Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Kölgə iqtisadiyyatı”nın həcmi kəskin aşağı düşəcək

17.01.19, 12:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Zahid Məmmədov: “2019-cu ildə iqtisadi sahədə daha böyük uğurlar gözlənilir”

Cari ildə Azərbaycanda iqtisadi sahədə daha böyük uğurlar gözlənilir. Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib. O bildirib ki, 2018-ci ildə ölkədə siyasi sabitlik və vətəndaş həmrəyliyinin vəhdəti, makroiqtisadi sabitliyin təminatı, manatın məzənnəsinin dayanıqlılığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması, xarici sektorda müsbət meyillər, əsasən də tədiyyə balansının profisiti kimi trendlər başlıca rol oynadı. Ölkənin strateji valyuta ehtiyatlarının artması və həyata keçirilən effektiv pul-məzənnə siyasəti bəzi qiymətlərin yüksəlməsinin təsirini neytrallaşdırdı. Biznes sektorunun və ev təsərrüfatlarının inflyasiya gözləntiləri minimum səviyyəyə düşdü.
“Ötən il Azərbaycanda iqtisadi artım 1,4 faiz təşkil edib. Ölkədə iqtisadi aktivlik davam edib və biznes inam indeksi pozitiv zonada olub. Əksər xidmət və ticarət sektorları üzrə də iqtisadi aktivlik göstəriciləri müsbət meyillidir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar milli iqtisadi inkişafımıza öz müsbət təsir göstərib. Əsasən də ixrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişləndirilməsi və idxalın əvəzlənməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər milli valyutanın sabitləşməsini təmin edib. Özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Belə ki, qeyri-neft istehsalının artması, ixracın genişləndirilməsi və “Made in Azerbaijan” brendinin dünyada tanıdılması Azərbaycanın xarici iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir”, - deyə o bildirib.
Z.Məmmədov deyib: “Bununla yanaşı, qlobal maliyyə bazarlarında risk səviyyəsinin və qlobal neft bazarında qeyri-müəyyənliklərin artmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub. 2018-ci ildə inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib. Fiskal və monetar siyasətlərin sıx əlaqəli şəkildə həyata keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub”.
“2019-cu ildə Azərbaycanda iqtisadi sahədə daha böyük uğurlar gözlənilir. Bu il, ilk növbədə, “kölgə iqtisadiyyatı”nın həcmi kəskin aşağı düşəcək, qeyri-rəsmi məşğulluğun səviyyəsi minimuma enəcək, iqtisadi fəallığın, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivlik canlanacaq, 100 minlərlə insan pensiya sistemindən yararlanacaq, bank sektorunda kredit aktivliyi dərinləşəcək, nağd dövriyyəsi minimuma enəcək və ən nəhayət milli iqtisadiyyat daha da şəffaflaşacaq. Cari ildə sahibkarlıq subyektlərində yüksək vergi mədəniyyəti sistemi formalaşacaq. Ümumilikdə vergi sistemində aparılan islahatların nəticəsini ölkəmizin maliyyə imkanlarının gücləndirilməsində görəcəyik”, - deyə o əlavə edib.

Bu xəbər oxundu
- - -