərək, buraya yenidən müdaxilə etmək üçün əlverişli imkan gözləməyə başladı. İlk əvvəl Şuragöl sultanlığı Rusiyanın tabeliyinə keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus komandanlığına cox lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl bufer zona kimi əlverişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi.
İrəvana hücum ərəfəsində P.D.Sisianov Şuragöl sultanlıqının hakimi Budaq Sultana Rusiya dövlətinin himayəsi altına keçməyə təklif etmişdi. Lakin Budaq Sultan onun bu təklifinə məhəl qoymayaraq İrəvan xanı ilə əlaqə saxlayırdı və onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı İrəvan qalasında həbs edərək ondan 30.000 rubl (3.000 tümən-E.Q.) tələb etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi. İrəvan xanının sərt rəftarı şuragöllülərin narazılıqına səbəb oldu. Bu narazılığın qarşısını almaq üçün Məhəmməd xan Nağı bəyin başçılığı ilə bir dəstə irəvanlını Şuragölə göndərdi. Müqavimət göstərmək iqtidarında olmayan şuragöllülər Pəmbəkdə yerləşən rus qoşunlarının başçısı general Nesvetayevdən kömək istədi. Generala müraciət edən Budaq Sultanın oğlu Qara Məhəmməd ondan Şuragölü himayəyə götürməyi xahiş edərək, rus qoşununu ərzaqla və atlarını yemlə təmin etməyə söz vermişdi. Bunun üçün şuragöllülər tərəfindən 800 samar miqdarında buğda tədarük edilmişdi. Belə imkanı əldən buraxmaq istəməyən P.D.Sisianov general Nesvetayevə Şuragölü işğal etmək üçün göstəriş verdi. 1805-ci il martın 27-də general-mayor Nesvetayev 250 nəfərdən ibarət dəstə ilə Şuragölə doğru hərəkət etdi. Nağı bəy dəstəsilə geri çəkilməyə məcbur oldu. Martın 30-da sultanlığın mərkəzi müqavimətsiz rus qoşununa təslim oldu. İrəvanda həbsdə olan Budaq Sultanın əvəzinə hakim seçilən böyük oğlu Hamo bəyin başçılığı ilə şuragöllülər 1805-ci il martın 31-də Rusiya dövlətinin himayəsinə keçmək üçün müqavilə bağladı. Hətta Şuragölün bəy və ağaları, kənd ağsaqqalları Rusiyaya sədaqətli olacaqları barədə and da içdilər. Müqavilə bağlandıqdan sonra mayor Noldenin başçılığı ilə 6-cı saratov muşketyor alayı orada yerləşdirildi. Şuragölün birləşdirilməsi Pəmbəkdən sonra İrəvan xanlıqının torpaqlarının Rusiya tərəfindən işğalının ikinci mərhələsi oldu.
Şuragölün itrilməsilə heç cür barışmaq istəməyən Məhəmməd xan Qasım bəyin və Məhəmmədəli bəyin başçılığı ilə üç minlik qoşunu oraya göndərdi. Böyük Talın kəndində mövqe tutan İrəvan qoşunu oradan Şuragölün mərkəzinə hücum etmək niyyətində idi. Bu xəbəri eşidən general mayor Nesvetayev yüzbaşı Aqiyevin başçılığı ilə bir alay kazak dəstəsini 300 nəfər borçalı azərbaycanlılarının köməyi ilə Böyük Talın kəndinə göndərdi. Döyüş nəticəsində Böyük Talın və onun ətraf kəndləri rus qoşunu tərəfindən ələ keçirilərək yandırıldı. Məğlub olan İrəvan qoşunu isə Eçmiədzin istiqamətində geri çəkilməyə məcbur oldu. Onları təqib edən rus qoşunu xeyli əsir götürdü və daha irəli gedərək İrəvan qalasının 18 verstliyində dayandı. Lakin irəvanlıların böyük bir dəstə toplayaraq əks hücuma keçmək niyyətində olduğunu eşidən general mayor Nesvetayev rus qoşununa geri qayıtmaq əmri verdi. Beləliklə, Şuragöl sultanlığı Rusiyanın hakimiyyəti altında qaldı.
Tezliklə, Budaq Sultan əsirlikdən geri qayıtdı. İlk əvvəl rus komandanlığı onun sədaqətinə şübhə ilə yanaşaraq, hərəkətlərini nəzarətə götürdü. Hətta P.D.Sisianov general mayor Nesvetayevə məktub yazaraq Budaq Sultanın oğlu Xəlil bəyi girov götürməyi tələb etmişd. Ona etibar edilmədiyini görən Budaq Sultan P.D.Sisianovun qəbuluna gedərək sədaqətini bildirmişdi. Belə olduqda baş komandan onun Şuragöldə qalmasına icazə vermiş və oğlunu isə ildə 600 rubl məvaciblə Tiflisdə girov saxlamışdı.
Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -