Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Milan görüşündə “görüş razılaşması”

06.12.18, 13:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü barədə bəyanat yayıblar

"ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də, dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır. Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından bəri, indiyədək biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik. Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanılmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur".
Bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Milandakı (İtaliya) illik iclasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
"Eyni zamanda, biz danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdlərini müşahidə etdik. Diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün, onların doğma yurd-yuvalarına qayıtmaq hüququ da daxil olmaqla insan hüquqlarının pozulması, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi qeyri-qanuni təcrübəsini davam etdirir. 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobudcasına pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla (fait accompli) üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə fakt araşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq, sülh prosesində etimada xələl gətirir", - nazir bildirib.
XİN başçısı deyib ki, ATƏT-ə üzv dövlətlərin ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan bu qanunsuz fəaliyyətlər üçün istifadə olunması tamamilə qəbuledilməzdir: "Bu, müvafiq mandatlara, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir. Biz müvafiq iştirakçı dövlətləri Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış Ermənistanın tabeliyində olan qanunsuz rejimin agentləri tərəfindən suveren torpaqlarının Azərbaycanın qanuni təhlükəsizlik maraqlarına qarşı istifadə olunmasının qarşısını almaq üçün təxirəsalınmaz effektiv addımlar atmağa çağırırıq.
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və ATƏT-in qərarları və sənədləri münaqişənin həllinin və Minsk Konfransının həmsədrlərinin mandatının əsasını təşkil edir. BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələr işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və qarşılıqlı addım kimi kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına yardım göstərməyi tələb edir. Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrini aradan qaldırmağa, digər siyasi məsələlərin isə Minsk Konfransı çərçivəsində davam edən danışıqlar vasitəsilə həllinə əsaslanır.
Azərbaycan hesab edir ki, sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və o, münaqişənin qısa zamanda siyasi həllində ən maraqlı tərəfdir. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür".
ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclasında çıxış edən ABŞ dövlət katibinin Avrasiya və Avropa məsələləri üzrə köməkçisi Ues Mitçell isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləri davam etdirmək lazımdır.
Onun sözlərinə görə, Rusiya ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyərək regionda gərgin vəziyyət yaradır: "Gürcüstanda və Moldovada bunu müşahidə edirik. Onlar Gürcüstan torpaqlarının işğalını davam etdirməklə və qoşunlarını bu ölkələrin ərazilərindən geri çəkməməklə münaqişələri uzadır və regionda parçalanmanı dərinləşdirir".
Qeyd edək ki, Milanda keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərlərinin görüşü olub.
ATƏT-in Minsk qrupu həmsədrlərinin bu barədə bəyanatında deyilir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və uzunmüddətli həlli istiqamətində işləri davam etdirəcəkləri barədə razılığa gəlibilər: "Həmsədr ölkələr sentyabrda Müstəqil Dövlətlər Birliyinin (MDB) Düşənbədəki sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasındakı söhbətdən sonra atəşkəsin pozulma halları və itkilərin əhəmiyyətli dərəcədə azalmasını təqdir ediblər. Vasitəçilər tərəfləri Düşənbədə əldə olunan anlaşmaların tətbiqini davam etdirməyə və öz xalqlarını sülhə hazırlamaq üçün konkret tədbirlər görməyə çağırıb. Həmsədr ölkələr ümid etdilər ki, münaqişənin ədalətli və davamlı həllini təşviq etmək yolunda gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında yüksək səviyyəli və nəticəyönümlü intensiv dialoq baş tutacaq" - bəyanatda deyilir.
Həmçinin vurğulanır ki, Azərbaycanın xarici işlər naziri və Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı münaqişənin sülh yolu ilə nizamlanmasını və gərginliyin daha da azaldılmasını təşviq etmək üçün intensiv iş aparacaqlarını təsdiqləyiblər: " Bu məqsədlə və yüksək səviyyəli danışıqları təşviq etmək üçün nazirlər ATƏT-in Minsk qrupunun mandatı altında 2019-cu ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəliblər."
Bəyanatda o da qeyd olunur ki, tərəflər münaqişənin həlli istiqamətində həmsədr ölkələrin aktiv iştirakını və yaxşı niyyətli vasitəçilik səylərini, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətini təqdir ediblər.

Bu xəbər oxundu
- - -