Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

““Ermənistanı hər şeydən təcridetmə siyasəti” bu gün işğalçı ölkəni gərgin vəziyyətə salıb”

15.01.19, 10:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elman Məmmədov: “Bu, Ermənistan Azərbaycan torpaqlarının işğalından əl çəkənə qədər davam etdiriləcək”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dağlıq Qarabağ münaqşənin həlli ilə bağlı verdiyi mesajları dəyərləndirən ekspertlər öz fikirlərini bölüşüblər.
Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, bizim mövqeyimiz dəyişməz olaraq qalır: “Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi başlanmışdır, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur...
Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi.
Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var...”.
Millət vəkili Elman Məmmədov deyib ki, ümumiyyətlə, uzun illərdir Avropada, Amerikada, dünyanın bir sıra ölkələrində kök salmış çox güclü və çox iyrənc cinayətkar əməllərlə məşğul olan erməni mafiyası, lobbisi mövcuddur. Millət vəkilinin sözlərinə görə, onlar “konyak diplomatiyası” daxil olmaqla, eyni zamanda bütün vasitələrdən istifadə edib və həmin dövlətlərin rəsmilərini, deputatlarını, siyasətçilərini, mediasını və s. öz mənafelərində iş birliyinə cəlb ediblər: “Təbii ki, bunlar maddi maraqlar naminə olur. Cənab Prezidentimizin dediyi ki, onlar “konyak diplomatiyası”ndan, çirkli pullardan və s. istifadə edirlər. Hətta deyərdim ki, onlar bu istiqamətdə öz qadınlarından da istifadə edirlər. Hələ 200-300 il bundan öncə də məlum idi ki, onlar öz məqsədlərinə çatmaq üçün qadınlarını irəli verib onların da xidmətindən istifadə ediblər. Təbii ki, bu gün də bu davam edir.
Bildiyiniz kimi Qərbdə vaxtaşırı bizə qarşı müəyyən kampaniyalar aparan mətbu orqanlar, insan hüquqları adı altında çıxış edən təşkilatlar var. Həmçinin Avropa Parlamentində, Avropa Şurasında, başqa qurumlarda olan deputatlar, siyasətçilər var. Onlar ermənilərlə əmioğlu, xalaoğlu deyillər əksinə bunlar erməninin verdiyi o ianələr, çirkli pullar, müəyyən dəyərli hədiyyələr hesabına ermənilərin dediyini edirlər. Heç şübhəsiz ki, bu gün də o davam edir. Onlar həmişə məqsədlərinə nail ola bilməsələr də ancaq çox vaxt görürsən ki, bu kampaniyaların yaradılmasına mane olurlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev apardığı siyasətlə yəni ölkə başçısının özünün ifadə etdiyi kimi “Ermənistanı hər şeydən təcridetmə siyasəti” bu gün işğalçı ölkəni o gərgin vəziyyətdə, səfalət içərisində qoyub. Bu davam etdiriləcək o vaxta qədər ki, Ermənistan Azərbaycan torpaqlarının işğalından və ölkəmizə qarşı düşmənçilikdən əl çəksin. Dövlət başçımızın apardığı bu siyasət çox uğurla nəticələnir və getdikcə də bəhrələrini verməyə başlayır. Bu heç kimdən gizli deyil”.
Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, Azərbaycan hakimiyyəti ən böyük problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində öz prinsipial siyasətini ardıcıl olaraq davam etdirir və bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll oluna bilər. Deputat bildirib ki, dövlət başçısının çıxışında qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu: "Bütün dünya bildi ki, Ermənistanda Sarkisyan, Koçaryan kimiləri Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş bir cinayətkar qruplaşmadır. Nəhayət, Ermənistan cəmiyyəti də dözməyərək onları tarixin arxivinə atdı və əminəm ki, məhkəmələr də qurulacaq və onlar Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə cavab verəcəklər". B.Əliyev vurğulayıb ki, Azərbaycanın apardığı uğurlu siyasət Ermənistanı təcrid vəziyyətinə salıb: "Ermənistanın iqtisadiyyatı da, siyasəti də çöküb və onların yeganə çıxış yolu ondan ibarətdir ki, erməni işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxsın. Yalnız bundan sonra bəlkə Ermənistanın bir şansı, çıxış yolu ola bilər. Onların gələcək taleyi Azərbaycan dövlətindən asılıdır. Ermənistan bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşıdır". Millət vəkili qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sürətlə inkişaf edir, dayanıqlı iqtisadiyyata malikdir, bütün ölkələrlə faydalı münasibətlər qurub: "Azərbaycan erməni işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlar üçün öz vəsaiti hesabına gözəl mənzillər tikir, onların sosial vəziyyəti yaxşılaşdırılır, iş yerləri ilə təmin olunur. Dövlətimizin başçısı da çıxışında bildirdi ki, 2019-cu ildə də məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görüləcək və bunun üçün vəsait ayrılıb. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işləri məcburi köçkünlər daim alqışlayırlar, öz minnətdarlıqlarını bildirirlər".
Siyasi ekspert Elşad Mirbəşiroğlu isə diqqətə çatdırıb ki, dövlət başçısı, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsindən bəhs edərək Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını vurğuladı: “Bildirdi ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycan münaqişənin dinc yolla həlli prinsipinə sadiqlik nümayiş etdirir. Bununla yanaşı, münaqişənin tənzimlənməsi prosesində Azərbaycan haqlı mövqelərinin qorunmasında israrlıdır. Nəzərə almaq lazımdır ki, 20 ildən artıq Ermənistanda hakimiyyəti gücə və zorakılığa əsaslanaraq əldə saxlamış cinayətkar siyasi qruplaşmanın devrilməsi nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyan da öz siyasi oyunlarını Dağlıq Qarabağ üzərindən oynamağa cəhd edir. Belə ki, sələflərinin təcrübəsindən faydalanan Paşinyan da münaqişə vəziyyətindən istifadə edərək hakimiyyətdəki mövqelərini möhkəmləndirməyə çalışırdı. Məsələn, o, Azərbaycanın işğal altında olan ərazilərinə ardıcıl qanunsuz səfərlər etməklə yanaşı, danışıqlarda da qondarma “Dağlıq Qarabağ respublikası”nın tərəf kimi iştirakının vacibliyi ilə bağlı sərsəm fikirlər səsləndirirdi. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bunu qətiyyətlə rədd edib və bunun mümkünsüzlüyünü işğalçı tərəfə aydın şəkildə çatdırıb”. Onun fikirncə, həqiqətən uzun illər Ermənistandakı cinayətkar rejimin əməllərinə göz yumulduğunu, hətta onun açıq-aşkar dəstəkləndiyini sübut etmək üçün əlavə arqumentlərə ehtiyac yoxdur: “Məsələn, 1999-cu ilin oktyabrında Ermənistan parlamentində törədilmiş terror aktında rəhbərliyin birbaşa əlinin olduğu şübhəsizdir. Həmin dövrdə terrorçularla danışıqlarda birbaşa dövlət başçısı Robert Koçaryan iştirak etmişdi ki, bu da törədilmiş hadisənin elə onun özünün siyasi sifarişi olduğunu dəqiq sübut edirdi. Hadisədən sonra da terror aktının törədilməsinin hakimiyyətin siyasi sifarişi olması ilə bağlı kifayət qədər dəlillərin olmasına baxmayaraq, beynəlxalq təşkilatlar buna obyektiv siyasi və hüquqi qiymət vermədilər. Koçaryandan sonra hakimiyyəti zəbt etmiş Sarkisyan da dövlət idarəçiliyində kriminal elementlərə üstünlük vermişdi və hərbi-cinayətkar rejim formalaşdırmışdı...”.

Əli

Bu xəbər oxundu
- - -