Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney Azərbaycan ədəbiyyatında Şəhriyar mərhələsi

10.01.19, 11:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı
“Heydərbaba”da oxucu Azərbaycan xalqının milli psixologiyası, həyat tərzi, məişəti, adət-ənənələri, milli mətbəx və milli geyim mədəniyyətinin özünəməxsusluğunun poetik əksini, bədii təsvirini görür. Bu əsərdə ahəngdarlıq, orijinal fikir və sözlərin harmoniyası, ritm, vəzn oynaqlığı, mövzu əlvanlığı, ifadəlilik, həyati gerçəklik, ən əsası isə yüksək bəşəriliklə sırf millilik vəhdət təşkil etmiş, qaynayıb qarışmışdı. Dərin humanizm, insanpərvərlik ideyaları, həyata, gözəlliyə, insanlığa sevgi, pisliyə, zülmkarlığa - şər qüvvələrə nifrət üzərində köklənmiş bu olahi əsər duyğuları vəcdə gətirmiş, əhli-qələmlərin ilhamını qanadlandırmışdır. Şəhriyarın son dərəcə məşhurlaşması, ən ümdəsi isə əsərlərinə, xüsusən “Heydərbabaya salam” mənzuməsinə saysız-hesabsız nəzirələrin yazılması, əlbəttə, ilk növbədə, şairin poeziyasındakı Azərbaycan mənşəli estetik gözəlliklə bağlıdır. Həyat və fəaliyyəti dövrün ictimai-siyasi hadisələrindən ayrılmaz olan Şəhriyarın məhz bu duyğu və düşüncələri “Heydərbabaya salam” poemasında orijinal ifadəsini tapdığına görə, şairin öz dili ilə desək, əsərə “... həcmcə iki “Şahnamə”dən (Ə.Firdovsinin 120 min misralıq məşhur poeması) çox nəzirə və cavablar yazılıb”.
Beləliklə, bu poemanın çapından sonra Azərbaycanda yeni ədəbi məktəb yarandı, bu səpkili əsərlər yazmaq ənənəyə çevrildi. Ana dilimizin Təbriz ləhcəsində yazılmış mənzumədə millətimizin ictimai-iqtisadi, sosial-siyasi durumu, milli varlığı parlaq əksini tapmışdı. Burada şairin yurduna, doğulduğu torpağa dərin sevgisi, vətənpərvərlik duyğuları, birlik və azadlığa çağırış ruhu duyulur, imperializmə, fövqəl dövlətlərin dünya ağalığına, hegemonluq iddialarına qarşı etiraz notları eşidilir.
Mənzuməyə ilk nəzirə yazanlar Nüsrətulla Fəthi Atəşbak (Atəşbəyli), təbrizli M.S.Cənnətiməqam, Cabbarbəy Bağçaban, Hüseynqulu Coşqun, İnayətulla Əmirpur, Əli Təbrizi, Əli Azəri olmuşlar. Onlar nəzirələrində Şəhriyarın dilinə həsrət qalmış bir xalqın dərdlərinə “Heydərbabaya salam”ın əvəzsiz məlhəm olduğunu alqışlayırlar. Əlbəttə, xalq ruhunu, qan yaddaşını, milli-mənəvi koloriti, tarixi gerçəkliyi incəliklərinə qədər ədəbiyyata, poeziyaya ancaq belə əsər gətirə bilər. Buna görə də xalqın ana dilinə olan mənəvi ehtiyacını ödəməyə cəhd edən Şəhriyara nəzirə yazan hər kəs ona Güney Azərbaycanda türkcənin oyadıcısı kimi baxır, qələm sahibləri sevinclərini, ürək sözlərini poetik dillə bəyan edirdilər. “Heydərbaba Azərbaycan ədəbiyyatında bir dönüş nöqtəsi oldu. Bütün baxışlar Şəhriyara döndü. Hamı Şəhriyara bir cavab olaraq şe`rlər yazdılar. Bənzətmələr meydana çıxdı. Böyük şairlərdən tutub, gənc şairlərə qədər, şairlik istedadlarını Heydərbaba sayaq şeirləri ilə sınadılar. Heydərbaba o qədər adlı-sanlı olmuşdur ki, farslar da Şəhriyarı tanıtdıranda, onu Heydərbaba şairi adlandırırdılar. Farslar da belə bir əsər ələ gətirməyi arzuladılar. Çoxlu şairlər - Fars dilli və Türk dilli Heydərbabanı farscaya çevirməyə can atdılar”.
“Heydərbabaya salam” mənzuməsi ilə Güney Azərbaycanda poema janrı yeni inkişaf yoluna qədəm qoydu. Poemadan və Şəhriyarın misilsiz hünərindən ilham alaraq Əhməd Şədi Alov “Heydərbabadan Şəhriyara məktub”, Qaflantı “Təpiyin dağı”, “Bir kəndin bir illik xatirəsi”, Qafar İftixari “Savalana salam”, Abbas İslami Bariz “El dayağına salam”, Qulam Daravalı “Savalanım”, B.Q.Səhənd “Hörmətli ustad böyük Şəhriyara”, M.S.Şami “Kənd cevizi”, Bəxtiyar Muğanoğlu “Ay Savalan”, Əlirza Purbozorg Vafi “Eynalıya salam”, Hacı Əbdürrəhman Təyyar - Dədə Katib “Urmu gölü”, Şamlı Vəhdani “Ay ciğatı, salam”, Hadi Sultani “Pir Səqa nəğmələri”, Əli Əkbər Turabı Həllacoğlu “Eynalı”, H.A.Barışmaz “Çağrılmamış qonaqlar”, M.T.Zehtabi “Rəxşəndənin arzusu”, Professor Qulqmhüseyn Bəydili//Beqdeli “Kohləyə səlam”, Əli Kuşan “Heydarbabanın Şəhriyara salamı” adlı böyük həcmli poemalarını, Valeh Dəstpiş “Ustad Şəhriyarla ilk görüş münasibətilə”, Fəxrəddin Məhzun “Qəzəl”, Rza Əfşarpur “Ay Şəhriyar”, Tofiq Qafari, Hüseyn Düzgün, Əli Təbrizi, Mirismayıl Cabbarinejad, İ.Əmirpur, Qasım Cahani, Səttar Zərdabi, Məsud Ədib, Şəhidi və b. isə M.Şəhriyara ünvanlanmış şeirlərini yazmışlar. Qeyd edək ki, ustad Şəhriyar ədəbiyyatda “Heydərbaba məktəbi” yaratdığı kimi, “Səhəndiyyə məktəbi” yaratmağı, ana dilinə yenidən yaşam hüququ verməyi, bu qədim “hünər” dilini dinamik surətlə inkişaf etdirməyi də bacardı. “Səhəndim” əsəri də öz böyük etkisi ilə bir çox şairi dilə gətirdi... Onlarla şair həm “Səhəndiyyə”, həm də “Səhəndim” kimi tanınan mənzumənin təsiri ilə qələmə sarılaraq yeni səpkili əsərlər qələmə aldılar. Məcid Səbbağ Yalqız satirik ruhlu “Səməndiyyə” və “Qanlı faciə”, Nazir Şərəfxaneyi “Urmu dəryaçası”, Məhəmməd Nəhavəndi Muğan “Sultan Savalan”, Huşəng Cəfəri “Ağ atım”, “Savalan” və “Səfərçilər”, Mirməhəmməd Musui “Göydərə”, Doktor Əli Əkbər Turabi Həllacoğlu “Eynalı” poemalarını Şəhriyarın “Səhəndim” poeması üslubunda yazıblar. Bütün varlığı ilə Şəhriyar yaradıcılığına heyran kəsilən Huşəng Cəfəri “Ağ atım”, “Savalan” və “Səfərçilər” poemaları ilə kifayətlənməmiş, “Baklur“, “Tarım”, “Kökümüz birdi bizim”, “Axı şənbə toydur”, “Köhnə şəhər”, “Çilləxana” şeirlərini də ”Səhəndim”dən ilham alaraq qələmə almışdı. Lakin Məhəmməd Hüseyn Münzəvi və İmam Əli Dadxahın Şəhriyarin ölümü münasibətilə yazdığı nəzirələr və Mirməhəmməd Musuinin “Göydərə” poemasının üslubu “Səhəndim”i, əhatələdiyi məzmun və mündəricəsinə görə isə “Heydərbabaya salam” xatırladır. İmam Əli Dadxahın poemasından bir nümunə ilə fikrimizi yekunlaşdıraq:

Vay elim, yandı dilim, soldu gülüm, göz bülağ olsun
Ax-vayım dağlara düşsün, boran olsun, sazaq olsun
Şəhriyardan sarı, Heydər babanın, başı sağ olsun.

Mirhidayət Hessari yazırdı: “Şəhriyar böyük və müstəsna şəxsiyyətdir. Hələ şah dövründə türk dilində yazıb-oxumaq, şeir qoşmaq qadağan idi. O isə özünün 1953-cü ildə yazdığı “Heydərbabaya salam” mənzuməsi ilə nəinki bu qadağaları darmadağın etdi, həm də ədəbiyyatımızı, dilimizi diriltdi. Gənclərə qol-qanad verdi. İndi də onu təqlid edənlər, habelə “Heydərbabaya salam” mənzuməsinə nəzirə yazanlar var”. Çünki hər kəs, Muharrem Erginin də dediyi kimi, “bugünkü azəri türkcəsinin, Təbriz türkcəsinin bütün dühasını Şəhriyarın əsərində görür”. Şəhriyar ədəbi məktəbinin yetirmələri, ustadlarına nəzirə yazarkən əksər hallarda “Heydərbaba”nın vəzn və üslubuna sadiq qalır, bəzən müraciət obyekti, xitab edilən məkan dəyişsə də, çox vaxt eynilə saxlanır.
Həbib Sahirin “Heydərbabaya salam”ın qaçılmaz təsiri altında qələmə aldığı poema “Məktəb xatirələri” adlanır. Şair fərdi xatirələri fonunda Güney Azərbaycan, eləcə də İran xalqlarının taleyini işıqlandırmağa vətənin keşməkeşli, müsibətli hadisələrlə zəngin tarixini canlandıran nail olmuşdur. Sahir ustad Şəhriyara müraciətlə onu elə, obaya arxa-dayaq olmağa, vətənin güllərini, çıraqlarını solmaqdan, xar olmaqdan qorumağa, bağlı qapıları və dilləri açmağa səsləyir:

Günüm keçdi, oldu qızıl gülüm xar,
Şam sönməkdə, gecə soyuq, mənzil dar!
Bu bağlanan qapıları kim açar?!
Şerin görüb səni andım, şairim!
Vətəndaşı demə dandım, şairim!

Şəhriyarın məslək və qələm dostu Məhəmmədəli Məhzun şairin təbini çox bəyənir, qəzəllərini, “Heydərbabaya salam” poemasını sevirdi. Şəhriyarı ustadı, könlünün sultanı, “dəryayi-ümman”, özünü isə dəryadan damla, zərrə adlandırırdı. Məhzun söz mülkünün sultanı sayılan dahi Füzuli ilə Şəhriyarı: “Tək Füzulidən sonra hakim olan bu könlümə, Şəhriyar olmuş qəzəl mülkündə soltanım mənim,” - deyə müqayisə edirdi.
Ustad Şəhriyar “Heydərbabaya salam”ına həsr olunmuş cavab və nəzirələr içərisində Məhəmməd Əli Saibi, Bulud Qaraçorlu Səhənd və Əlirza Purbozorg Vafinin poemalarını daha çox bəyənmişdi. Məhəmməd Əli Saibi şairin üslubuna, vəzn və qafiyə sisteminə sadiqlik göstərmiş, sənətkarlıq xüsusiyyətlərini, bədii portret yaratmaq ustalığını, ritm oynaqlığını davam etdirmişdi. Burada da lirik qəhrəman bəxtəvər, qayğısız uşaqlıq çağlarını həsrətlə, qəhərdən boğula-boğula yada salır, artıq yaxın keçmişə dönmüş unudulmaz həyat səhifələrini vərəqləyir:

Qırx beş ildir Təbrizdən mən çıxalı,
Xınov tutub boğazımı sıxalı,
Qüssəvü qəm səbr evimi yıxalı,
Day görmədik bir gülən üz zamanda,
Ağız dadı anlamadıq cahanda.

“Heydərbaba” məktəbinin ənənələrinə sadiqlik göstərən Ə.P.Vafi “Eynalıya salam” poemasını Təbriz yaxınlığındakı ynalı dağına xitabən qələmə alıb. Eynalı dağını xalqın pənahı, sığınacağı, sirdaşı, dəfinələr ocağı, igidlərin qılınclarının şaqqıltısını, atların kişnərtisini ən dəyərli əmanət kimi qoruyub saxlayan qutsal varlıq kimi obrazlaşdırır, canlı insan tək onunla dərdləşir. Poemanın daha bir özəlliyi “Fədaiyane-xəlq (21 Azər)” hərəkatının qəhrəmanlarını yetişməkdə olan nəslə, xalqa tanıtmaq, tariximizi, keçmişimizi, milli kimliyi-mizi, mənəvi dəyərlərimizi unutmamağa çağırışdır. Ə.P.Vafi Azərbaycan tarixinin həmin dövrünün qızıl səhifələrini yazan fədakarları - Səməd Behrəngi (Qaran-quş), Behruz Dehqani (Aydın), Əlirza Nabdil (Oxtay), Behruz Həqqi (Çölgülü), Manaf Fələki, Kazım Səadəti və Əskər Ərəbherislini xalqına bir daha bədii sözün qüdrəti ilə təqdim edir. Ə.P.Vafi xalqına son nəfəsədək şərəflə xidmət edən və milli azadlıq yolunda canını qurban verməkdən çəkinməyən milli qəhrəmanları şirin təhkiyə ilə tanıtmaqda davam edir və sonda tanıtımı diqqətəlayiq formada tamamlayır:

İndi bildim, kimdir Behruz Dehqani?
Sənə, mənə qurban etdi o canı.

Esmira Fuad
Filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -