Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Koordinasiya Şuraları Azərbaycan diasporuna nə verəcək?

11.12.18, 12:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gözləntilər özünü doğruldacaqmı?

Bu gün Azərbaycan diasporunun effektiv və ciddi fəaliyyət göstərməsi üçün yeniliklərə ehtiyac var. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra bu sahədə ciddi işlərin görüləcəyinə, orijinal və effektiv layihələrin irəli sürüləcəyinə, dəyərləndiriləcəyinə və reallaşdırılmasına ümid edirik. İndiyədək komitə tərəfindən müəyyən addımlar atılıb, bir sıra tədbirlər reallaşdırılıb ki, bunun nə dərəcədə effektiv olacağını zaman göstərəcək.
Bizim müzakirə edəcəyimiz mövzu yeni Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şuralarının yaradılması ilə bağlıdır. Azərbaycan diaspor təşkilatları Koordinasiya Şuaraları yartatmaqla diaspor təşkilatları arasında əlaqələrin daha intensiv olması, ümummilli maraqlar naminə atılan addımların daha təsirli olmasına çalışır. Bu model nə dərəcədə uğurlu olacaq? Gözləntilər özünü doğruldacaqmı?
Diasporla İş üzrə Dövlət Komitəsindən soruğumuza cavab olaraq bildirldi ki, Koordinasiya Şuraları Azərbaycan diaspor təşkilatlarını və diaspor üzvlərini könüllülük və bərabərlik prinsipləri əsasında birləşdirən kollegial orqandır: “Təşkilatların daha mütəşəkkil formada təşkilatlanması və fəaliyyətlərinin daha intensiv koordinasiya olunması məqsədilə soydaşlarımızın təşəbbüsü və təşkilatçılığı ilə təsis olunub.
Almaniya, Fransa, İsveçrə, Hollandiya-Belçika və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şuraları yaradılıb. Bundan başqa, Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib. Koordinasiya Şurasının tam şəkildə fəaliyyətə başlaması üçün müvafiq işçi qrupu yaradılıb”.
Həmçinin əlavə edilib ki, şuraların təsis toplantılarında onların dəvəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib: “Koordinasiya Şuralarının əlaqələndiriciləri bura daxil olan təşkilat nümayəndələrinin təklifləri arasından səsvermə yolu ilə seçilir. Təşkilat nümayənədələri koordinatorların seçimində onların yerli cəmiyyətə inteqrasiya səviyyəsi, diaspor fəaliyyətindəki rolu və digər keyfiyyətlərinə önəm verib”.
Dövlət Komitəsi hesab edir ki, Azərbaycan diasporunun qarşısına qoyulan məqsədlərə nail olması üçün koordinasiyalı fəaliyyət vacibdir və yalnız bir ölkədə, bir qitədə deyil, bütün dünyada soydaşlarımızın müəyyən bir şəbəkələşməsi zəruridir: “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Dövlət Komitəsinin Əsasnaməsinə və dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin təmin edilməsi üçün mümkün olan dəstəyi göstərir.
İstər Koordinasiya Şuaraları, istərsə də Konqreslər Azərbaycan diaspor təşkilatlarını və diaspor üzvlərini könüllülük və bərabərlik prinsipləri əsasında birləşdirən kollegial orqandır. Qərarların qəbul olunması, fəaliyyət planlarının müəyyən edilməsi və digər bu kimi məsələlər həmin qurumlarda təmsil olunan təşkilatların təklifləri əsasında mümkün olur.
Dövlət Komitəsi isə öz növbəsin də soydaşlarımızın daha mütəşəkkil biriliyinə nail olmaq, onların gücünü daha da artırmaq, fəaliyyətini genişləndirilmək və koordinasiya işinin daha da gücləndirmək məqsədilə xaricdəkiAzərbaycan diaspor təşkilatları və onların birliklərinə dəstək göstərməkdə davam edəcək”.


Koordinatorlar nə deyirlər?


Belçika və Niderland üzrə Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şurasının əlaqəndiricisi Emil Əliyev bildirdi ki, Azərbaycan diasporasının inkişafında Koordinasiya Şuralarının rolu böyük olacaq. Onun fikrincə, əksər xarici ölkələrdə bizim diaspor təşkilatlarımız fəaliyyət göstərirlər: “Amma onların çoxu xaotik və pərakəndə şəkildə fəaliyyətlərini qurublar. O üzdən gördükləri işlərin keyfiyyəti aşağı olur. Koordinasiya Şurasının işi xarici ölkələrdə bütün təşkilatları özündə birləşdirərək, onların arasında əlaqələrin daha da gücləndirilməsidir. Hər ay təşkil olunan toplantı nəticəsində, gələn ay üçün kimin hansı layihəni həyata keçirəcəyi müəyyənləşdirilir və hesabatlar dinlənilir. Əlaqələndiricilər tərəfindən isə şura üzvlərindən verilən təkliflər və layihər araşdırılır, qəbul olunub olmayacağına aid qərar çıxarılır. Mən, hazırda şuraya daxil olan təşkilat rəhbərləri tərəfindən Belçika və Niderland diaspor təşkilatlarının Koordinasiya Şurasının əlaqələndiricisi vəzifəsinə seçilmişəm. Görmək istədiyim işlər “online” sahəsində daha çox informativ saytlar yaratmaq, bu işələrə Şuranın başqa üzvərini cəlb edərək onun əsasında Niderland hokuməti ilə daimi görüşlər keçirərək, istədiyimizi həm sayt vasitəsi ilə, həm də şifahi izah etməkdir. Ondan əlavə çox təəssuflə vurğulamaq istəyirəm ki, diaspor sahəsinə gənclərin marağı çox azdır, amma onların böyük potensialı var və çalışacağam ki, bu sahəyə daha çox yeni nəsil və müasir düşüncəli gəncləri cəlb edim. Hal hazırda artıq 3 ildir təsis etdiyim Avroapa Azərbaycanlıları “European Azerbaijanis” facebook qrupu fəaliyyət göstərir və sayımız 30000-i keçib”.
E.Əliyev əlavə etdi ki, qrupda əsasən ölkədən kənarda yaşayan gənclər üzv olublar və yaşadığı ölkələrdə həmyerliləri ilə qrup vasitəsilə tanış olub və bir çox layihələr reallaşdırırlar: “Mənim və rəhbərlik etdiyim “EuroAzNL” təşkilatı tərəfinin hədəfləri böyükdür. İlkin addımlar kimi bir biri ilə hər hansı səbəbə görə, əlaqəsi olmayan diaspor təşkilatlarını birləşdirib, barışdırıb bir komanda kimi işləməyimizi təşkil etməkdir. Süni fəaliyyətin, iş görmək imitasiyasının qarşısını almaq vacibdir. Azərbaycan tarixinə, mədəniyyətinə aid sərgilər, tanıtım tədbirlərinin keçirilməsi nəzərtdə tutulub. Bundan başqa ən böyük hədəflərimizdən biri isə, həmyerlilərimiz tərəfindən Azərbaycan dilinin qorunması və unudulmamasına dair işlər görməkdir. Planda Niderlandın bir neçə şəhərində Azərbaycan dilini tədris edən həftə sonu məktblərinin açilmasıdır”.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri, Koordinasiya Şurasının digər əlaqəndiricisi Mayisə Ağamirzəyeva diqqətə çatdırdı ki, bu diaspor təmsilçiləri üçün yenilikdir: “Ümid edirəm ki, koordinasiya şuralarınını yaradılması diaspor fəaliyyətində önəmli rol oynayacaq. Mən koordinator missiyasını öz üzərimə götürməyi könüllü olaraq təklif etmişəm. Mən həmişə birlikdə fəaliyyət göstərməyin tərəfdarı olmuşam. Şurada hər kəsin öz dəsti xətti var və hesab edirəm ki, planlarımız uğurla həyata keçiriləcək. Onsuz da Azərbaycan həqiqətlərini yaşadığımız ölkə cəmiyyətlərinə çatdırmaq bizim işimiz idi. İmkan daxilində hər kəs bunun üçün çalışır. Birlikdə olsa daha səmərəli fəaliyyət göstərəcəyik. Qərarı koordinatorlar vermir. Hər bir məsələ şurada müzakirə olunacaq və hət hansı bir layihə ilə bağlı qərar veriləcək. Biz sadəcə əlaqələndirəcəyik”.

Ekspertlər nə düşünürlər?

Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk bildirdi ki, əvvəllər də koordinasiya mövzusuna toxunulub, bu məsələ ilə bağlı fikirlər səslənib. Onun sözlərinə görə, sonradan bunu həyata keçirtmək mümkün olmayıb: “Bəlkə də bu istiqamətdə cəhdlər olub. Bu günə qədər yaranan bir sıra qurumlar təşkilatların koodinasiya olunmasına hesablansa da, istənilən nəticələr olmadı. Əslində, təşkilatlarla rabitənin gücləndirilməsi, qarşılıqlı əlaqələrin qurulması çox yaxşı ideyadır. Koordinasiya söz olaraq yaxşı səslənir. Əməldə təşkilatlarla koordinasiyanın qurulacağına diaspor fəaliyyətində təcrübəsi olan bir şəxs kimi çox inanmaq istəyirəm. Amma bu addım bir mərkəzdən idarə olunmaq üçün hesablanıbsa, özünü doğrultmayacaq və narazılıqlara rəvac verəcək. Məncə, təşkilatları bir mərkəzdən idarə etmək o qədər asan və uğurlu yanaşma deyil. Effektiv, layihələrlə gündəmə gələn, milli maraqlardan çıxış edən, xarici mətbuatda sıx əlaqələrə malik, yaşadıqları ölkələrin siyasi, ictimai, mədəni, sosial həyatına uğurlu inteqrasiya edən təşkilatlarla əlaqələri gücləndirmək lazımdır. Burada yüzlərlə qurumu bir araya gətirib idarə etmək çətindir. Ola bilər ki, hansısa toplantılarda təşkilatları bir araya gətirmək olar. Ancaq tədbirlərdən sonra fəaliyyət istədiyimiz kimi getmir. Biz, dəfələrlə bunun şahidi olmuşuq. Ancaq hədəfə vuracaq işləri reallaşdırmaq üçün mütləq qabiliyyətlə, işgüzar və intellektual kəsimlə hərəkət etmək lazımdır. Ümummilli məsələlərdə bir araya gəlmək mümkündür, bunu orijinal və efektiv layihələrlə həyata keçirmək olar”.
Azərbaycanlıların Moskva icmasının sədri Şamil Tağıyev bildirdi ki, uzun müddət xaricdə fəaliyyət göstərən diaspor təşkilatları arasında böyük bir anlaşılmazlıqlar yaşanır. Onun fikrincə, bu anlaşılmazlıqların əsas səbəbi isə, təşkilatların koordinasiya mərkəzlərinin olmaması ilə bağlıdır: “Çünki, bir kiçik şəhərdə 2-3 diaspor təşkilatı fəaliyyət göstərir, nəzəri olaraq bu təşkilatlar bir birinə dəstək olub bir hədəfə vurmalıdırlar. Amma bəzən bu diaspor təşkilatları bir biri ilə düşmən kəsilirlər və qarşı tərəfə ziddiyət yaradırlar. Bu isə ondan irəli gəlir ki, əslində fəaliyətdə olan təşkilatlar öz nizamnaməsini belə açıb oxumayıb. Ona görə də vahid koordinasiya mərkəzlərinin olması, diaspor təşkilatlarının bir mərkəzdən efektiv fəaliyyət göstərməsi deməkdir. Belə bir strukturun yaradılması vacibdir və əsas hədəfi isə yalnız birliyə çağırış olmalıdır”.


Əli Zülfqaroğlu

Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

Bu xəbər oxundu
- - -