Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Vergilər Nazirliyi vergidən yayınma ilə mübarizəyə başlayıb

14.11.18, 12:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vergidən yayınma halları ilə bağlı son zamanlar aparılan təhlillər göstərir ki, bu cür pozuntular daha çox ticarət, ictimai-iaşə, tikinti və hətta bəzi istehsal sahələrində dövriyyələrin azaldılması hallarına rast gəlinir. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, aparılan təhlillərə əsasən, sadələşdirilmiş verginin əhatə dairəsinin genişləndirilməsindən sui-istifadə edən bəzi sahibkarlar dövriyyələrinin həcmini kiçiltməklə, ortada olan pul vəsaitlərini ayrı-ayrı kiçik müəssisələrin adına rəsmiləşdirərək özlərini sadələşdirilmiş vergi ödəyicisi kimi təqdim etməyə çalışırlar. Başqa sözlə, onlar vergidən yayınmağın yeni üsulu kimi, dövriyyələrin bölüşdürülməsindən istifadə edirlər.
Belə hallar əsasən iri ticarət şəbəkələrində, ictimai-iaşə xidməti obyektlərində və bəzi istehsal sahələrində qeydə alınır. İstehsal müəssisələri arasında dövriyyələrin gizlədilməsi və ya bölüşdürülməsi hallarının həcminin gizlədilməsi alkoqollu içkilərin emalı müəssisələrində daha çox rast gəlinir. Bunu son vaxtlar həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də təsdiq edir. Məlum olub ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olan bəzi vergiödəyiciləri tərəfindən istehsalın həcminin gizlədilməsi, saxta aksiz markalarından istifadə etməklə istehlak bazarına qeyri-qanuni məhsulların çıxarılması, aksiz markalarının dəyişdirilməsi hallarına yol verilir. Məsələn, müəssisələrdə şərab istehsal olunmadığı halda, xarici görünüşünün fərqlənməməsindən yararlanaraq, şərab məhsulunun üzərinə vurulduğu bəyan edilən aksiz markaları (vergi dərəcəsi 1 litr üçün 10 qəpik) vergi dərəcəsi 20 dəfə ondan çox olan araq şüşəsinin üzərinə yapışdırılaraq satışa çıxarılır. Həmçinin, istehsal prosesində kiçikhəcmli (100 qram və 250 qram) şüşə tarasından istifadə olunduğu bəyan edilsə də, reallıqda aksiz markaları daha böyükhəcmli taralara yapışdırılır.
Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev vergi sistemi qarşısında duran prioritet məsələlərdən bəhs edərkən vergi qanunvericiliyinə əməl olunmasının vacibliyini, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsini, vergidən yayınma hallarına son qoyulması istiqamətində qətiyyətli tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayıb.
Qarşıya qoyulan vəzifələrin icrasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən bu sahədə təhlillər aparılaraq vergidən yayınma hallarının baş verdiyi əsas sahələr müəyyənləşdirilib. Əldə edilən məlumatlar belə bir qənaətə gəlməyə əsas yaradır ki, alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə ciddi qanun pozuntularına, o cümlədən cinayət tərkibli əməllərə yol verilir.
Bu səbəbdən, Vergilər Nazirliyi alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlayıb. Nazirlik spirtli içki istehsalçılarına və satıcılarına xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Belə ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.

Bu xəbər oxundu
- - -