Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdi

18.01.19, 10:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yanvarın 17-də Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin iclasında Azərbaycanda insan hüquqlarının vəziyyəti, o cümlədən məhbus bloger Mehman Hüseynovun işi müzakirə olunub. Müzakirələrin yekununda Avropa Parlamenti “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qətnamənin qəbul edilməsinin məqsədyönlü xarakter daşıdığını düşünür: “Azərbaycanla Avropa Parlamenti, Milli Məclislə Avropa Parlamenti, ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv əlaqələr qurulur. Ona görə də hesab edirəm ki, son illər Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıqda əldə edilən uğurlar Avropa Parlamentində Azərbaycanı istəməyən qüvvələri ciddi şəkildə narahat edir”.
Səməd Seyidov qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətdə danışıqlar hazırda konstruktiv şəkildə davam edir: “Avropa Parlamentinin və Avropa İttifaqının qəbul etdiyi sənədlərdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunması birbaşa öz əksini tapıb. Yəqin ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan həm iqtisadi, həm siyasi konstruktiv əlaqələr, yəni, münasibətlərin yüksələn xətlə inkişafı Azərbaycanı istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər. Ancaq bu müzakirələrə baxarkən gördük ki, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələr bir istiqamətdə təşkil olunub. Azərbaycan-Avropa İttifaqı danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki, bu gün Avropa Parlamentinin özünün müzakirəsini gözləyən xeyli problemləri var. Misal üçün, Fransada gedən proseslər. Bu, kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir”.
Deputat qeyd edib ki, bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti antiAzərbaycan cəhdidir: “Ancaq əminəm ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən Milli Məclis ilə Avropa Parlamenti arasındakı konstruktiv əməkdaşlıq davam etdiriləcək. Bir neçə il bundan əvvəl də Azərbaycan ilə Avropa Parlamenti arasında gərgin bir dövr yaşanıb. Həmin dövrdə Avropa Parlamenti tərəfindən Azərbaycan ilə bağlı qərəzli qətnamə qəbul olundu. Azərbaycan da öz növbəsində, hətta Avronest Parlament Assambleyasından çıxdı. Bu proses 2017-ci ildə - Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanmasına və bu istiqamətdə danışıqların aparılmasına başlanıldığı dövrdə gedirdi. Avropa Parlamentindəki antiAzərbaycan qüvvələrin ölkəmizlə bağlı qəbul etdirdikləri qətnamələr real vəziyyəti əks etdirmədiyinə və ikili standartlara əsaslandığına görə onların heç bir nəticəsi olmadı. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında danışıqlar prosesinin yekunlaşma ərəfəsində bu cür qərəzli bir “qətnamə” qəbul olunur. Onlar Azərbaycanda hansısa aclıq aksiyasından danışırlar. Ancaq belə bir məsələ, ümumiyyətlə, yoxdur. Bu, onu göstərir ki, onlar hər hansısa bir məsələni öyrənməmiş, onun mahiyyətini dərk etməmiş bu cür qərəzli “qətnamələr” qəbul edirlər. Prezident İlham Əliyevin də öz çıxışlarında qeyd etdiyi kimi, son illərdə Ermənistanda ciddi saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə müsbət rəy veriblər. Lakin sonradan erməni xalqı həmin rejimi tarixin zibilliyinə atdı. Bütün bunlar göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə konstruktiv danışıqlar aparmaq cəhdini ortaya qoyan kimi, ölkəmizi istəməyən qüvvələr bu cür ikili standartlara əsaslanan, qərəzli “qətnamələr” qəbul edirlər”.

Milli Məclisin deputatı, Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndə heyətinin sədrinin müavini Tahir Mirkişili bildirib ki, Avropa Parlamenti Avropa Birliyinin bir institutudur və bu qurum birliyin üzv dövlətlərinin vergi ödəyicilərinin hesabına Avropa Birliyinin üzv və tərəfdaş ölkələri ilə birliyin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərir:
“Bu halda Avropa Parlamenti, Avropa Birliyi birliyin strateji tərəfdaşı Azərbaycanla münasibətlərin prioritetlərində razılaşdırılmamış bir mövzu ətrafında dinləmə təşkil etməklə, qətnamə qəbul etməklə qurumun gündəliyindən kənara çıxıb və müəyyən mənada onun mandatına aid olmayan müzakirə açıb və sənəd qəbul edib.Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış tərəfdaşlıq prioritetləri dair baza sənədi məhz imzalanması nəzərdə tutulan sazişə siyasiləşmiş Avropa qurumları tərəfindən mane olmaq istiqamətində qabaqlayıcı siyasətidir. Çünki belə bir təzyiqin və təhrikedici addımların ola biləcəyi ehtimalı hər zaman olub”.
Deputat qeyd edib ki, Avropa Birliyi və Azərbaycan arasında 21 istiqamətdə 8 bənddən ibarət prioritetlər müəyyənləşdirilmiş və prioritetlərdən kənarlaşan istənilən məqam təzyiq və təsir cəhdi olaraq qəbul ediləcək: “Avropa Parlamentinin qəbul etdiyi bu sənəd məhz bu cür də qəbul ediləcək”.
"Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev hesab edir ki, Avropa Parlamentinin "Mehman Hüseynovla bağlı təcili qətnaməsi" Azərbaycan dövlətinə qarşı növbəti təzyiq və qərəz kampaniyasının tərkib hissəsidir. Onun sözlərinə görə, bu məsələdə də Sorosun adının çəkilməsi əslində, kimsədə təəccüb yaratmır: "Məlum olub ki, bədnam qətnamənin həmmüəlliflərindən biri Cors Sorosun yandaşı hesab edilən Rebekka Harmsdır və maraqlısı da budur ki, o Sorosla əlaqələrini inkar eləmir. Nəzərə alarsaq ki, Soros daim Azərbaycan dövlətinin əleyhinə davamlı fəaliyyət aparıb, bu zaman belə qənaətə gəlmək olar ki, qətnamənin ilk cızma-qarasını da o sifariş verib".
"Aşkar yalan və böhtanlarla dolu olan qətnamə həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində qurulub", deyə vurğulayan Bəhruz Quliyev əlavə edib ki, buna misal kimi, Rebekka Harmsın guya Azərbaycan dövlətinin müvafiq qurumlarına müraciət etməsi yalanını göstərmək olar. Halbuki, ölkəmizin dövlət və qanunvericilik qurumlarına ümumiyyətlə heç bir müraciət, sorğu və s. xarakterli məsələlər daxil olunmayıb.
"Səs" qəzetinin baş redaktoru bənzər qətnamə, hesabat və bəyanatların Azərbaycan dövlətinə qarşı ilk dəfədir tətbiq edilmədiyini qeyd edib və bildirib ki, heç vaxt bu cür qərəzlər qarşı tərəflərin istədikləri nəticələrə doğru inkişaf etməyib: "Yalan ayaq tutar, yeriməz" deyilən bir el misalımız var. Onların da həmin cəhdləri bu el misalında olduğu kimi, ağ yalandır ki, ictimai rəy belə yalanlara uymur. Əksinə, Avropa Parlamenti kimi ikiüzlü, riyakar qurumun aşkar simasızlığı növbəti dəfə və daha geniş müstəvidə öz təsdiqini tapır. Bu gün Azərbaycanda heç kimin siyasi təqiblərə məruz qalmaması ilə yanaşı, ölkəmizdə demokratiya və prüalizm faktoru daim öncüllük təşkil edir. Söz və ifadə azadlığından tutmuş, digər bütün azadlıqlar qorunur. Belə olan halda, AP-nin anti-Azərbaycan xarakterli mövqeyi deyərdim ki, uğursuzluq dalanına söykənir".
Bəhruz Quliyev bütün bunlara rəğmən, Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etdiyini də xatırladıb və bildirib ki, ölkəmiz milli maraqlarına uyğun, qarşılıqlı maraqlara cavab verən məsələlərin gündəmə çıxarılaraq müzakirə olunmasında, müəyyən qərarların qəbulunda dəstəkçi rolunda çıxış edir: "Bu gün ölkəmiz istər BMT-nin bir çox komissiyalarında, istər İƏT-də, istər Qoşulmama hərəkatında, istərsə də digər beynəlxalq təşkilatlarda fəaliyyət göstərir, hətta qlobal məsələlərdə təşəbbüskar, ideyaverici olaraq öz uğurlu sözünü deyir. Belə olan vəziyyətdə Sorosun əlaltıları vasitəsilə Avropa Şurasında, yaxud, Avropa Parlamentində səslənən qərəz xarakterli fikirlər, Azərbaycanın əleyhinə qəbul edilən əsassız qətnamələr heç bir halda həqiqət kimi dəyərləndirilə bilməz. Deyərdim ki, bu cür riyakarlıqların baş verməsi həm də Azərbaycan xalqının iradəsinə qarşı yönəldilmiş bir təzyiq vasitəsidir. Ancaq belə vasitələr və onların icraçıları heç vaxt öz məqsədinə çata bilməyəcək".

Bu xəbər oxundu
- - -