Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunmuş sərgi açılıb

17.01.19, 11:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 20 Yanvar faciəsinə həsr olunmuş “Unutsaq, unudularıq” adlı sərgi təşkil edilib. Sərgiyə baxışdan əvvəl birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu bildirib. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməyib, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdiriblər. Bildirilib ki, şəhidlərimizə ehtiram əlaməti olaraq muxtar respublikada fəaliyyət göstərən yaradıcı insanlar, o cümlədən rəssamlar da bu mövzuya tez-tez müraciət edirlər. Bu gün təşkil olunan sərgidə də 20 Yanvar faciəsi rəsm əsərlərinin dili ilə nümayiş olunur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Bəstəkarlar Birliyinin sədri Yaşar Xəlilov, Memarlar Birliyinin sədri Heydər Əhmədov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov 20 Yanvar faciəsinin Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü kimi tariximizə daxil olduğunu bildiriblər. Vurğulanıb ki, bu qəhrəmanlıq səhifəsi şair və yazıçılarımızın, bəstəkar və rəssamlarımızın daim müraciət etdiyi mövzu olub. “Unutsaq, unudularıq” adlı rəsm sərgisində də xalqımızın qəhrəmanlıq salnaməsi nümayiş etdirilən əsərlərin dili ilə tamaşaçılara bir daha çatdırılır. Sonra sərgiyə baxış olub. Muxtar respublikada fəaliyyət göstərən 21 rəssamın 31 rəsm əsərinin nümayiş olunduğu sərgi yanvarın 25-nə kimi davam edəcək.

Bu xəbər oxundu
- - -