Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ-ın neft siyasəti işə düşdü: İran çökdürülür

15.11.18, 7:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“ABŞ NOPEC qanun layihəsini qəbul etməklə, yəni neft qiymətlərinin ucuzlaşması yolu ilə həm İrana, həm də Rusiyaya ciddi zərbə vurmağı düşünür”.
Bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, NOPEC qanun layihəsi ABŞ-da həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənir:
“Konqresdə bununla bağlı demək olar ki, kifayət qədər fikir birliyi mövcuddur. Burada əsas məqsəd OPEK-in ləğv olunması deyil. Söhbət OPEK-ə qarşı ABŞ məhkəmələrində qiymət, kartel sövdələşməsinə görə iddia ərizələrinin qəbul edilməsi və iddia işlərinin qaldırılmasından gedir. Bu qanun layihəsinin yanvarda qəbul olunması gözlənilir. Qəbul olunarsa, o zaman ABŞ-da şirkətlər, hüquqi və fiziki şəxslər OPEK-in kartel sövdələşməsinə gedib, qiymət artırılması və bununla da onlara maddi ziyan vurduqlarını irəli sürərək iddia qaldıra biləcək. Bu da böyük təzminatların ödənilməsinə gətirib çıxaracaq. Məhz NOPEC layihəsinə görə Səudiyyə Ərəbistanından da ilkin qeyri-rəsmi bəyanatlar səsləndi ki, bu layihə qəbul olunsa, Səudiyyə özü bu təşkilatdan çıxacaq. Çünki OPEK-də ən çox təzminat ödəyəcək ölkə Səudiyyə Ərəbistanıdır. Bu qanun qəbul olunsa və Səudiyyə OPEK-dən çıxsa, bu təşkilat onsuz da avtomatik olaraq iflic vəziyyətinə düşəcək. Çünki Səudiyyənin OPEK-də hegemon gücü var”.
İqtisadçı qeyd edib ki, əslində neft istehsal edən ölkələr doğrudan da kartel sövdələşməsinə gedərək, hasilatı azaldaraq, bir neçə dəfə qiyməti artırmaqla məşğul olub:
“Bu da dünya ticarət qaydalarına görə iqtisadi cinayət sayılır. Bir anlıq təsəvvür edin ki, kakao istehsal edən ölkələr bu addımı atıb. Kakaodan şokolad istehsal olunur. Kakao istehsal edən ölkələrin də birliyi yaransa və sözü bir yerə qoyub kakao istehsalını azaldaraq qiyməti artırsa, şokoladın da dünyada qiyməti qalxar. Bu da dünya əhalisi tərəfindən çox hiddətlə qarşılanar və Ümumdünya Ticarət Təşkilatının məhkəmə sistemi işə düşə bilər. Bununla da həmin ölkələrə qarşı təzminat davaları açılar. Həmin məsələ elə neftə də aiddir. Uzun zamandır ki, bu məsələ ilə bağlı OPEK-ə güzəştə gedilirdi. İndi görünən odur ki, ABŞ tərəfindən bu həmlə OPEK-in kifayət qədər zəiflədilməsinə və neft qiymətlərinin formalaşdırılmasında OPEK-in rolunun azaldılmasına xidmət edir. Nəticə etibarı ilə bu addım qiymətlərin tənzimlənməsi, yəni aşağı düşməsinə hesablanıb. Çünki OPEK-in qiymət siyasəti neftin qiymətlərini 45-50 dollardan 85-90 dollara qədər qaldırmışdı. Bu da Rusiya və OPEK-in birgə fəaliyyətinin nəticəsi idi. Digər tərəfdən neft qiymətlərinin yüksəlməsi Rusiyaya ABŞ tərəfindən tətbiq olunan sanksiyaların effektini azaltmağa imkan verirdi”.
İqtisadçının sözlərinə görə, qanun layihəsi qəbul olunsa, neft qiymətlərində kəskin enmələr müşahidə ediləcək:
“Bu da neft istehsal edən ölkələr üçün iqtisadi cəhətdən problemlərin yaranmasına gətirib çıxara bilər”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının OPEK-in buraxılması imkanlarının öyrənilməsinə başladığı haqda məlumat yayılıb. Ər-Riyadın belə addım atmasına səbəb kimi ABŞ-ın qəbul edəcəyi NOPEC qanun layihəsi, eləcə də neftin gələcəkdə öz effektivliyini itirmək imkanları göstərilib.

Bu xəbər oxundu
- - -