Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yasamal Yaşayış Kompleksində ilk mənzillərin satışı başa çatıb

06.12.18, 13:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında sentyabrın 5-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 324 mənzildən 278-nin alqı-satqısı başa çatıb. Dövlət Agentliyindən bildirilib ki, güzəştli şərtlərlə əldə edilmiş 278 mənzildən 57-si 1 otaqlı, 146-sı 2 otaqlı, 75-i isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 61-i mənzili öz vəsaiti hesabına, 217-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.
Mənzilləri əldə etmiş vətəndaşlardan cəmi 2 faizi “Güzəştli mənzil” sistemində qeydiyyat zamanı mənzili öz vəsaiti hesabına almaq niyyətini bildirsə də, alqı-satqı zamanı bu rəqəm 22 faizə qədər yüksəlib. Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar agentlik tərəfindən əlavə endirimlərdən yararlanaraq 1 otaqlı mənzil üçün 26 min 959 manat (endirimdən əvvəl bu məbləğ 29 953 manat olub), 2 otaqlı mənzil üçün 42 min 896 manat (endirimdən əvvəl bu məbləğ 47 min 661 manat olub), 3 otaqlı mənzil üçün 59 min 405 manat (endirimdən əvvəl bu məbləğ 66 min 6 manat olub) ödəniş ediblər.
Bununla yanaşı, mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olan vətəndaşlara da endirimlər tətbiq olunub. Həmin şəxslərdən 39 faizi minimal tələbdən artıq ilkin ödəniş etdiyindən 10 faiz həcmində əlavə endirimlə mənzilə sahib olub. Nəticədə, 1 otaqlı mənzil üçün 88, (360 ay müddətinə; satış elanında 1 otaqlı mənzil üçün 129-136 manat aylıq ödəniş qeyd olunub), 2 otaqlı mənzil üçün 135 (360 ay müddətinə; satış elanında 2 otaqlı mənzil üçün 203-236 manat aylıq ödəniş qeyd olunub), 3 otaqlı mənzil üçün isə aylıq ödəniş 200 manatdan (252 ay müddətinə; satış elanında 3 otaqlı mənzil üçün 282-288 manat aylıq ödəniş qeyd olunub) başlayır.
Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər və məcburi köçkünlər üstünlük təşkil edir. Ümumilikdə, mənzil alanların 58 faizinin yaşı 35-ə qədərdir. Yaxın vaxtlarda mənzillərin sahiblərinə təhvil verilməsi planlaşdırılır. Vətəndaşlar tərəfindən rəsmiləşdirilməsindən imtina olunan mənzillərin sayı isə 46-dır (12-si 1 otaqlı, 28-i 2 otaqlı, 6-sı 3 otaqlı). Həmin mənzillər növbəti elanda təkrarən yeni mənzillərlə birlikdə satışa çıxarılacaq.
İmtinanın səbəbləri seçdiyi mənzilin otaq sayı və mərtəbəsi ilə bağlı qərarını sonradan dəyişdiyinə görə (15 nəfər), ailənin gəliri güzəştli ipoteka krediti əldə etməyə və mənzili öz vəsaiti hesabına almağa kifayət etmədiyinə görə (21 nəfər), “Gənc ailə” (35 yaş) statusunu itirdiyindən güzəştli ipoteka krediti verilmədiyinə görə (6 nəfər), yaşı ipoteka kreditinin verilməsi həddini keçdiyinə görə (63 yaş və yuxarı, 2 nəfər), ailə vəziyyətinə görə (2 nəfər) olub. Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

Bu xəbər oxundu
- - -