Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Milli Məclisin deputatları gəlir deklarasiyası təqdim etməlidirlər”

15.11.18, 12:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin 10-cu maddəsinə edilən dəyişikliklərə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz. Mən belə qənaətdəyəm ki, bu məbləğ kifayət qədər azdır. Çünki başqa ölkələrdə bu rəqəm daha böyükdür. Biz gərək "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda da bu rəqəmi dəyişək, məhz orada həmin rəqəmin artırılması ilə bağlı təklif irəli sürək. Belə olsa, problem öz həllini tapacaq”.
Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin dünən keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, maraqların toqquşmasının qarşısının alınması çox vacibdir: “Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməli, xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyət yarandıqda maraqlarından imtina etməlidir. Burada deyilənlər başqa ölkələrdə çoxdan, daha sərt şəkildə qəbul olunub. Böyük Britaniyada deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir. Almaniyada deputat cinayətdə ittiham edilirsə, o iclas zalında həbs olunur. Elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, hətta parlamentdə çıxış etməsə, onu çox ağır cəza gözləyir”.
Ə.Amaşov deputatların gəlir deklarasiyasının qəbul edilməsini təklif edib: “Hesab edirəm ki, qanun layihəsini hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib. Beynəlxalq təcrübədə gəlir deklarasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklarasiyasının tətbiqini bu dəfə də olmasa gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur”.

Bu xəbər oxundu
- - -