Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Aparılan danışıqlar il ərzində səmərə verməyə bilər”

17.01.19, 9:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məhəmməd Əsədullazadə: “Ermənistan çalışacaq ki, imitasiya siyasəti aparsın”


Azərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə bir araya gəliblər. Bu görüşün danışıqlar prosesinin perspektivi ilə bağlı hansı nəticələr verəcəyi maraq doğurur.
Xatırladaq ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüş ilə bağlı açıqlama yayıb. Açıqlamada tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsinin aparıldığı bildirilir. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.
Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda isə deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Bəyanatda qeyd olunur ki, həmsədrlər yanvarın 16-sı Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüblər və onların apardığı danışıqlara qatılıblar. Həmsədrlərin bəyanatında qeyd edilir ki, danışıqların yekunları Fransanın Avropa və xarici işlər naziri yanında dövlət katibi Jan-Batist Lemuanla müzakirə olunub, həmçinin beynəlxalq vasitəçilər Fransa prezidenti Emmanuel Makronun müşavirlərini bu barədə məlumatlandırıblar. Bəyanata görə, həmsədrlər nazirlərlə danışıqlar prosesinin əsas prinsip və parametrlərini, həmçinin danışıqlara güclü təkan vermək məqsədilə Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək imkanlarını nəzərdən keçiriblər. Həmsədrlər yaxın vaxtda hər iki ölkənin liderləri ilə görüşməyi planlaşdırır.


Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən gün Parisdə keçirilən görüşləri ilə bağlı erməni KİV-ləri də məlumat yayıb. Xarici diplomatik nümayəndəliklərinin rəhbərləri səmərəli, daha geniş qarşılıqlı anlaşma və inam istiqamətinə yönəlmiş konstruktiv fikir mübadiləsi aparıblar:”Dörd saat yarımdan çox davam edən görüşdə tərəflər geniş şəkildə sülh prosesinə, o cümlədən, xalqların sülhə hazırlığına, təhlükəsizlik və stabil regional inkişaf məsələlərinə toxunublar. Həmçinin, bildirilib ki, XİN rəhbərlərinin növbəti görüşlərinin vaxtı təsdiq edilməyib, lakin buna baxmayaraq, nazirlər qarşıdakı aylarda davamlı təmasda olmalarına razılıq veriblər.
Politoloq Vasif Əfəndiyev deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti danışıqlar yekunlaşdı: “ATƏT həmsədrləri və Andre Kasprişikin iştirakı ilə keçirilən görüşün nəticələri barədə təsdiqini tapmış məlumatlar olmasa da artıq danışıqların yeni fazaya keçdiyi faktdır”. Politoloqun sözlərinə görə, indiyə qədər əldə olunan razılaşmaların həyata keçməsi zamanı çatıb: “Hesab edirəm ki, bu il ərzində artıq problemin həlli üçün “açar razılaşmaya” imza atılacaq. Bundan sonra Ermənistan xarici işlər nazirinin Moskvaya çağırılması və danışıqların mahiyyəti ilə tanışlığı prosesi baş verəcək. Təbii ki, Rusiya bu problemin tam həllini istəmir. Onu yalnız yarımçıq və hər iki tərəfi gərgin saxlayan həll variantı qane edə bilər. Paşinyan isə özündə güc taparaq regionda sülhün 100 faiz təmin olunmasına yönəlik addımlar atarsa Qafqazda uzun və davamlı sülh yarana bilər. Lakin bu kövrək razılaşmaları qoruyub saxlamaq üçün ilk növbədə daxili stabilliyi qorumaq lazımdır. Ölkəmizə xaricdən ixrac olunan dini və siyasi təhlükənin qarşısı alınmalıdır. Bütün bunlar isə qarşılıqlı ittihamlar və güc nümayiş etdirməklə deyil, vətəndaş cəmiyyətinin fəalları ilə dialoq və əməkdaşlıq vasitəsilə həyata keçirilməlidir”.
Politoloq Cümşüd Nuriyev diqqətə çatdırıb ki, ümumiyyətlə, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ötən gün Parisdə keçirilən görüşdən heç bir şey gözləmirdim: “Hətta Azərbaycanda müəyyən politoloqlar da bu fikirdə idi. Çünki cənab Prezident özü son çıxışında da bunu bildirmişdi”. Politoloqun sözlərinə görə, ATƏT hələ bu günə qədər heç bir iş görməyib və təbii ki, bundan sonra da görəcəyi inandırıcı deyil: “ATƏT daha çox ermənilərin tapşırığı ilə çalışır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməsin. Onların bu variantı da keçmir. Ona görə də nazirlərin görüşündən heç bir şey gözləmirdim. Heç şübhəsiz ki, mən növbəti görüşlərdən də hansısa bir şey gözləmirəm. Çünki güclənən Azərbaycanı sevməyən dövlətlər var. Onlar bir növ bu yolla Azərbaycanın inkişafının qarşısını almaq istəyir. Çalışırlar ki, ölkə daxilində ərazi bütövlüyü ilə bağlı gərginlik artsın. Yəni əsas məqsəd budur. Təbii ki, ona da nail ola bilməyəcəklər”.
Politoloq İlqar Vəlizadə deyib ki, xarici işlər nazirləri arasında keçiriləcək görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişin əldə olunmasından söhbət gedə bilməz: “Çünki danışıqlar prosesinin indiki mərhələdə gündəliyi çox çiy görsənir”. O bildirib ki, tərəflər hələ gündəliklə bağlı konkret razılığa gəlməyiblər: “Belə halda danışıqlar prosesinin məhsuldarlığından yaxud real nəticələrindən danışmaq olmaz. Bu görüş zamanı keçirilən son görüşlərdə səsləndirilən təkliflərin konkretləşdirilməsi gözlənilir. Həm Azərbaycan, həm də Ermənistan tərəfi müəyyən təkliflər irəli sürüblər. Bu təkliflər prosesi indiki donmuş mərhələdən çıxartmalıdır”.
XİN rəhbərlərinin görüşündə gözlənildiyi kimi, ciddi addım atılmadı. Ermənistan ənənəvi imitasiya siyasəti aparmaqla hər vəchlə çalışır ki, danışıqlar prosesi uzansın və status-kvo saxlanılsın. Belə olan təqdirdə isə müharibə variantı ön plana çıxır. Ermənistanın yeni hökumətiniin də ənənəvi siyasəti davam etdirəcəyi görünür.
Politoloq Məhəmməd Əsədullazadə isə vurğulayıb ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir: “Aparılan danışıqlar il ərzində səmərə verməyə bilər. Ermənistan tərəfi hərvəchlə çalışacaq ki, imitasiya siyasəti aparsın. Gedən proseslər onu göstərir. Azərbaycan təkcə diplomatiya da deyil, müharibə hazırlıqlarını da pararlel aparmalıdır, məhz aparır. Azərbaycan döyüş əməliyyatlarına tam hazırdır və regional şərtlər getdikcə Azərbaycanın leyhinə formalaşır. Biz məcburuq istənilən variantda işğalda olan torpaqlarımızı azad edək. Qeyd edim ki, danışıqlar prosesi Minsk qrupu çərçivəsində davam etdikcə, heç bir mübət nəticə gözləməyə dəyməz.
Azərbaycan öz hərbi imkanlarını gücləndirib, son sözü ordumuz deyəcək. Məhz ona görə də son model və yeni nəsil silahlarla öz arsenalını inkişaf etdirir.
Silahlı qüvvələrimiz Ermənistan ordusunu tam məğlub etmək iqtidarındadır. Buna baxmayaraq müharibə canlı itkilər deməkdir. Ehtiyatda olan hərbi mükələfiyyət daşıyan vətəndaşlarımız ildə bir dəfə hərbiyə cəlb edilməli, müasir silahlardan istifadə etməyi öyrətmək lazımdır. Bu, labüddür və hazırkı şərtlər daxilində ölkəmizin müdafiə imkanlarının inkişafını genişləndirir. Oan görə də Müdafiə nazirliyi bu işlərə başlamalıdır”.
Deputatı Elman Məmmədov isə deyib ki, Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan hərtərəfli, ciddi böhran içərisindədir: “Həm iqtisadi, həm də siyasi cəhətdən iflasa uğrayan Ermənistanda ciddi demoqrafik problemlər də yaranıb, sakinlər ölkədən qaçır”. E.Məmmədov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasını üstün tutur: “Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bizə həm tövsiyə, həm təkid edirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq biz görürük ki, bu məsələ 30 ilə yaxındır sülh yolu ilə həllini tapmır. Bu gün güclü Azərbaycan var, güclü ordumuz var və biz torpaqlarımızı işğaldan azad edəcəyik...”.

Əli

Bu xəbər oxundu
- - -