Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Prezidentin struktur islahatlarına dair növbəti fərmanları...”

15.01.19, 10:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Musa Qasımlı: “Ölkəmizdə idarəetmə işlərinin təkmilləşdirilməsi məqsədini daşıyır”

Fazil Mustafa: “İnsanlarımızın rifahının yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”

Yanvarın 14-də Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi isə ləğv edilərək onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılır.
Ekspertlər struktur islahatlarını şərh ediblər.
Millət vəkili Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin büdcədən maliyyələşdirilən bəzi qurumlarda struktur islahatlarına dair növbəti fərmanları ölkəmizdə idarəetmə işlərinin təkmilləşdirilməsi, çevik həyata keçirilməsi, səmərəliliyinin artırılması, yersiz maliyyə xərclərinin qarşısının alınması və vətəndaşların əlçatanlığının təmin edilməsi məqsədini daşıyır.
Onun sözlərinə görə, ölkəmizin ümumi inkişaf sürətindən geri qalan və ya ona mane olan amillərin islah olunması, müvafiq qurumların islahatlar yolu ilə yeni tələblərə uyğun şəkildə qurulması zərurətdən doğur.
Millət vəkili əlavə edib ki, struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır: "İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur".
M.Qasımlı islahatların digər sahələrdə də davam etdirilməsinin fayda verəcəyinə inanır: "İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı” ölkə imici qazandırmaqla həm də davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib".
Deputatın sözlərinə görə, struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir: "Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir".
Millət vəkili Fazil Mustafa bildirib ki, dövlət başçısı tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edir: “Qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır”.
Onun sözlərinə görə, bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır: “Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır. İndi vergi və gömrük sistemində dəyişikliklər buna ümid yaradır. Ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz bac-xərac mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır. Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür”. Fazil Mustafa hesab edir ki, icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı: “Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahının yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”.
Millət vəkili Azər Badamov bildirib ki, indiki dövrdə Azərbaycanda idarətmə strukturunda təkmilləşdirilmələrin aparılması vacibdir. Cənab prezidentin sədrliyi ilə keçirilən 2018-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında da ölkə başçısı toxunmuşdu. Orada qeyd olunmuşdu ki, həddən artıq şişirtməyə yol vermək olmaz: “Müəyyən strukturların, əvəz olunan strukturların artırılması, eləcə də struktur xərclərinin çoxaldılması, strukturların özünün şişirdilməsi idarəetməni yaxşılaşdırmır. Ona görə də dünyada qəbul olunub ki, indiki dövrdə az işçi ilə daha da effektiv idarəetmə həyata keçirilməlidir. Ölkə başçısının müvafiq fərmanı da bu istiqamətdə atılan addımlardan biridir”.
Millət vəkili bildirib ki, şərt işçilərin, strukturların çox olması deyil. Ona görə də idarəetməni çevik şəkildə həyata keçirən strukturların yaradılması daha əsasdır: “Cənab prezidentin bəzi strukturların birləşdirilməsi, ləğvi ilə bağlı imzaladığı fərman da bu məqsədə xidmət edir. Bu da çox təqdirəlayiqdir. Eyni funksiyanı yerinə yetirən dövlət strukturlarının bir yerdə cəmləşməsi, artıq strukturların ləğv olunması, ştatlarda ixtisarların aparılması vacibdir. Bu həm bürokratizmi aradan qaldırar, həm də idarətmənin daha operativ, daha çevik şəkildə təşkilində xüsusi rol oynayar. Demək istəyirəm ki, bu fərman idarəetmə strukturlarının təkmilləşdirilməsində xüsusi rol oynayacaq. Yenə də müəyyən qurumlarda təkmilləşdirilmənin aparılmasına ehtiyac var. Lazımdır. Düşünürəm ki, bu cür fərmanlar bundan sonra da veriləcək”.
Deputat Aydın Mirzəzadə isə deyib ki, cənab Prezident bir neçə gün bundan öncə Nazirlər Kabinetinin iclasında islahatlar siyasətinin davam etdiriləcəyini, idarəetmənin daha çevik mərhələyə çatacağı anonsunu vermişdi: “Bunun nəticəsidir ki, ötən gün bu istiqamətdə bir neçə ciddi addımlar atıldı”. O bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi dövlətin bir başa istehsalda iştirakından geri çəkildiyini göstərdi. Deputat söyləyib ki, bir qayda olaraq hüquqi demokratik dövlətlər iqtisadiyyatı tənzimləyir, özləri bir başa istehsalda iştirak etmirlər: “Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin sahəsinin hökumətdə ayrılaraq ayrıca bir səhmdar cəmiyyətə çevrilməsi çox düzgün addım idi”.
A.Mirzəzadə qeyd edib ki, şirkət formasında fəaliyyət göstərən bu sahə özünün maliyyələşmə sisteminə keçərək, eyni zamanda bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq bundan sonra daha sərbəst və çevik fəaliyyət göstərə biləcək: “Digər tərəfdən bu gün hökumət yanında fəaliyyət göstərən bir sıra qurumların ləğv edilməsi, günün aktual məsələlərindən biri idi. Müəyyən katibliklərin və ya qurumların ictimai əsaslarla fəaliyyət göstərməsi dövlət büdcəsinə qənaət etməyə və yaxud müəyyən zamandan-zamana fəaliyyət göstərməsinə görə ayrıca bir ştat saxlamasına ehtiyac olmadığını göstərdi”.
Deputat vurğulayıb ki, Azərbaycan özünün müstəqilliyi dövründə hər zaman dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim islahatlar keçirib və günün tələblərinə cavab verən bir sistem yaratmağa çalışıb: “ Struktur islahatları ilə bağlı ötən gün atılan addımlar bir daha göstərir ki, Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam etdiriləcək”.

Əli

Bu xəbər oxundu
- - -