Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Etməsin tək vətənimdən məni dünyada…

06.12.18, 12:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

MEHMED AKİF ƏRSOY (1873-1936)

2-ci yazı

Şeir Türkiyənin əksər ərazilərinin Antanta qüvvələri tərəfindən zəbt olunduğu və ölkənin gələcək taleyinin Anadolu ərazisində gedən döyüşlərdə həll olunacağı dövrdə yazılıb. Belə bir vaxtda Mehmed Akif Ərsoy xalqının qələbəsinə inamını itirməmiş, onun məğlubiyyət-dən yaxa qurtaracağına ümid nümayiş etdirib. Aşağıdakı nümunədən göründüyü kimi şairin inamı vaxt baxımından çox da uzağa getmir, onun inamı sabahdan da yaxın bir tarixə bağlanır:
Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın.
Ona görə də şeirin birinci bəndinin ilk sözü olan “qorxma” ifadəsi türk tədqiqatçılarının çox düzgün olaraq şərh etdikləri kimi qorxu, vahimə mənasında deyil, adi münasibət və müraciət formasında sonrakı inam və ümidin başlanğıcına çevrilir. Şair bu bənddə göstərir ki, türkün mövcudluğunun təsdiq rəmzi olan türk bayrağı heç vaxt enməyəcək, düşmən nə qədər uğur əldə etsə də, sonuncu türk igidinin sağ qalacağı və yaşayacağı təqdirdə türk öz qalibiyyətini qoruyacaq və düşməni məhv edəcək.

Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq,
Sönmədən yurdumun üstündə tütən ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq,
O mənimdir, o mənim millətimindir ancaq.

“İstiqlal marşı” şeirində gələcəyə böyük inam və ümid hissi aşılanmaqla yanaşı, birliyə, düşmənə qarşı amansız olmağa çağırış da var.
Bu çağırış onsuz da niyyətləri puç olan düşmənə zərbə vurmaq, onun heçliyini, türk igidləri qarşısında acizliklərini əks etdirmək baxımından xarakterikdir. Şairin nəzərində türkün “qərbi’’, “mədəniyyət” adı ilə məlum olan düşməni türk cəsurluğu qarşısında o qədər zəifdir ki, onun niyyəti yırtıcılıq olsa da, “tək dişli canavar” kimi niyyətinə çatmaqdan uzaqdır.

Ulusun, qorxma! Nasıl böylə bir imanı boğar,
“Mədəniyyət” dediyin tək dişi qalmış canavar?

Mehmed Akif şeirdə türk şanlı tarixini səciyyələndirərək, torpaq, vətən, namus yolunda tarixən canından keçən, son damla qanına qədər vuruşan türk igidlərini yad edir, bugünkü adamlara nümunə göstərir, onların şəhid ruhlarını uca tutur. Şair bu halda elə bir uca məqamda da-yanır ki, onun səsi vətənin hər yerində eşidilir. Bu səs ölkəni naməhrəm tapdağı və naməhrəm əlindən qorumağı diqtə edir:

Kim ki bu cənnət vətənin uğruna olmaz ki fəda,
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda.
Canı, cananı, bütün varımı alsın da Xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda.

Ruhumun səndən, İlahi, budur ancaq əməli
Dəyməsin məbədimin köksünə naməhrəm əli.
Bu əzanlar ki, şəhadətləri dinin təməli,
Əbədi yurdumun üstündə mənim inləməli.


Vətənin istiqlalını arzulayan Mehmed Akif azadlıq düşmənləri olan zalımlara nifrət bəsləyir. O, istiqlalı vətən üçün ən əziz nemət sayır, vətən övladlarının xoşbəxt gələcəyini bunda görür:

Zülmü alqışlayamam, zalımı əsla sevəməm,
Gələnin keyfi üçün keçmişə qalxıb söyəməm,
Biri əcdadıma saldırdımı hətta boğaram...
Doğduğumdan bəridir aşiqəm istiqlalə,
Mənə heç tasmalıq etmiş deyil altun lalə.

Milli duyğulan yüksək olan Mehmed Akif vətəninin daim tərəqqisi arzusunda olmuş, düşmən təcavüzlərinin ağır vaxtlarında narahatçılıqlarını gizlətməyib. Şair Türkiyəyə düşmən gözü ilə baxan xristian dövlətlər birliyi ölkələrinin hər birinə nifrət bildirir, konkret olaraq bu ölkələrin adını sadalamaqdan çəkinmir. Bu yol ilə Mehmed Akif onların düşmən niyyətlərinə öz etirazını bildirir. Məlum həqiqətdir ki, XX əsrin əvvəllərində Türkiyəyə qarşı təcavüzkar planların həyata keçirilməsində xüsusi rol oynayan ölkələrdən biri də Rusiya olub. Mehmed Akif digər ölkələr kimi Rusiyanın da Türkiyəyə qarşı müdaxiləsini uğursuz hesab edir, türklərin mübariz əzmi qarşısında hamı kimi rusların da sınacağına inam nümayiş etdirir: “Qəhrəman milləti gördün ya, bir az silkindi Leş yiyən qarğaların səsləri birdən dindi. Əski sevdaları qabilsə unutsun ruslar!”
Lakin Mehmed Akif yaradıcılığı üçün bir xarakterik cəhət də ondan ibarətdir ki, keçən əsrin əvvəllərində Türkiyənin çətinliklər dövrünü əks etdirən şeirlərində inam və ümidlə yanaşı, ötəri bir ümidsizlik də özünə yer tapır. Ancaq nəzərə almaq lazımdır ki, bu hal ötəri olmaqla, həm də keçicidir. Məsələn: “Hüsran” (burada üzüntü, kədər mənasında) şeirində şairin həyəcan və narahatçılıqları özünə aşağıdakı kimi yer alır:

Mən böylə bakir durmayacaqdım əli bağlı,
İslamı oyandırmaq üçün hayqıracaqdım.
Gur hissli, gur imanlı beyinlər coşar ancaq,
Mən zatən uzun boylu düşünməkdən uzaqdım.
Hayqır! Kimə, lakin hanı sahibləri yurdun,
Ellərdiyatanlar, sağa baxdım, sola baxdım.
Fəryadımı artıq boğaraq nəşimi tutdum,
Min parça edib şeirimə gömdüm də buraxdım.

Şairin bu səpkidə olan “Bülbül” şeirindəki hadisələrə münasibət onun daxili hiss və həyəcanlarından doğur. Şeirin sonunda olan nikbin ruh əvvəlki bədbinliyi aradan götürür:

Təsəllidən nəsibim yox, xəzan ağlar baharımda,
Bu gün bir xanimansız sərsəriyəm öz diyarımda.

-deyən şair, axırıncı misrada “mənim haqqım, sus ey bülbül, sənin haqqın deyil matəm” deməklə bütün ələmi aradan götürür. Mehmed Akif yaradıcılığında belə bir ruh hakimdir ki, sahibi olan məmləkət heç vaxt məğlub olmaz. Məmləkətin, millətin çətin günündə meydanda sinəsini sipər edən igidləri varsa, o ölkənin işğalı mümkün deyil:

Sahibsiz olan məmləkətin batması haqdır,
Sən sahib olursan, bu vətən batmayacaqdır.

Mehmed Akif yaradıcılığında türk ordusunun zəfər tarixinə daxil olan, təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün şanlı tarixi gün kimi qəbul olunan Çanaqqala döyüşünün bədii əksinin xüsusi yeri var. “Çanaqqala şəhidlərinə” adlı şeirində bu tarixi hadisə yadellilərin ədalətsiz hücumları, nahaq qan tökmələri şəklində şərh olunur:

Əski dünya, yeni dünya bütün əyyami-bəşər,
Qaynıyır qum kimi, tufan kimi, məhşər, məhşər.

Mehmed Akif bu təcavüzün başında dayanan avropalıları yırtıcı, kaftar, vəhşi və s. şəklində səciyyələndirir, onlara olan nifrətini açıq formada bildirir. “Çanaqqala şəhidlərinə” əsərində igidlik göstərən, qəhrəmancasına şəhid olan yenilməz türk əsgərinin yurd sevgisi mədh olunur. Şair onların şəhidliyində ölümsüzlük axtarır, qanları tökülən torpağın hər qarışında ruhlarının əziz tutulmasına əminlik bildirir. Mehmed Akif bu yol ilə onların adının tarixə yazıldığını, qələbənin hər bir türk üçün, vətənini sevən hər bir vətənpərvər üçün zəfər tarixi olduğunu vurğulayır:

Sən ki son əhli-salibin qıraraq savletini,
Şərqin ən sevgili sultanı Səlahəddini,
Qılınc Arslan kimi iclalına etdin heyran,
Sən ki İslamı kuşatmış, boğuyorkən hüsran.
O dəmir çenberi köksünlə qırıb parçaladın,
Sən ki ruhunla bərabər gəzər əcrəmi adın,
Sən ki asəra gömülsən daşacaqsan, heyhat,
Sənə gəlməz bu üfüqlər, səni almaz bu cahan,
Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış duruyor Peyğəmbər.

Göründüyü kimi, burada “ey şəhid oğlu şəhid” ifadəsində türklərin qəhrəmanlıq tarixi əks etdirilir, bu qəhrəmanlıqda bir nəslin yox, nəsillərin payının olduğuna işarə edilir.


Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -