Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Büdcəsinin gəlirləri 22 917,5 milyon manat proqnozlaşdırılıb

13.11.18, 12:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 milyon. manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0% səviyyəsində nəzərdə tutulub”.
Bunu maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 milyon manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 milyon. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 milyon. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.
“2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 milyon manat məbləğində olmaqla 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 milyon manat və ya 7,3% çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub”.
Samir Şərifov qeyd edib ki, 2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 milyon. manat, Naxçıvan MR-nın dövlət büdcəsinə verilən dotasiya 300,4 milyon. manat proqnozlaşdırlır.
“Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 milyon manat məbləğində müəyyən edilib ki, bu 2017-cı ilin dövlət büdcəsinin faktiki kəsirindən 784,8 milyon manat və ya 72,8%, 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən 911,6 milyon manat və ya 95,9% çoxdur.
Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma), 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilib".
İqtisadiyyat naziri Şahin Mustafayev daha sonra qeyd edib ki, əsas tərəfdaş ölkələrdə iqtisadi vəziyyət nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti 3 il üzrə orta müddətli dövrü üçün ölkəmizin sosial iqtisadi göstəriciləri hazırlanıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, dünya iqtisadi artımı 2018-ci il və 2019-cu ildə 3.7 faiz, Dünya Bankının hesablamalarına görə isə müvafiq olaraq 3.1 faiz olacağı proqnozlaşdırılır.
O bildirib ki, əmtəə ixracatçısı olan bir çox ölkələrdə və MDB məkanında dayanıqlı iqtisadi artımın proqnozlaşdırılması, əmtəə ixracatçılarında artımla bağlı meylləri formalaşması, neft ixracatçıları olan ölkələrdə iqtisadi artımın 2018-ci ildə də müşahidə olunması, dünya iqtisadiyyatının artımını şərtləndirən amillər kimi nəzərə alınır.
Nazir deyib ki, hazırda dünyada müşahidə edilən müsbət tendensiyalarla yanaşı, bəzi risklər hələ də qalmaqdadır.
“İnkişaf etmiş ölkələrdə daha sərt maliyyə şərtlərinin tətbiqi nəticəsində inkişaf etməkdə olan iqtisadiyyatlara kapital axınının azalması həmçinin yeni ticarət tariflərinin tətbiqi, bəzi ölkələrdə geosiyasi gərginliklər əsas ticarət partnyorlarının milli valyutalarının dəyərini itirməsi risk yaradan amillərdən hesab olunur”.
Nazir qeyd edib ki, aparılan sistemli islahatlar, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
“Qeyd olunduğu kimi Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkələri sırasına daxil olaraq, ən çox islahat aparan ölkə olub. Yeni hesabatda Azərbaycanın mövqeyi 32 pillə artaraq, 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. 2019-cu ildə ÜDM-nin 3.9 faiz, növbəti illərdə orta hesabla 3.4 faiz artacağı, tədiyyə balansının cari hesabının 3.9 milyard dollar olacağı proqnozlaşdırılır”.
O həmçinin bildirib ki, dünya iqtisadiyyatında baş verən dəyişikliklər və beynəlxalq təşkilatların proqnozları təhlil edilərək neftin bir barelinin qiyməti orta müddətli dövr üçün 60 dollar götürülüb.
“Gələn il “Şahdəniz” yatağında neft-qaz hasilatının artması, dövlət hesabına neft sektorunda 3.1 faiz, növbəti illərdə orta hesabla 3.2 faiz artım gözlənilir.
Növbəti ildə əsas kapitala investisiya qoyuluşu 17,9 milyard manat, burada xarici investisiyaların 7.5, daxili sərmayələrin tutumunun 4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı, əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda 2.5 faiz artım gözlənilir. İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən bu layihələrə 2.7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulub. İnvestisiya təşviqi sənədi almış müəssisələrinin 63 faizi artıq fəaliyyətə başlayıb, digərlərinin isə gələn ilin sonunadək fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun artımının 3.9 faiz olacağı proqnozlaşdırılır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib ki, Azərbaycan banklarında faiz dərəcələri yüksəkdir.
Komitə sədri bildirib ki, dünya ölkələrinin bir neçəsində yüksək faiz dərəcələri var onlardan biri də bizdədir.
“Bunun səbəbləri var. İnflyasiyadan qorxuruq. İnflyasiyanı cilovlamaq lazımdır. Amma yığışıb biz bir qərara gəlməliyik. 2,3 5 ildən sonra biz faiz dərəcələrini azaltmağa getməliyik. Çünki ölkə üzrə faiz dərəcələrinin səviyyəsi bank kreditlərindən bir neçə dəfə yuxarıdır”.
Ziyad Səmədzadə həmçinin vurğulayıb ki, bu gün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır.
Komitə sədri bildirib ki, əməkhaqlarının uçotu düzgün aparılmır.
“Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli isə qeyd edibki, Azərbaycan prezidenti səviyyəsində elmlə bağlı qəbul edilən xeyli sənədlər var. Həmin sənədlərdə elm sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımların atılmasının vacibdliyi vurğulanır.
Deputat bildirib ki, Azərbaycanda elmə ayrılan vəsait ÜDM-nin 0,16 faizini təşkil edir.
“Bu, iqtisadi təhlükəsizlik nöqteyi-nəzərdən həmin sahəyə ayrılan və ayrılmalı olan vəsaitdən 12 dəfə aşağıdır. Büdcədən isə cəmi 0,5 faiz elmə vasait ayrılır.
Əgər biz elmi inkişaf etdirmək istəyiriksə, elmin maliyyələşməsin 0 trayektoriyasından çıxartmalıyıq. Nəzərə alsaq ki, təhsildə çalışanların əməkhaqları orta əməkhaqlarından 40 faiz, səhiyyədə çalışanların maaşları orta əməkhaqlarından 60 faiz, elmdə çalışanların da maaşları orta əməkhaqlarından xeyli aşağıdır.
Hesab edirəm ki, bu sahədə çalışanların əməkhaqları artırılmalıdır. Bu sahədə çalışanların maaşlarının orta əməkhaqqına çatdırılması istiqamətində ciddi addımların atılmasına ehtiyac var”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2019-cu ilin büdcə zərfi” barədə danışıb.
Palata sədri növbəti il üçün əsaslı xərclərin, ümumiyyətlə investisiya məbləğinin cari illə müqayisədə nəzərəçarpacaq artımla proqnozlaşdırılmadığını, bununla yanaşı, ÜDM-in cari il üzrə real artım tempinin 2% səviyyəsində gözlənildiyini, həmçinin qarşıdakı ildə bu parametrin 3,6% səviyyəsində nəzərdə tutulduğunu deyib:
“Bunları nəzərə alsaq, həm ilin sonuna qalan dövr, həm də növbəti il ərzində ÜDM-in daha sürətli artımının ehtimal olunduğu və proqnozladırıldığı qənaətindəyik”.
Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatası müxtəlif ölkələrin təcrübəsinin araşdırılması yolu ilə növbəti ilin dövlət büdcəsinin icrasına təsir göstərə biləcək bir neçə risk amilini müəyyən edib:
“İlk olaraq “Büdcə zərfi“nə dövlət büdcəsi layihəsinin bir ssenari üzrə daxil edilməsini qeyd etmək istərdim. Qəbul edilmiş büdcə qaydasının, eyni zamanda, dövlət büdcəsinin neft gəlirlərindən asılılğının azaldılmasına xidmət etdiyini nəzərə alaraq, bu qayda ilə müəyyən edilmiş hədlər çərçivəsində dövlət büdcəsinin optimist, adi və pessimist ssenarilər üzrə tərtibi büdcə parametrlərinin necə dəyişəcəyini müşahidə etməyə, o cümlədən itkilərin minimuma endirilməsinə, gəlirlərin mobilizasiyasına, həmçinin xərclərin səmərəliliyinin və nəticəliliyinin artırılmasına şərait yaradar.
Rəydə, həmçinin idxal inflyasiyasının artımına təsir edəcək amillərin mövcudluğu, dövlət borcunun dinamik deyil, statik xarakterli göstəricilərlə dəyərləndirilməsi, cari xərclərin artım tempinin qeyri-neft sektorunun nominal tempindən 4,6 faiz bəndi çox olmaqla nəzərdə tutulması da dövlət büdcəsinin icrasına təsir göstərməyə qadir olan risklər kimi qeyd edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən büdcə inzibatçılığının gücləndirilməsi, vəsaitlərin təsirliliyinin artırılması ilə bağlı tapşırıqların icrasına xidmət edəcək nəticə əsaslı büdcənin tərtibi üzrə normativ sənədlərin hazırlanması və qəbulunu dövlət resurslarının institusional imkanlarının genişləndirilməsinə və icra səviyyəsinə müsbət təsir göstərən amil olaraq vurğulayıb”.
Vüqar Gülməmmədovun sözlərinə görə, cari ildə “Büdcə sistemi haqqında” Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub.
“Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir. Qeyd edim ki, 2019-cu ilin dövlət büdcəsi büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilən ilk büdcədir.
Büdcə qaydasına uyğun olaraq ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunmuşdur. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103%-dən çox olmamaqla müəyyən edilmişdir. “Büdcə zərfi”ndə 2019-cu ilin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbəti 29,5% olmaqla cari ilin göstəricisindən aşağı olmaqla proqnozlaşdırıldığı göstərilmişdir və buna əsaslanaraq büdcə qaydalarının tələbinə əməl olunduğu vurğulanmalıdır. Müvafiq metodikanın “Büdcə zərfi”nə daxil edilməməsi səbəbindən Hesablama Palatası beynəlxalq təcrübəyə əsaslanaraq 4 müxtəlif metodika üzrə həmin göstəricinin hesablanmasını həyata keçirərək Rəyə bu barədə məlumatlar daxil etmişdir”.
Palata sədri deyib ki, Hesablama Palatası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan dövlətlərdə daha geniş yayılmış “vergi boşluğu”nun qiymətləndirilməsini təklif edir.
“Vergi boşluğu anlayışına fərqli yanaşmalar mövcud olsa da, ümumilikdə qeyd edilməlidir ki, vergi boşluğu il ərzində ödənilməli olan vergi məbləği ilə könüllü şəkildə vaxtında ödənilən vergi məbləği arasındakı fərqdir. Bu göstəricinin hesablanılması və “Büdcə zərfi”ə daxil edilməsi yeni vergitutma obyektlərinin cəlb edilməsi, eyni zamanda “kölgə iqtisadiyyatı”nın miqyasının ildən-ilə azaldılması yolu ilə vergi inzibatçılığının effektivliyinin yüksəldilməsinə xidmət edər. Eyni zamanda, bu yanaşma potensial və faktiki vergi daxilolmalarının həcmi arasında fərqə təsir edən amillərin müəyyənləşdirilməsi vasitəsilə bu fərqin azaldılmasına və könüllü bəyanetmə səviyyəsinin yüksəldilməsinə də şərait yaratmış olar”.
Vüqar Gülməmmədov bildirib ki, dövlət büdcəsinin kəsiri 2019-cu ildə dövlət büdcəsinin xərclərinin strukturunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar xaricdən cəlb edilmiş kreditlər, özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcək.
“Ümumiyyətlə, kəsirin maliyyələşmə məbləğinin növbəti ildə dövlət büdcəsinin gəlir və xərc parametrlərinin gözlənilən icra göstəriciləri ilə müqayisəsi 2019-cu ilin dövlət büdcəsinin kəsirlə başaçatma ehtimalını minimallaşdırır.
Dövlət borcu ilə bağlı ilk olaraq qeyd edim ki, 2019-cu ilin dövlət borcunun limit göstəriciləri "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun şəkildə proqnozlaşdırılmışdır.
Hesablama Palatası müasir dövrdə fiskal risklərin nəzərə alınması baxımından ən yaxşı təcrübə olaraq müəyyən edilən statik göstəricilərə əsaslanaraq 5 metodoloji sənəd əsasında təhlil həyata keçirmiş, ümumilikdə hər bir yanaşmada borc göstəricilərinin kritik hədd normalarından uzaq olduğu, ölkəmizdə borc dayanıqlılığının təmin edildiyi qənaətindədir”.

Bu xəbər oxundu
- - -