Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Həqiqət boyunun ölçüsünü bilməkdir...”

11.01.19, 12:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıdakı 302 saylı məktəbin direktoru Səkinə Rzayeva təhsil eksperti Kamran Əsədovu tənqid edən məqalə yazıb.
Məktəb direktorunun məqaləsini olduğu kimi təqdim edirik:
Əslində sosial mediada təhsil mövzusunun ən ciddi izləyicilərindən biri kimi, hər dəfə yeni simaların fikirləri ilə tanış olarkən sevinirəm. Ona görə ki, təhsil sahəsində yeni simaların meydana gəlməsi yeni, müasir baxışlarla tanış olmaq imkanı yaradır. Demək olar ki, hər yarım saatdan bir gündəmdə olan və özünə “təhsil eksperti” titulu verərək başını bununla qatan Kamran Əsədova belə baxmaq istəyərdim.
Amma.. bir izləyici kimi onun davamlı şərhlərinə, müsahibələrinə diqqət etdikdə, adamın nə qədər populist və ucuz auditoriya mandatı qazanmaq meylini, avantüra və spekulyativ maraq dairəsini sezdim. Kamran hər şeydən danışa-danışa uğursuz hərşeyşünas oldu. Və ötən gün onun təhsil sahəsi ilə bağlı sərsəm fikirləri məni bir təhsil işçisi kimi vadar etdi ki, “təhsil eksperti” barəsində çoxsaylı təhsil kollektivinin bir üzvü kimi susmayım. Çünki biz təhsil işçiləri susduqca, bu özündən müştəbeh adam təhsildə hər şeyi qaralamaqla diqqət çəkir, bir çox hallarda ordan-burdan “qapazladığı” fikirlərlə hücuma keçir və döyüşsüz meydanda özünü Herakl hiss edir.
Diqqətli oxucu isə Kamran Əsədovun fikirlərini təhlil edərsə və ya onun haqqında sosial şəbəkələrdə yazılan, özünün yazdığı şərhləri araşdırarsa, aydın görər ki, bu adam alababat universitet məzunudur.
Dünən Kamran növbəti dəfə gündəmə gəlmək məqsədilə çoxminlik direktor korpusunun ünvanına yeni təhqirlər yağdırdı:
“Direktorlar uşaq alveri ilə məşğuldur. Məktəb direktorları uşaq alveri qarşılığında müəllimlərdən faiz alırlar” (sitatın sonu).
Bu insan nə qədər azğınlaşıb ki, doğma qardaşı Arif Əsədovun da üzvü olduğu məktəb direktorları kollektivini bu cür təhqir edir. Görünür ki, onun daxili mənəviyyatında yerində olmayan xeyli şeylər var. Çünki bütün günü medianın diqqətini çəkmək üçün insanları alçaldan, ölkənin bütün müəllimlərini bir yerdən təhqir edən, təhsil camesini yerdən yerə vuran bu tip insanların günahıdır ki, Drakonlar günün günorta çağı müəllimi döyür, məktəbə hücum çəkir və buna haqq qazandırır. Səhv etmirəmsə, Kamran da bir vaxtlar məktəb direktoru olmaq həvəsinə düşmüşdü və arzusu ürəyində qalmasaydı, bəlkə də bu gün dediyi alver ilə məşğul olardı. Bilmirəm, hansı ciddi səbəblərdən o direktor ola bilmədi. Ancaq bilinən odur ki, Kamranın sərgilədiyi əxlaq tipi, təhqiramiz atmacaları, hərşeyşünas forması müəllimlik peşəsinə və təhsil sahəsinə yaddır.
Səmimi desəm, hərdən Təhsil Nazirliyinin bu hallara qarşı çox dözümlü davranması, onu öz tədbirlərinə ara-sıra dəvət etməsi mənim kimi bir çox məktəb rəhbərinə qəribə gəlmişdi. Axı sağlam tənqidlə, hədyanı, təhqiri ayıra bilməyən, dayaz bilik səviyyəsi ilə medianın gündəmini zəbt etməyə çalışan birisi necə təhsil sahəsində can qoyan ekspertlər ilə yan-yana dura bilər?!
Ancaq çox keçmir ki, Kamran öz ampluasında plagiat fikirləri ilə (yeri gəlmişkən, Kamranın Feysbuk profilində onu plagiatlıqda günahlandıran xeyli şərhlər, qınaqlar da var və o, belə şərhləri tez-tez silməyə də çalışır) və mahiyyətindən baş çıxarmadığı düşüncələri ilə medianın əyri güzgüsü olur.
Adi oxucu bir çox hallarda da bilmir ki, bu adam niyə bir gün belə, digər gün isə tamam başqa cür olur. Məndə belə bir əminlik yaranıb ki, Kamranın maraqlarını razı salanda, onun səsi də düz çıxır. Əlbət ki, ekspertliyi o bunda görür. Mənim Kamran Əsədov barədə nə isə yazmağımın bir səbəbi var – həddini aşmış adam bu peşəyə ləyaqətlə xidmət edən yüz minlərlə adamı təhqir edərək ad qazanmağa, media məkanını hər gün “şok” faktlarla zəbt etməyə, bunun üzərindən isə şəxsi repetitorluq biznesini qurmağa çalışır. Bu qədər cılız, bu qədər səthi, yüksək təfəkkür və dəyərlərdən uzaq. Təhqiramiz, qeyri-etik, loru üslub sərgiləməklə müəllim adına iddia edən şəxsin titulları isə saxtadır. Həqiqət isə, boyunun ölçüsünü bilməkdir, Kamran.

Bu xəbər oxundu
- - -