Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağın sülh yolu ilə yalnız bir həlli yolu var”

15.11.18, 10:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rövşən Məmmədli: “Bir milyon qaçqını təşkilatlandırıb hüquq müstəvisində öz yurdlarına dinc qayıdışlarını təşkil etmək”

Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərləri başa çatdı. Əvvəlcədən də proqnozlaşdırıldığı kimi vasitəçilərin bu dəfəki səfəri də nəticəsiz və problemin həllinə heç bir təsiri olmadan başa çatdı. Artıq 20 ildən çoxdur ki, eyni proses davam edir. Və ortada heç bir nəticə yoxdur. Vasitəçilərin ötən illərdəki fəaliyyətini şərh edən ekspertlər isə hesab edirlər ki, onların, eləcə də həmsədrləri təmsil edən ölkələrin əsas məqsədi Azərbaycanı təslimçi sülhə vadar etməkdir. Elə müstəqil ekspert Rövşən Məmmədli də bu qənaətdədir. Onun sözlərinə görə, neçə illər öncə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin nümayəndələri tez-tez belə bəyanatlar yayırdılar ki, Dağlıq Qarabağ məsələsi kompromis variantda həll olunur, qalır xalqların bu kompromisə "hazırlanması". Nəzərə alsaq ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır, onda Qarabağ Azərbaycana qaytarılsa da ermənilər bundan o qədər də kefsiz olmayacaqlar: "Çünki, onsuz da Qarabağ onların deyildi. Ancaq Qarabağ Azərbaycana qaytarılmasa, onda bu Azərbaycan xalqının ən qara günü olur və olan-qalan vətəninin də gələcəyi qara gümanlara qalır. Deməli söhbət hər iki xalqın sülhə" hazırlanmasından" gedirdisə, nəzərdə də biz tutulurduq və zərbə də bizə vurulurdu. Ancaq ATƏT-in Minsk qrupu həmsədr dövlətləri xalqımızın bu itki ilə barışmayacağını bildiklərindən xalqların adı ilə yalnız xalqımızın bu "itkiyə" hazırlanmasını işarə edirdi. Əlbəttə xalqımıza sözlə, danışıqla kimsə hünər edib bu ədalətsiz "sülhə" anlayışla yanaşmağı deyə bilməzdi. Odur ki, hər üçü də ermənipərəst mövqedən çıxış edən və əslində həmsədrliyinə də Qarabağı Ermənistana vermək üçün gəlmiş dövlətlər hansısa məsələlərdə bir-birilərinə qarşı olsalar da, ancaq Qarabağ məsələsində həmrəy olub Azərbaycan tərəfə, daha doğrusu hakimiyyətə xalqı bu ədalətsiz sülhə hazırlamaq işarəsi verir". Ekspert deyir ki, bu siyasət indi daha güclü. daha ağılsızcasına aparılır: "Ancaq tarix boyu halal yaşamış, kimsənin torpağında gözü olmayan xalqımız bu imtahandan da çıxmağa hazırlaşır və müşahidələr göstərir ki, xalqımız xarici və daxili oyunbazların bu siyasətini artıq tapdalamaqdadır Xalq ayılır və özünə qurulan bu fırıldaqların iç üzünü görür. Artıq ümid çoxdur ki, xalqımız tez bir zamanda Qarabağı qaytarın hayqırtısı ilə ayağa qalxıb, Qarabağda ermənilərin məskunlaşmalarının qarşısın kəsib torpaqlarımızı azad etsin".
Rövşən Məmmədli qeyd edib ki, Qarabağın sülh yolu ilə yalnız bir həlli yolu var: "Bir milyon qaçqını təşkilatlandırıb hüquq müstəvisində öz yurdlarına dinc qayıdışlarını təşkil etmək. Bu haqda mən bir il öncə silsilə geniş yazılar vermişəm, ideyanın proqramını tərtib etmişəm. Yığcam onu göstərirəm ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi, toxunulmaz ərazisi kimi tanıyıb. 1988-ci ildə Nijdeh təfəkkürlü erməni faşizmi 370 min sonuncu azərbaycanlıları Ermənistandan ən zorakı üsullarla deportasiya etdilər. Sonra isə bu yaraqlı adamlar Dağlıq Qarabağa doluşub yerli erməniləri məcburi seperatçılığa yönəldib sonucda Dağlıq Qarabağdan, eləcə də ona bitişik bölgələrimizdən, o cümlədən Zəngilandan bir milyondan artıq soydaşlarımızı silah gücünə qovdular. Məsələnin həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmir və bölgədə ədalətli sülhü yarada bilmir. Həmsədr dövlətlər ermənipərəst mövqe sərgiləyir, hər vasitə ilə problemin həllini uzadırlar. Ermənistan 25 ildir öz təcavüzkarlığını davam etdirir, hər cür sülh danışıqlarını aşkar şəkildə pozur, beynəlxalq hüquqa sayğısızlıq göstərir, dünya ictimaiyyətinə etinasızlıq nümayiş etdirir. Ermənistanın bu qəbuledilməz qəsbkar, faşist mövqeyini beynəlxalq aləm yaxşı görsə də, ancaq yenə də məsələnin sülh yolu ilə həllini təklif edir, müharibəyə etiraz edirlər. Belə vəziyyətdə sözsüz Azərbaycan tərəfi müharibəyə hazırlaşmalı və bütün dünya açıq hiss etməlidir ki, Azərbaycan torpaqlarını müharibə yolu ilə həll edəcəyində qətiyyətlidir və hər hansı yolla Ermənistana təsir etməsələr Azərbaycan qoşunu torpaqlarını azad etmək əmri alacaqdır. Bu vəziyyət öncəsi dünyanın bizim müharibə istəmədiyimizi sonuncu dəfə nümayiş etdirmək üçün yuxarıda dediyim kimi bir milyon qaçqınımızı hazırlayıb dinc yolla öz doğma yurdlarına qayıtmalarını təşkil etməliyik. Bunun üçün hüquqi əsas kimi bütün dünyanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını, erməni faşizminin bir milyon soydaşımızı silah gücünə yurdlarından qovmalarını, BMT-nin erməni qoşunlarının Azərbaycanın işğal etdikləri ərazilərindən danışıqsız, şərtsiz çıxarılmaları haqda məlum 4 qətnaməsini, dövlətlərin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını müdafiə edən beynəlxalq hüquq normalarını, son 25 ildə bir çox Qərb dövlətlərinin, həmçinin ATƏT, BMT Avropa Şurası, Avropa Birliyi, İslam Əməkdaşlığı Təşkilatı və digər çoxsaylı önəmli beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünü bir daha tanımalarını, Ermənistanı işğalçı dövlət kimi qəbul etmələrini, eləcəcdə Azərbaycan dövlətinin Konstitursiyasını və BMT Nizamnaməsini hüquqi əsas kimi götürmək lazımdır. Ən əsası isə bir milyon qaçqını rayon-rayon təşkilatlandırmalı onların dinc qayıdışını planlaşdırıb mütəşəkkil qaydada təşkil etmək lazımdır. Bu qayıdışı mükəmməl hazırladıqdan sonra bütün dünya dövlələtlərinin rəhbərlərini, parlamentlərini bu qayıdışla bağlı məlumatlandırmalı və bu dinc qayıdışı dəstəkləmələrini xahiş etmək lazımdır. Eyni halı beynəlxalq qurumlarla işləmək və ən mühümü dünyanın aparıcı mətbuatının, tanınmış jurnalistlərinin, xoş niyyəti, ədaləti üstün tutan ictimai xadimlərinin diqqətini bu qayıdışa cəlb etmək, tədbirin peyk vasitəsi ilə bütün dünyaya yayılmasını yüksək bacarıqla təşkil etmək lazımdır". Ekspert həmçinin qeyd edib ki, dünyanın tanınan jurnalistlərini, insan hüquqlarının müdafiəçilərini, Ombudsmanları, parlamentariləri, senatorları, dövlət başçılarını Azərbaycana dəvət edib bu qayıdışı canlı müşahidə etmələrini təşkil etmək vacibdir: "Bir sıra digər vacib tədbirləri də görəndən sonra Azərbaycanın Ombudsmanı, hüquq müdafiəçiləri önə düşüb bir milyon qaçqını öz doğma yurdlarına, Qarabağa aparmalıdırlar. Əgər bunu yüksək səviyyədə təşkil edə bilsək, erməni əsgərləri dinc xalqa atəş aça bilməyəcəklər və fakt qarşısında qalıb geri çəkiləcəklər. Əgər hər hansı bir şantaja, ya atəş açmağa əl atsalar, o zaman dünya bunu görəcək və Ermənistanı qınayacaqlar. Həmçinin Azərbaycanın haqlı və doğru mövqeyini bəyənəcəklər. Əgər Ermənistan və onun Nijdeh təfəkkürlü faşist qoşunları təxribata, ya silaha əl atarlarsa onda yuxarıda qeyd etdiyim güclü hərbi hazırlıq vəziyyətinə gətirilmiş Azərbaycanın şanlı Ordusu xalqı geri çəkib özü önə çıxmalı və 3-4 saata erməni faşizmini ölkəmizdən çıxarıb Gorusdan o yana tullamalıdır. Yol budur, bu yolu millət olaraq qət etməliyik".

Bu xəbər oxundu
- - -