Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əbdülhəq Hamid Tarxan - yeni türk ədəbiyyatının inkişafında misilsiz xidməti olan görkəmli şair və dramaturq

15.11.18, 10:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Şair həyat yoldaşı Fatmanın ölümündən sonra onun məqbəri üzərində ah-vay etsə də daxilən ölümü qəbul edə bilmir. Onun nəzərində ürəyində eşq olan insana heç nə, o cümlədən ölüm də qalib gələ bilməz. Bu məqamda onun fikirləri sufi bir məna kəsb edir. Lakin məzarda yatan Fatmanın şairin heç bir fəryadına məhəl qoymadığını gördükdən sonra o, ölüm barədə düşünür və faktiki olaraq hələlik ölümü bir sirr kimi anlamasa da, onu qəbul edir. Hamid əsərdə özünün mənəvi-psixoloji axtarışlarının məntiqi kimi cahanda baş verən hər şeyin Allah iradəsində olduğunu dərk edir. Onun ruhuna və qəlbinə hakim kəsilir ki, kürreyi - ərzdə Allahın iradəsindən kənarda heç nə yoxdur. Nə varsa onun qüdrətində və ixtiyarındadır. Ona görə də şair üzünü Allaha tutur və öz diləyini aşağıdakı şəkildə bildirir:

Sən xaliqimizsən, ettik iman,
Bir səndə bulur bu yəspayan.
Sən varkən olurmu axirət yox?
Yox şübhə ki, səndə mərifət çox.
Duydum, səni istiyər bu vicdan,
Bildim, sənə vəsil oldu canan
Təkrar buyur fəqət həyatın
Can ver ona, vermədinsə dərman.

Bunlardan sonra bir nəticə hasil olmadığını gördükdə isə şair etiraz yolu seçir. Lakin bütün fəlsəfi axtarışlarında son çıxış yolu tapa bilməyən şair bədbinliyə qapılır. Ölümün hikməti açıqlanandan, onun həyatın özü qədər mənalı bir faktor olduğu dərk olunandan sonra hər şey yenidən dəyişir. Şair hər şeylə barışmaq zərurətində dayanır. Ancaq yenidən sevgi duyğularının güclü təsiri Fatmanın ruhunu göylərə çəkib əbədiyyətə qovuşdurmaq istəyini meydana atır. Onun xəyalını qəlbində yaşadacağı ilə təsəlli tapır. Lakin o öləcəyi və torpağa basdırıldıqdan sonra Fatmanın xəyalını gəzdirdiyi qəlbinin də torpaq altında çürüyəcəyini biləndə düşüncələrində dəyişikliklər baş verir. Yenidən qəlbinə pıçıltı ilə süzülən sözlər əslində hər şeyi dəyişir və başqa formada meydana çıxarır. Təbii olaraq onun düşüncələrinin dəyişkənliyi mürəkkəb və ziddiyyətli baxışlardan irəli gəlir.
Bütün bunlar şairin Fatmanı “ölümün pəncəsindən alıb həyata qaytarmaq ehtiyacından yaranır.” Qeyd etmək lazımdır ki, bu ziddiyyətlər fonunda son anda əsl həqiqət dərk edilir: Allah böyük qüdrət sahibidir, o, mütləq mənada dərkedilməzdir, onun sirləri heç kimə əyan deyil, ölüm də onun sirlərindən biridir, ölüm sirr olmaqla yanaşı, həm də həqiqətdir, qaçılmazdır.
Əbdülhəq Hamid bu ideyanı qoyduğu problemlərin davamı və izahı yolunda yazdığı “Ölü” (1885) poemasında da əks etdirib. Lakin “Həclə” (1885) poemasında isə müəyyən ölüm və həyat problemlərinə qarşılıqlı şəkildə yer verilsə də, son anda yaşamaq, həyat eşqinə üstünlük verilir. Ümumiyyətlə, şair “Qəram” (1876) və “Baladan bir səs” (1911) əsərlərində də fəlsəfi görüşlərini əks etdirir, Tanrı, kainat, səma, ruh problemlərinə daha çox diqqət yetirirdi. Lakin bu mərhələdə Hamidin yaradıcılığına xas olan bir çox ziddiyyətli məqamlar açıq-aşkar özünü göstərirdi.
Əbdülhəq Hamidin poemalarındakı romantik-fəlsəfi axtarışlarına nisbətən vətən, millət, hürriyyət və s. problemlərin daha çox təsvir və tərənnümünə həsr olunan dramaturgiyası təkcə Hamid yaradıcılığı üçün deyil, bütün türk ədəbiyyatı üçün xarakterikdir. Əbdülhəq Hamid dram əsərlərini həm nəzm, həm də nəsrlə yazıb. Bir cəhəti də qeyd edək ki, nəzmlə yazdığı əsərlərini heca və əruz vəznində, nəsrlə yazdıqlarının bəzilərini isə nəzmin növbələşməsi şəklində qələmə alıb. “Macərayi-eşq” (1873), “Səbru-səbat” (1874), “Sardanapal” (1875), “Hind qızı” (1876), “Nesteren” (1878), “Libertə” (1878), “Əşbər” (1880) və s. səhnə əsərlərində müəllif qədim tarixi hadisələrdən tutmuş, dövrünün ictimai-siyasi, real-tarixi problemləri fonunda dövlət, hakimiyyət, cəmiyyət hüququ məsələlərinin təsvirinə geniş yer verib.
Əbdülhəq Hamidin ilk dram əsəri olan “Macərayi-eşq” ailə-məişət, eşq mövzusu üzərində qurulub. Əsərdə hökmdar uşaqları arasında cərəyan edən qarşılıqlı məhəbbət diqqət mərkəzində saxlanılır. “Səbru-səbat” və “İçli qız” əsərləri də eşq və köhnə əxlaq, adət-ənənə mövzusu üzərində qurulub. Sevgi macəraları üzərində qurulan “Səbru-səbat’’da öz eşqi yolunda çətinliklərlə üzləşən, son anda vüsala yetişən bir gəncin taleyindən söhbət açılır. Əsərin qəhrəmanı Mehmed bəy anası öldükdən sonra əmisinin yanına gəlir, burada Rəqsevər adlı bir cariyəyə aşiq olur. Lakin əmisi Münir paşa Mehmedi qızı Zəhraya nişanlamaq istəyir. Zəhra da Mehmedə ərə getməyə razılıq verir. Münir paşa Rəqsevəri evdən uzaqlaşdırır. Mehmed bəy dərviş simasında onu araya-araya Parisə qədər gəlir. Lakin qızı heç yerdə tapa bilmir. Parisdə əmisi qızı Zəhranın əri Müyəssər bəylə tanış olur. Müyəssər bəy ona atasının İstanbulda ağır xəstə olduğunu bildirir. Mehmed bəy geri qayıdır. Lakin qayıtdıqdan sonra İstanbulda gördükləri onu heyrətə gətirir. Rəqsevər indi onun atası Münim əfəndinin cariyəsidir və atası ağır xəstə vəziyyətdə onunla evlənmək fikrindədir. Lakin qız buna heç cür razılıq vermir. Münim əfəndi ölür və Mehmed bəylə Rəqsevər bir-birinə qovuşurlar. Məzmundan göründüyü kimi, Mehmed bəy haqq tərəfdarıdır. O, düşüncələrində müstəqildir. Həqiqəti hər şeydən üstün tutmağı bacarır. Buna görə də sevgisində sədaqətlidir. Əsl məhəbbəti kimlərinsə istəyinə qurban vermir. Məhz bu səbəbdən əsərdə öz səadətini tapa bilir.
Dramaturgiya sahəsində Ə.Hamidin ən uğurlu əsərlərindən biri “Hind qızı’’dır. Əsərin mövzusu Hindistandan götürülüb. Lakin onu qeyd etmək lazımdır ki, ədib bu əsəri Hindistana getməmişdən əvvəl yazıb. Əsərin yazılma səbəbi müxtəlifdir. İlk öncə müəllif Hindistanla bağlı çoxlu mənbələr oxuyub, Avropanın Şərq maraqları qarşısında, digər xalqlar kimi əzilən, haqqı tapdanan hindlilərin vəziyyətinə daim acıyıb, öz etiraz səsini ucaldıb. Təbii olaraq Ə.Hamid Qərbin Şərq maraqlarında Türkiyəyə olan meyli də görüb və romantizmin tələbi kimi hadisələrin başqa bir yerə köçürülməsi prinsipinə əməl edib. Özünün yazdığına görə İstanbulda bir dükandan satın aldığı kiçik bir hind rəqqasəsi heykəlinin onda oyatdığı təəssürat bu əsərin yazılmasına təkan verib. Müəllif əsərdə hindlilərə qarşı ingilislərin vəhşiliklərini, amansızlıqlarını təsvir edib, istibdad nəticəsində məhv olan bir xalqın fəryadlarını qələmə alıb. Maraqlı odur ki, Hamid bu prosesləri bir çox məqamlarda konkret olaraq hind xalqının timsalında versə də, bəzi hallarda proseslərə ümumi don geyindirir, Şərq xalqlarının ümumi dərd və faciəsi şəklində əks etdirir. Müəllif ingilis ağalığının hind həyatında oynadığı pozucu rolu verməkdən ötrü hadisələri geniş məkanda cərəyan etdirir. Demək olar ki, məkan məhdudiyyəti olmayan “Hind qızı” əsərində həm kənd, həm də şəhər həyatının əksi özünə yer tapır. Və hər iki məkanda ingilis ağalığının, ingilis zülmünün icraçıları olan Bortel və Tomsonun simasında müəllif ümumi mənada müstəmləkə rejiminin mənəvi eybəcərliklərini göstərə bilib. Maraqlı odur ki, Hamid əsərdə hind xalqının milli-azadlıq ruhunun böyüklüyünə xüsusi yer ayırıb və bu ruhun qarşısında gəlmə ağaların əyildiyini, sındığını yüksək formada nümayiş etdirib. İngilis zülmünə qarşı etirazların, milli azadlıq hərəkatının önündə gedən Turrumtur müəllifin yaratdığı maraqlı obrazlardan biridir. “Milləti bir ailə’’, “yaranmışları Vətən adlı ananın övladı” hesab edən Turrumtur xalqı birliyə səsləməkdə əvəzsiz rol oynayır, millətin qurtuluşunu müstəmləkə bəlasından xilas olmaqda görür.
Əbdülhəq Hamidin “Hind qızı” əsərində ictimai-siyasi problemlər əhəmiyyətli və lazımlı formada qoyulsa da, müəllif görüşlərinin müəyyən ziddiyyətləri özünü göstərib. Təbii olaraq, bu halın ortaya çıxmasında Hamidin islahatçılıq görüşlərinin böyük təsiri olub. Vətənpərvərlik duyğularının tərənnümü, ədalətsiz fatehlərə qarşı mübarizə, torpaqların yadellilərdən qorunması ideyası “Əşbər” əsərinin mərkəzi xəttini təşkil edir. “Əşbər” mənzum formada yazılmış tarixi dramdır. Hadisələr Pəncab əyalətində cərəyan edir. İranı fəth etdikdən sonra Makedoniyalı İsgəndər Hindistana yürüş edir. Lakin Hindistana gedən yol Pəncabdan keçir. Pəncab igidləri başda Əşbər olmaqla ölkələrinin İsgəndər ordusunun tapdağına çevrilməməsi üçün mübarizə meydanına atılırlar. Onların İsgəndərin çoxsaylı qoşunları ilə qeyri-bərabər döyüşə girmək qərarları vətənlərinə olan sonsuz sevgilərindən doğur. Bu vəziyyətdə müəllif həm Əşbərin, həm də Pəncab igidlərinin vətənpərvərlik qüdrətlərinin bütün gözəllik və incəliklərini ortaya çıxarır. Əşbərin yeganə idealı vətənini qorumaqdır. Bu yolda hər şeyi qurban verməyə hazırdır. O, biləndə ki, bacısı Sumru İsgəndərin yalançı məhəbbət toruna düşüb, onun qurbanına çevrilib, düşmənə könül verən doğma bacısına da güzəşt etmir. Sumrunun:

Lazımmı bizə vətən və millət?
Biz var olalım, yetər bu dövlət

– təklifinə Əşbər etiraz edir, qəti addım atmaqdan belə çəkinmir:

Çıx torpağımızdan onda zira,
Sən ölməyə də deyilsən ahra

- deyərək Sumrunu xəncərlə öldürür və başqalarına görk olsun deyə, Kəşmir qalasının önündə dar ağacından asdırır. Son anda İsgəndər Pəncabı yandırır. Əhalini qılıncdan keçirir. Müəllif hadisələrin bu anını olduqca təsirli boyalarla əks etdirmişdir. Bütün şəhər yanır, fəryad səsləri ərşə qalxır, hər şey cəhənnəmi xatırladır. Əşbər əli zəncirlənmiş halda İsgəndərin hüzuruna gətirilir. Lakin o, bu vəziyyətdə də özünü qalib sayır. Çünki onun fikrincə haqq işi uğrunda mübarizə ölümlə nəticələnsə də, orada məğlubiyyət yoxdur. Bu məntiq və iradə İsgəndəri heyrətə gətirir. Onun qollarını açdırıb, qılıncını özünə verdirir. Əşbər isə qılıncı ilə özünü öldürür.
Əbdülhəq Hamid “Əşbər” əsərində tarixi mövzuya müraciət etməklə Pəncab igidlərinin timsalında insanların vətənpərvərlik duyğularını tərənnüm edib, yeni dövr, yeni ədəbiyyat üçün səciyyəvi olan vətən naminə şərəfli ölüm idealını ortaya atıb.


Elman Quliyev
filologiya üzrə elmlər doktoru,
professor

Bu xəbər oxundu
- - -