Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağın azadlığı üçün yetişən şərait...

14.12.18, 11:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan torpaqlarını işğaldan qurtarmaq üçün fəaliyyətini, mübarizəsini davam etdirir. Beynəlxalq vasitəçilərin də fəaliyyətinin müsbət nəticə verəcəyinə ümid edilir. Deməli, dekabrın 6-da ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Dağlıq Qarabağmünaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq veriblər. Həmsədr ölkələr atəşkəsin pozulması hallarının xeyli azalmasını alqışlayıblar. Onlar sentyabrda Düşənbədə keçirilmiş MDB sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsini davam etdirmək və əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görmək xahişi ilə müraciət ediblər. Həmsədrlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında münaqişənin ədalətli və davamlı həlli üçün konkret nəticələrə yönəlmiş intensiv dialoqun bərpa olunacağına ümid etdiklərini bildiriblər. Həmsədrlərin nikbin bəyanatından Azərbaycan və Ermənistanın xarici işlər nazirləri də razı qaldıqlarını vurğulamışdılar. Hər halda Ermənistanda Qarabağın işğalında və Xocalı kimi soyqırmın törədilməsində iştirak etmiş Serj Sarqsyan - Robert Koçaryan cütlüyünün hakimiyyətinin devrilməsi yeni siyasi qüvvələrin məsələyə daha real yanaşacaqları üçün ümidləri artırır. Çünki Sarqsyan və Koçaryan Ermənistanda hakimiyyətə Qarabağda tökdükləri qan üstündə gəlmişdilər. Bu, azmış kimi, sözügedən cütlük 2008-ci il martın 1-də Yerevanda öz millətinin qanını tökmüşdü. Başqa sözlə, onların prezidentliyi qanla sulanmışdı. Odur ki, yeni siyasi qüvvələrin baş vermişlərdən dərs çıxaracağı ehtimalı az deyil.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Ermənistanda baş verənlərlə bağlı danışarkən deyib: “Bildiyiniz kimi, bu il Ermənistanda çox ciddi dəyişikliklər baş vermişdir. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq”. Prezident Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələrinin Ermənistandan yan keçdiyini vurğulayaraq bunun işğalçı dövlətə vurduğu ziyana da toxunub: “Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır”. Dövlət başçısı Ermənistanın ağır iqtisadi, sosial vəziyyətindən danışaraq bu ölkədə kriminal rejimin dayaqlarının sıradan çıxdığını söyləyib: “Yəni bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb”.
Təbii ki, bunu təsdiqləyən amillər az deyil. Əlbəttə, ilk növbədə, Ermənistanda qanla sulanmış rejimin dəyişməsdir. 2016-cı il aprel döyüşlərində Azərbaycan tərəfi torpaqlarını döyüşərək azad etməyə qadir olduğunu, həm beynəlxalq vasitəçilərə, həm də Ermənistana sübut etdi. Ona görə də ehtimal etmək olar ki, Ermənistanda hakimiyyətə gələn yeni siyasi qüvvələr erməni hərbçisinin başqa bir dövlətin torpaqlarında işğalçı olaraq ölməsini istəməz. Bu zaman onlar üçün yeganə çıxış yolu işğal etdikləri torpaqlardan çıxmaqdır.
Hər halda ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, xüsusilə ABŞ və Rusiya da cari il məsələnin həllində diplomatik baxımdan fəal olublar. ABŞ-ın Yerevandakı keçmiş səfiri Riçard Millz bu vəzifəni icra edən zaman Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasının vacibliyini vurğulaması, Moskvanın Yerevana qarşı sərt bəyanatları gələn il torpaqların işğaldan azad ediləcəyi ilə bağlı yaranan optimizmi artırır. Şübhəsiz, Qarabağın işğalında əsas rolu Rusiyanın oynadığı sirr deyil. Bu baxımdan, onun işğaldan azad edilməsinin açarının da daha çox Kremldə olduğu məlumdur. Odur ki, Azərbaycanın Rusiya ilə indiki münasibəti diqqətçəkəndir. MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində Rusiyanın Azərbaycana münasibəti bəzi mətləblərə aydınlıq gətirib.
Deməli, dekabrın 14-də Prezident İlham Əliyevin Sergey Lavrovla görüşündə 2018-ci ilin iki dövlətin münasibətlərinin inkişafı baxımından çox məhsuldar il olduğu qeyd edilib. Görüşdə tərəflərin 2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümidvar olduqları vurğulanıb. Bildirilib ki, Azərbaycan və Rusiya beynəlxalq strukturlarda fəal qarşılıqlı fəaliyyət göstərir. Yeri gəlmişkən, iki ölkə arasında münasibətlərin inkişafını təsdiqləyən faktlar da var. Son 5 ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana 4 dəfə səfər etməsi bundan xəbər verir. Qeyd edək ki, Prezident İlham Əliyevin Soçi səfərində tərəflər arasında bir çox sahəni əhatə edən 16 sənəd imzalanmışdı. Azərbaycanla Rusiya arasında ötən il əmtəə dövriyyəsi, təxminən, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Soçi danışıqlarının yekunlarına dair iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid təsdiqlənmiş 5 "yol xəritəsi" əmtəə dövriyyəsini daha da artırmağa, inteqrasiya əlaqələrini intensivləşdirməyə imkan verəcək. Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçib.
Beləliklə, 2019-cu ilin Qarabağ düyününün açılması baxımından uğurlu olacağına ümid edək. Azərbaycanın həmsədr dövlətlərlə ikitərəfli münsaibətləri inkişaf etdirməsi, dünyada baş verənlər, həmsədr ölkələrin mövqeləri Qarabağ düyünün çözülməsinə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yardım edə bilər. Yaxşı ki, bunun baş verəcəyinə ümid var, o isə sonda ölür, sona isə hələ var.

Sədrəddin İsmayılov
Report

Bu xəbər oxundu
- - -