Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ASAN xidmət“in səlahiyyətləri artırılıb

15.01.19, 14:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, 6-cı bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilib. Başqa sözlə, “Güzəştli mənzil” sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Mənzil İnşaatı Dövlət Agentliyi və MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinə köməklik göstərilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət") tapşırılıb. Bununla da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub.
Sənədə əlavə edilən 8.3 bəndə görə, bu fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş qaydaya uyğun olaraq edilən müraciətlərin cavablandırılması, o cümlədən yaranan çətinliklərlə bağlı müraciətlər və onların aradan qaldırılması “ASAN xidmət” mərkəzləri vasitəsilə də həyata keçiriləcək.
Həmçinin, dəyişikliyə əsasən mənzili ipoteka kreditindən istifadə etməklə, yaxud həm ipoteka krediti, həm də öz vəsaiti hesabına əldə etmək istəyən elektron kabinet verilmiş şəxs “Güzəştli mənzil” sistemi vasitəsilə “Elektron ipoteka” sisteminə yönəldiləcək və “Elektron ipoteka” sistemində onun qeydiyyatı yoxdursa, şəxs həmin sistemdə avtomatik qeydiyyata alınacaq. Bu barədə “Güzəştli mənzil” sistemi vasitəsilə şəxsin elektron kabinetində müvafiq bildiriş yerləşdiriləcək.
Bundan başqa, elektron kabinet verilmiş şəxs bu Qaydanın 5.5-1-ci bəndində nəzərdə tutulan bildiriş onun elektron kabinetində yerləşdirildikdən sonra ilkin razılıq qərarının alınması üçün agent banka müraciət etməli və ipoteka kreditinin verilməsi qaydası ilə müəyyən edilmiş sənədləri təqdim etməlidir. Belə müraciətə ipoteka kreditinin verilməsi qaydasına uyğun olaraq baxılır. Elektron kabinet verilmiş şəxs agent bankdan aldığı ilkin razılıq qərarını “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir. İlkin razılıq qərarı almış elektron kabinet verilmiş şəxs həmin qərarın verildiyi tarixdən bir il ərzində bu qaydaya uyğun olaraq mənzil əldə etmədikdə, lakin mənzili ipoteka kreditindən istifadə etməklə, yaxud həm ipoteka krediti, həm də öz vəsaiti hesabına əldə etmək istəyində olarsa, yenidən ilkin razılıq barədə qərar almalı və həmin qərarı “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirməlidir.
Digər dəyişikliyə əsasən, bu fərmana 5.7-1-5.7-3 bəndləri əlavə edilib. Dəyişiklilərə görə qaydalara uyğun olaraq seçilməsi imkanı məhdudlaşdırılmış mənzil müəyyən edilmiş müddətdə həmin elan çərçivəsində mənzil seçməyən elektron kabinet verilmiş iki şəxs tərəfindən ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Elektron kabinet verilmiş şəxs bir elan çərçivəsində gözləmə qaydasında yalnız bir mənzili seçə bilər. Ərizəçinin etdiyi mənzil seçiminin bu qaydanın 5.9-cu bəndinə əsasən ləğv edilməsi barədə onun elektron kabinetində müvafiq bildiriş yerləşdirildikdə gözləmə qaydasında həmin mənzili birinci sırada seçmiş elektron kabinet verilmiş şəxs ərizəçi statusunu əldə edir və onun həmin mənzili almaq hüququ yaranır. Bu barədə onun elektron kabinetində “Güzəştli mənzil” sistemi vasitəsilə müvafiq bildiriş yerləşdirilir.
Bu qaydanın 5.7-2-ci bəndinə əsasən ərizəçi statusu əldə etmiş şəxsin etdiyi mənzil seçiminin bu qaydanın 5.9-cu bəndinə əsasən ləğv edilməsi barədə onun elektron kabinetində müvafiq bildiriş yerləşdirildikdə gözləmə qaydasında həmin mənzili ikinci sırada seçmiş elektron kabinet verilmiş şəxs ərizəçi statusunu əldə edir və onun həmin mənzili almaq hüququ yaranır. Bu barədə onun elektron kabinetində “Güzəştli mənzil” sistemi vasitəsilə müvafiq bildiriş yerləşdirilir.
Qeyd edək ki, Fərmanla Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, bu fərmanın 2-ci hissəsi 2019-cu il mayın 1-dən qüvvəyə minir. Bu Fərmanın 2-ci hissəsi qüvvəyə minənədək “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda nəzərdə tutulan mənzilin orta bazar qiyməti kimi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası tərəfindən sonuncu təsdiq edilmiş qiymət nəzərdə tutulur.
Fərmana əsasən Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu xəbər oxundu
- - -