Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şimal bölgəsinin daha 19 kəndinin qazlaşdırılmasına başlanılacaq

11.01.19, 12:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Şimal bölgəsində hazırda Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması üçün tədbirlər görülür.
2019-cu ildə “Azəriqaz” İB tərəfindən şimal rayonlarında 19 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Bu il Xaçmazda 9, Qubada 4, Qusar və Şabran rayonlarının hər birində isə 3 kənd “mavi yanacaq”la təmin olunacaq. Hazırda həmin yaşayış məntəqələrinin qazlaşdırlması üçün layihələndirmə işləri həyata keçirilir. Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Əlibaba Əliyev bildirib ki, şimal rayonları ölkəmizin ən soyuq bölgələrindən sayılır. Bu səbəbdən buradakı yaşayış məntəqələrinin təbii qazla təminatı da diqqət mərkəzindədir.
2018-ci ildə şimal bölgəsindəki 5 rayonda 25 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Bu yaşayış məntəqələrində 3 min 614 abonent var. Ötən il Xaçmaz rayonunda 18 kənd və qəsəbənin sakinləri üçün “mavi yanacaq”dan istifadə etmək imkanı yaradılıb. Xüsusilə rayonun Nabran-Yalama turizm zonasında yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması işlərinin tam yekunlaşdırılması yerli sakinlər və burada fəaliyyət göstərən sahibkarlar tərəfindən razılıqla qarşılanıb. Hazırda Nabran, Xanoba, Tel, Yaquboba, Səlimoba, Günəşli, Meşəli, Pərdiqıran, Vələmir, Aşağıoba, Aslanoba, Seyidli, Sahillər, Dalğalı, Şimali, Turist, Samurçay, Xuray, Çax-Çaxlı, Qaracik Zeyid, Şıxlı və Məcidoba digər yaşayış məntəqələrində, ümumilikdə, 2 mindən çox abonent artıq təbii qazdan istifadə edir.
İstirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacaq. Nabran istirahət zonasında təbii qazın olmaması payız-qış mövsümündə istirahət mərkəzlərində əlavə çətinliklər yaradırdı. Turizm zonasındakı yaşayış məntəqələrinin qazlaşdırılması buradakı istirahət mərkəzlərinin yay mövsümü ilə yanaşı, qışda da fəaliyyət göstərməsinə imkan verir. 2018-ci ildə Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Şabranın Sumağa qazmalar, Qorğan, Siyəzən rayonunun Qozağacı kəndlərində qazlaşdırma işləri başa çatdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Bu xəbər oxundu
- - -