Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İlahiyyat İnstitutunda “Azərbaycanda sufilik” mövzusunda müzakirələr aparılıb

13.12.18, 12:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib. Aİİ-dən bildirilib ki, rektor Ceyhun Məmmədov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən xüsusi önəmdən, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-din siyasətindən danışıb. Dövlətimizin başçısının Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran rektor institutun ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işlərində fəal iştirak etdiyini vurğulayıb. Bildirilib ki, bu məqsədlə, Aİİ-də ardıcıl olaraq müxtəlif “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər təşkil edilir.
Türkiyənin Nəcməddin Ərbakan adına Konya Universitetinin professoru Əhməd Taşkın sufiliyin VII-VIII əsrlərdə İslam təriqəti kimi yarandığını, İslam dininin inkişafı və yayılmasında xüsusi rol oynadığını qeyd edib. Bildirilib ki, sufi fəlsəfəsi dini təməl üzərində qurulsa da, mahiyyət etibarilə insanın mənəvi keyfiyyətlərini, əxlaqi dəyərlərini, təfəkkür tərzini təhlil etməkdə son dərəcə əhəmiyyətli rol oynayıb. AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli sufiliyin müsəlman cəmiyyətlərində yayıldığı kimi, Azərbaycanda da təşəkkül tapdığını, xalqın mədəniyyətində dərin iz buraxdığını deyib. Qeyd olunub ki, sufilik Azərbaycanda ədəbiyyat, fəlsəfə, memarlıq, musiqi, miniatür və başqa sahələrə nüfuz edərək müəyyən həyat tərzi formalaşdırıb.
Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov ölkəmizdə həyat tərzinə və dövlət siyasətinə çevrilmiş multikultural ənənələrin formalaşmasında sufi dünyagörüşünün özünəməxsus rolu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, tolerantlıq və multikultural dəyərlərlə formalaşmış sufi fəlsəfi dünyagörüşünün daha geniş miqyasda araşdırılıb öyrənilməsinə ehtiyac vardır. Türkiyənin Kastamonu Universitetinin dosenti Namiq Musalı VIII-XVIII əsr sufiləri haqqında geniş məlumatlar verib, onların yaradıcılığından nümunələr gətirib. Azərbaycanda mövcud olan sufi cərəyanları haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Tədbir tələbələrin suallarının cavablandırılması ilə davam edib.

Bu xəbər oxundu
- - -