Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azad Mirzəcanzadənin yubileyinə həsr olunan beynəlxalq elmi konfrans

13.12.18, 12:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli neftçi-alim, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.
AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Çin, ABŞ, İsveç, İran və digər ölkələrin tanınmış alimləri iştirak edirlər. Tədbir iştirakçıları görkəmli alimin Fəxri xiyabanda məzarını ziyarət edib, önünə güllər düzüblər.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Mirzəcanzadənin həyat və yaradıcılığından danışıb. Bildirilib ki, Azad Mirzəcanzadə olduqca səmərəli fəaliyyət göstərib, elmə və təhsilə çox böyük töhfələr verib.
Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edib. Alim Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib. Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb.
Görkəmli alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri həllini tapıb. 400-dək elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və digər çıxış edənlər Azad Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs ediblər. Konfrans dekabrın 14-də başa çatacaq.

Bu xəbər oxundu
- - -