Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“QDİƏT siyasi döyüş meydanı olmamalıdır”

14.12.18, 9:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) siyasi döyüşlər və hesablaşmalar meydanı olmamalıdır.
Bu sözləri Bakıda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Əsrin dörddə biri qədər mövcudluğu müddətində Qara dəniz İqtisadi Əməkdaşlığı tələb olunan regional platforma kimi çıxış edib. Onun gələcək uğuru bizim qarşılıqlı əməkdaşlığımızı nə dərəcədə praqmatik qura biləcəyimizdən asılı olacaq. Təəssüf ki, son zamanlar Qara dəniz regionundakı vəziyyət deqradasiyaya uğrayıb. Bu tendensiyanı geriyə döndərmək və Qara dəniz sahilini sülh, sabitlik və çiçəklənmə zonasına çevirmək üzərində işləməliyik. Əminəm ki, təşkilat siyasi döyüşlər, xüsusən də hesablaşmalar üçün meydan olmamalıdır. QDİƏT-in dəqiq müəyyənləşdirilmiş iqtisadi profili var və onun statusuna hörmət edilməlidir. İnteqrasiya əlaqələrinin inkişafının təşviq ediməsində QDİƏT-in imkanlarının zəmanəti də bundadır”, - deyə Lavrov vurğulayıb.
Rusiyalı nazir Qara dəniz regionunda iqtisadi əməkdaşlıq potensialının böyük olduğunu, lakin onun hələ tam həcmdə həyata keçirilmədiyini də deyib. Bu mənada Lavrov vurğulayıb ki, həmin potensialın effektiv realizəsində QDİƏT faydalı töhfə verə bilər.
O həmçinin, QDİƏT ilə Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı anlaşma memorandumu imzalanmasının hər iki təşkilat üçün faydalı ola biləcəyini deyib.
Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlət daxildir. Bunlar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynadır.
Xatırladaq ki, Azərbaycan QDİƏT-ə sədrliyi bu ilin iyun ayında qəbul edib. Nazir Elmar Məmmədyarov bildirib ki, təşkilata sədrlik dövründə prioritet regionda nəqliyyat qovşağının inkişafı olacaq. Onun sözlərinə görə, Azərbaycan bu müddətdə turizm, kənd təsərrüfatı, rabitə kimi sahələrin inkişafına da xüsusi diqqət yetirəcək.

Bu xəbər oxundu
- - -