Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İnformasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilib

14.12.18, 12:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” IV respublika konfransı keçirilib. Tədbirdə ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidissiplinar xarakter daşıyan informasiya təhlükəsizliyi üzrə konfransın böyük əhəmiyyətə malik olduğunu söyləyib. “İnformasiya cəmiyyətinin uğurlu, dayanıqlı inkişafının təmin edilməsi informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsindən birbaşa asılıdır”, – deyən AMEA-nın prezidenti qeyd edib ki, müasir dünyada rəqəmsallaşdırma və virtual münasibətlər genişləndikcə informasiya təhlükəsizliyinin rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyinin milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən birinə çevrildiyini vurğulayan alim bildirib ki, bu gün informasiya təhlükəsizliyinin kompleks təminatı həyata keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq terrorizm, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi kimi problemlərin uğurlu həlli mümkün deyil.
“Son illər ölkəmizdə informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qanunvericilik, infrastruktur, kadr hazırlığı, maarifləndirmə və s. istiqamətlərdə mühüm işlər görülməkdədir”, – deyən A.Əlizadə bu məqsədlə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun qəbul edildiyini, Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiyanın layihəsinin işlənib hazırlandığını və digər işlərin həyata keçirildiyini bildirib.
Alim qeyd edib ki, bununla yanaşı, xarici ölkələrdən texnoloji asılılığın aradan qaldırılması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi, İKT sənayesinin, o cümlədən proqram mühəndisliyi sənayesinin formalaşdırılması, informasiya təhlükəsizliyi üzrə gənc kadrların yetişdirilməsi vacib məsələlərdəndir.
A.Əlizadə AMEA-da informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması işlərinin həyata keçirildiyini, İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin dövlət maraqları baxımından böyük əhəmiyyət kəsb edən bir sıra aktual istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını, dissertasiya işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyədə internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan “AzScienceNet” elm-kompüter şəbəkəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz informasiya təhlükəsizliyi ilə bağlıdır.
Konfransda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika elmləri doktoru İqbal Babayev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirəsi baxımından böyük imkanlara malik olduğunu söyləyiblər.
Daha sonra konfrans işini plenar iclasla davam etdirib. İclasda akademik Rasim Əliquliyev “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponenti kimi” mövzusunda məruzə ilə çıxış edərək, informasiya təhlükəsizliyinin təmini məsələlərinin hər bir dövlətin milli təhlükəsizliyinin əsas komponentlərindən biri kimi strateji əhəmiyyət kəsb etdiyini bildirib. Alim informasiya və kommunikasiya sistemlərinə təhdidlər, elektron resursların qorunması və rəqəmsal irsin formalaşdırılması, internet mühitində uşaqların mühafizəsi ilə bağlı mövcud problemlərdən söz açıb. R.Əliquliyev, həmçinin texnoloji sistemlərin kiberfiziki təhlükəsizliyi, milli proqram sənayesi və informasiya təhlükəsizliyi məsələlərindən bəhs edib, milli veb-resursların statistik-analitik mexanizmlərinin işlənilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, hazırda veb-resursların vəziyyəti haqqında statistik məlumatların xarici operatorlar tərəfindən toplanması və analiz olunması, milli veb-resursların statistik və analitik təminat mərkəzləri və servislərinin yaradılması zərurəti bu istiqamətlərdə elmi araşdırmaların aparılmasını, milli və beynəlxalq tələblərə cavab verən statistik mexanizmlərin işlənilməsinin əhəmiyyətini önə çəkir.
Sonra İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet elm kompüter şəbəkəsinin informasiya təhlükəsizliyi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. O, “AzScienceNet” şəbəkəsinin infrastrukturu, istifadə siyasəti, şəbəkənin Data Mərkəzinin texniki imkanları, şəbəkənin GEANT şəbəkə infrastrukturuna inteqrasiyası, Azərbaycan Təhsil Şəbəkəsi ilə əməkdaşlıq, informasiya təhlükəsizliyinin təmin olunması üçün görülmüş işlər, şəbəkədən istifadə zamanı yolverilməz əməllər, istifadəçilərə nəzarət və xəbərdarlıq, təhlükəsizlik hadisələrinin yaranma səbəbləri haqqında ətraflı məlumat verib.

Bu xəbər oxundu
- - -