Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

16.11.18, 13:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Yüksək Texnologiyalar Həftəsi"nə start verilərək dekabrın 4-7-də Bakıda "Bakutel 2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransı keçiriləcək. "Caspian Event Organisers" (CEO) şirkətindən AZƏRTAC-a bildiriblər ki, bu gün "Bakutel" sərgisi sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş yalnız bir sərgi deyil, burada İKT müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarlar toplanaraq, iqtisadi və sosial rifahı təmin etməkdə mühüm rol oynayan bütün fəaliyyət istiqamətləri üçün geniş imkanlar və son inkişafları təklif edən və əhalinin həyat səviyyəsinin artırılması üçün unikal bir platformadır.
"Bakutel 2018" sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" şirkəti, baş sponsoru qismində müntəzəm iştirakçısı olan "Azercell Telecom" çıxış edir.
Bu il sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri və gənc ixtiraçılar var. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılan "Bakutel 2018" sərgisində ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendləri nümayiş olunacaq.
Builki sərgi bir real innovasiya festivalı da təqdim edəcək. Sərgidə banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, "Ağıllı Şəhər" (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və "bulud" texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Hər il iştirakçıların siyahısına yeni şirkətlər əlavə olunur, sərginin ekspozisiyası genişlənir. Bu il debütantlar arasında “Silk Way Biznes Aviasiya”, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), "Sistematiks" (Rusiya), "Suntech" (Polşa) və digərləri yer alır.
Sərgidə ilk dəfə olaraq “Silk Way Biznes Aviasiya” öz stendində təyyarə üçün yeni bir laboratoriya təqdim edəcək: ATR 42-500. Bu, hava gəmisi üçün yenilik Sokkia GRX1 cihazında gerçək zamanlı kinematik metodundan (RTK) istifadə edilən geodeziya çəkilişidir. Sərgidə turizm, ekologiya, qonaqpərvərlik, mühasibatlıq və s. kimi müxtəlif fəaliyyət istiqamətləri üzrə yeni ideyalarını təqdim edəcək 100-ə yaxın Azərbaycan startapçısı təqdim olunacaq. İnkişafın təsirli bir hissəsi virtual və genişlənmiş reallıq texnologiyalarının tətbiqinə əsaslanır.
Sərginin yeni istiqaməti kimi kiçik və orta müəssisələrin, özəl texnologiya ixtiraçılarının biznesinin inkişafına və əyləncədən tutmuş neft sahəsi üzrə olan bütün məsələlərinin həllinə yönlənərək, onları özünə cəlb etməkdir. Bu istiqamət Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə reallaşdırılır. Sərginin dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı keçiriləcək. Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin "Bakutel" sərgisi çərçivəsində "B2B" formatlı görüşlər təşkil olunacaq. İşgüzar görüşlər və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını xoş sürprizlər, eləcə də müsabiqə və viktorinalar gözləyir. İlk dəfə olaraq "Bakutel" sərgisində alman alimlərinin ixtirası olan ultramodern texnologiyası əsasında hazırlanan "Robokiper" təqdim olunacaq. "Robokiper" - dünyanın ən sürətli qapıçısı hesab edilir. "Bakutel 2018" sərgisinin ziyarətçiləri və qonaqları "Robokiper"ə qol vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə "Azercell" şirkəti tərəfindən müxtəlif hədiyyələr və "Aloff" firması tərəfindən futbol topu təqdim ediləcək. "Bakutel" sərgisi hər kəsə ən yaxşı nailiyyətlər və texnologiyaların qəbul edilməsi, yeni tərəfdaşlar və investorların tapılması, eləcə də biznesin inkişafı üzrə səmərəli həll yollarını təqdim edəcək. Sərgi haqqında ətraflı məlumat, eləcə də elektron dəvətnaməni www.bakutel.az rəsmi saytından əldə etmək olar.

Bu xəbər oxundu
- - -