Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Çağdaş Güney Azərbaycan epik şeirinin qaynaqları

03.12.18, 12:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Haşım Tərlanın “Şahin və simurq” poemasında isə Şahin azadlığı əlindən alınaraq Qaf dağının zirvəsində ayaqlarından zəncirlənmiş Simurq quşunu azad etməsinin müqabilində onu öz ağasının yanına ərməğan aparmaq istəyir. Lakin azadlığı dünyanın hər şeyindən-hətta qızıl qəfəsdən, ən dadlı yeməklərdən də üstün sayan Simurq onun təklifinə boyun əymir. Boyunduruqda və hər cür naz-nemətin içində yaşamaqdansa, Qaf dağının zirvəsində azad şəkildə ölməyi üstün tutduğunu bildirir.
Güney şairlərinin nağıl, rəvayət, dastan motivləri, folklorik deyim tərzləri, bayatı, sayaçı sözlər, atalar sözləri, zərb-məsəllərdən və s. yüksək sənətkarlıqla, yaradıcı surətdə faydalandığını görürük. Aşağıdakı beşliyə diqqət yetirək:
Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qap-bacanı döyəndə,
Qurd keçinin Şəngülüsün yeyəndə,
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb, ondan sonra solaydım.
İlk baxışdanca Şəhriyarın cəlbedici, füsunkar bədii portret yaratmaq ustalığı bütün aydınlığı ilə görünür. Səhifələrə yerləşəcək əhvalat və hadisələri yığcam, eyni zamanda mükəmməl, bitkin şəkildə ifadə etmək ustalığı, təkrarsız sənətkarlığı oxucunu riqqətə gətirir. O, bu misralarda əksər kənd uşaqlarının yaşadığı canlı, bənzərsiz məişət mənzərələri, həyat səhifələrini göz önündə canlandırır və bir-birindən gözəl tablolar yaradır. Yaradıcılığı boyu folklor ənənələrinə söykənən şair Azərbaycan xalqının dühasının min illər boyu qətrə-qətrə yaratdığı tükənməz bədii sərvətin, müdriklik səltənətinin qədrini bilmiş, oradan zərgər dəqiqliyi ilə incilər seçə¬rək onları estetik idealına, bədii məqsədinə müvafiq surətdə ya olduğu kimi, ya da dəyişərək əsərlərinə gətirib.
Güney şairləri bəzən əfsanə, yaxud rəvayətlə əlaqədar obrazlara, həmçinin obrazlarla bağlı təhkiyələrə bədii idealından, məqsədindən asılı olaraq müxtəlif yöndən yanaşır, əfsanənin bu və ya digər xüsusiyyətinə, daşıdığı mənaya işıq salırlar. “Harut və Zöhrə, Harut və Marut, Yusif və Züleyxa, Süleyman və Bilqeyis, Mahmud və Ayaz, Musanın əsası, Şəqqul-qəmər, Nuh peyğəmbərin qarğışı, Kəlilə və Dimnə, Veys və Ramin, Bəhramın şir əlindən tac alması, Prometeyin od oğurlaması, İsa Peyğəmbərin son şamı və nəfəsilə ölü diriltməsi, Sara və Xançoban, Nuhun gəmisi, Dirilik suyu, Xıdır İlyas-Xızr Peyğəmbər, Simurq quşunun fəndi, Əzrayılın can bəxş etməsi, Divin canı, Göyçək Fatma və s. obraz və süjetlər bu silsilədəndir”. Ustad Şəhriyar, B.Q.Səhənd, K.M.Sön- məz, H.M.Savalan, M.Ş.Yalqız, H.Cəfəri və b. kimi şairlər poemalarında bu əfsanə, rəvayət və əsatirlərlə bağlı obraz və hadisələrə toxunurlar. Çox vaxt da bu əsaslanma, istinad yerinə düşür; təbiiliyi, təravəti ilə qarşıya qoyulmuş məqsədin, amalın açılmasına xidmət edir. Şəhriyarın “Səhəndim” poemasına müraciət edək:

Zöhrənin qəsri, brilyant, hasarı incidi, yaqut,
Qəsri cadudu, mühəndisləri Harut ilə Marut,
Orda Mani dayanıb, qalmış o surətlərə məbhut,
Qapı qulluqçusu Harut.

Əfsanəyə görə, Zöhrə (Nahid) ulduzu - Venera planeti (gözəllik, musiqi və sehr, cadu ilahəsi) gözəllikdə tayı-bərabəri olmayan, çalğıçı (qaval çalarmış), şən, məsud bir qadın imiş... Tanrının yerə göndərdiyi iki mələk - Harut və Marut işvəkar Zöhrəni gördükdə hər ikisi ona vurulur. Zöhrə xanıma heyran qalaraq ona sehr, cadu öyrətdiklərinə və gözəl ilahə ilə eşqbazlıq etdiklərinə görə hər iki mələk Tanrı tərəfindən cəzalandırılır, qanadlardan məhrum edilir və əfsanəvi Babil quyusunda başıaşağı asılırlar. Tanrı Gözəllik, musiqi və şənlik, sehr ilahəsi, əli qavallı Zöhrəni isə huri-qılmanlarla eşqbazlıq etdiyinə görə cəzalandıraraq yerdən göyə qovur və o, Zöhrə ulduzuna çevrilir. Beləliklə, klassik poeziyada Harut, Marut, Babil quyusu sehr, əfsun, tilsim rəmzi kimi geniş şəkildə işlədilir.
Əlbəttə, Şəhriyar bu əfsanəvi obrazlara “Səhəndim” poemasında yenidən həyat verməklə, Azərbaycanın şimal parçasında yerləşən Şirvanı tayı-bərabəri olmayan əsrarəngiz gözəlliyə malik cənnət bağı kimi tərənnüm edir. Şəhriyar daha sonra ulu Nizamiyə söykənərək göstərir ki, şir əlindən tac alaraq şeir, sənət dünyasının sultanı olmuş Səhənd həm də bu əlçatmaz şöhrət zirvəsinə əfsanəvi Simurq quşundan fənd alaraq ucalıb, uca Səhənd dağının da adını ədəbi aləmdəki qəhrəmanlığına görə qəbul edib. Burada şair şifahi xalq ədəbiyyatından və ulu Nizami obrazlarından istifadə etsə də, yenə də orijinal yol seçir və “Şir əlindən tac almaq”, “Simurq” detalları vasitəsilə təfərrüatı oxucunun təsəvvüründə canlandırır. “Yeddi gözəl” əsərinin qəhrəmanı Bəhram Gur səhər tezdən iki ac, yırtıcı şirin arasına qoyulmuş şahlıq tacını bu vəhşi heyvanların amansız pəncəsindən alaraq taxt-taca sahiblənir. Şəhriyar fərəhlə bildirir ki, şair Səhənd də poeziya aləmində belə qeyri-adi gedişlər etməyə qadirdir.
Azəryar Danişvərin (1971) “Ey-vay, ana!” poemasının adı belə M.Şəhriyarın “Ey-vay, anam!” poemasını xatırladır. Şairin “Gecənin əfsanəsi” poemasının məzmunundan, zəngin obrazlar silsiləsin¬dən yaradıcılıqla bəhrələnən A.Danişvərin “Ey-vay, ana!” əsərində əsas fərqli cəhət odur ki, ana ilə övlad arasındakı doğal sevginin onun ölümündən sonra da yaşadığını, Günəşin isə yerin, bütün kainatın anası kimi obrazlaşdırılmasıdır.
“Qürub” adlanan I fəsildə doğanın qanunlarını, Günəş, Ay, Yer, Yel-külək, Bulud, İldırım, Şimşək və Yağış kimi ənənəvi obrazların köməyi ilə uşaqlara gecəylə gündüzün bir-birini əvəzləməsi prosesini, təbiət hadisələrinin, tutaq ki, yağışın niyə yağdığını sadə və anlaşıqlı dillə başa salır. Dialoq şəklində qurulmuş poemanın uşaqlar üçün yazıldığı şübhəsizdir və bu cəhəti daha önəmlidir. Ayla Günəşin sevgi əfsanəsini də özünəməxsus tərzdə nəzmə çəkən şair “Sara və Xançoban” rəvayətini də unutmur, III fəsli “Apardı sellər Saranı!” adlandıraraq gənc ananın ölümünü və kiçik Sarasını meşənin dərinliklərində yalqız qoyması ilə əfsanədəki Saranı sel aparması hadisəsi arasında paralellər yaradır. Özünü Günəşin parçası, onu doğma balası sayan və vüsalına yetib qoynunda yatmaq istəyən Ayın “qaranlıqdan usanmışam” ifadəsinin alt qatında gizlənən məna uşaqlara çatmasa da, böyüklər yaxşı anlayır:

Öldürürdü Ay özünü, görsün Günəşin üzünü.
Amma, buludların canı, almışdır ondan imkanı.
Bulud qaldırıb başını verdi Ayın cavabını.
İndi gərək Günəş bata, o, yorğundu, gərək yata.
Yoxsa səhər çıxanmaz o, qaranlığı yıxanmaz o.
Sən də başından at bunu, bu, Tanrının öz qanunu.
Bu bir ana sevgisidir, Xilqətin öz vergisidir
Bu dünyanın həqiqəti, İnsanların məhəbbəti!

Azərbaycan xalqının problemlərlə üzləşməsi, milli haqq və hüquqlardan məhrum edilməsi, ana dilinin yasaqlanması və dili bağlı qalan uşaqların orta məktəbin ilk siniflərindən başlayaraq yaşadıqları mənəvi sıxıntı, təhqir və aşağılanmaya məruz qalması XX əsr Güney yazarlarının yaratdığı bir sıra əsərlərin baş mövzusuna çevrilib. Evdə türkcə dil açan uşağın məktəbdə fars dilində danışmağa və təhsil almağa məcbur edilməsi gerçəyini özü də yaşayan Azəryarın bu nisgil “Bağışlama məni!”, “Eşidirəm səni!”, “Vətən pülüşü”, “Lalam mən” poemalarını yazmasına nədən olmuşdur. Firudin bəy Köçərli xalqın, millətin və hər bir şəxsin varoluşunun nədənini, xoşbəxtliyini onun ana dili ilə bağlayaraq yazırdı: “Hər bir millətin ruhani həyat və səadəti bağlıdır onun ana dilinə. Necə ki, dili azadə dillərdə caridir, o millət baqi qalacaq. Bir millət nə qədər zillət və üsrətə düşsə də, nə qədər xar və zəlil olub ixtiyarını itirsə də, nə qədər aciz, zəif və məğlub olsa da, fövt olmaz, itib batmaz, bəşərti ki, onun ana dili əlindən alınmaya, o dilə cəlb olunmaya, onun hürriyyət və istiqlaliyyətinə mümaniət göstərilməyə və əliuzunluq olunmaya”. Hər bir xalqın ana dilini qoruyub gələcək nəsillərə ötürən ən mötəbər mənbə isə məhz onun folklorudur.
Azərbaycan şifahi xalq ədəbiyyatında, folklor nümunələrində şeytan əsasən şər qüvvələrin, insanları bəlalara salan pisliklərin, bəşəriyyəti haqq yolundan azdıranların simvolu kimi verilir. Mənsub olduğu ulu xalqın təfəkkür gücünə arxalanan ustad Şəhriyar uluların tutduğu yol ilə gedərək “şeytan” simasında yurdunu fəla-kətlərə sürükləyən, xalqı zülm, işgəncə və sonsuz mənəvi əzablara məruz qoyan, Allah yolunu azmış Rza şahı və onun nökərlərini, onların xarici havadarlarını, imperializmi və ümumiyyətlə, şər qüvvələri yana-yana təsvir edir, və pislikləri, xəbislik və murdarlıqları ümumiləşmiş rəmzi şeytanın obrazında təsvir edir. Xalqın düşdüyü ağır vəziyyətin, səfalətin, zülm və haqsızlığın əsas səbəbkarı kimi şeytan-iblisi günahlandırır, lənətləyir. Şəhriyar düşündüklərini, kəskin, alovlu tənqidi fikirlərini ədəbi priyom kimi şeytan simvolunun vasitəsilə verərək ayıq-sayıq oxucusuna dövrünün eybəcərliklərini çatdırır və onu bu pisliklərə qarşı mübarizəyə səsləyir.
Azərbaycan xalqı dərin mənalı deyimləri təsadüfi yaratmayıb, bu nümunələrdə iç dünyasını, sevinc və kədər duyğularını, həyata münasibətini bildirib. “Bu işdə şeytan barmağı var”, “Şeytan yıxan evi, Tanrı da tikə bilməz”, “Lənət şeytana” və s. deyimlərdən əsərlərində bacarıqla istifadə edən Şəhriyar, Səhənd, Sönməz, Savalan, Sahir, Yalqız, Haray, H.Cəfəri, M.C.Hüseyni və b. əsərlərində əvvəl zərrə boyda olan, sonra bir insanın, bir evin, daha sonra bir elin, xalqın faciəsinə çevrilən şeytanın - şər qüvvələrin mahiyyətini rəngarəng bədii forma və üsullarla açırlar. Yalqız məhz cahil, nadan xudpəsənd, meşşan, imansız adamları şeytan sayır. Manuçöhr Əzizi Harayın “Yandırılan sazlar” poemasında isə “şeytan” şərin obrazı kimi daha geniş dairədə təqdim edilir: “Bu musiqi alətləri, Bir Allahın bəndələrin, mömünlərin, düz yollarından azdıran, behiştindən məhrum edən, şəyatinin ən kəsərli hərbəsidir. Bu şeytani vəsilələr öz sehrli səsləriylə, mömünlərin evlərindən, gözəl göyçək mələkləri qovur geri!”
Şair din xadimlərinin xalqın işıqlı əməllərini, musiqi sahəsindəki fəaliyyətini, duyğularını qaranlıqlara məhkum etdiyini o qədər sadə, anlamlı bir dillə ifadə edir ki, əlavə şərhə lüzum görmürük... Haray təsvir etdiyi cəmiyyətin musiqi alətlərini “Şeytan əməli” hesab edən və onlardan qurtulmaq üçün ölüm hökmü verəcək məhkəmənin hakimlərinin də din xadimlərindən geri qalmadığını, doğrunu dandıqlarını vurğulayır: Şeytana bir lənət edib, duyğuları bütün danır, pərdə çəkir həqiqətə.

Esmira Fuad
Filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -