Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiya ilə Ermənistan münasibətlərində kəskin soyuqlaşma müşahidə olunur”

18.01.19, 11:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elşad Mirbəşiroğlu: “Bundan sonra da bu proses davam edəcək”

“Azərbaycan Respublikasının xarici siyasəti unikal prinsiplərə söykənir. İstər regionda, istərsə də regiondan kənarda bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulması və inkişaf etdirilməsində maraqlı olan rəsmi Bakı başqa dövlətlərin daxili işlərinə qarışmamaq və eyni zamanda öz daxili işlərinə kənar dövlətlərin qarışmasına yol verməmək kimi prinsiplərə üstünlük verir. Uğurlu xarici siyasət həyata keçirən Azərbaycan günü-gündən dostlarının dairəsini genişləndirməkdədir". Bunu politoloq Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, bunu şərtləndirən bir sıra məqamlar vardır: “Hər şeydən öncə birinci məqam ondan ibarətdir ki, Azərbaycan dövləti öz xarici siyasətini kifayət qədər məntiqli, düşünülmüş, Azərbaycanın milli maraqları çərçivəsində qurmaqla yanaşı, eyni zamanda tərəfdaşlıq etiyi dövlətlərin maraqlarını da nəzərə alır, onlara hörmətlə yanaşır. Bu baxımdan dünya ölkələri Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olurlar. Digər məqam, təbii ki, Azərbaycanın potensialı ilə bağlıdır. Azərbaycan böyük karbohidrogen ehtiyatlarına malikdir. Azərbaycanda kifayət qədər yüksək təhlükəsizlik mühiti mövcuddur. Bütün bunlar Azərbaycana olan marağı davamlı olaraq artırır. Azərbaycanla enerji sahəsində əməkdaşlıq edən dövlətlər var. Bundan başqa Azərbaycanın kifayət qədər böyük nəqliyyat logistika imkanları mövcuddur və Azərbaycan bu imkanlarından maksimum istifadə etməyi bacarır. Azərbaycanın birbaşa iştirakı və təşəbbüsü ilə regional səviyyədə nəqliyyat infrastrukturu formalaşdırılmışdır. Azərbaycan şərq-qərb, şimal-cənub dəhlizinin yaradılmasının təşəbbüskarı və birbaşa iştirakçısıdır. Bu istiqamətdə demək olar ki, işlək infrastruktur mövcuddur. Göründüyü kimi, Azərbaycan özünün hərtərəfli potensiala malik olduğunu ortaya qoya bilir və təbii ki, bu istiqamətdə səmərəli əməkdaşlıq həyata keçirə bilir.
Bütün bunlar Azərbaycanı regionun liderinə çevirməklə yanaşı, beynəlxalq müstəvidə də onun rolunu əhəmiyyətli dərəcədə artırıb. Qeyd etmək lazımdır ki, Azərbaycan region dövlətləri ilə əməkdaşlıq münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıra bilmişdir. Ayrı-ayrı götürdükdə bu gün Azərbaycan-Rusiya münasibətləri, Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycan-Gürcüstan münasibətləri, Azərbaycan-İran münasibətləri sürətlə inkişaf edir və bu münasibətlər həm iqtisadi, həm siyasi, həm də humanitar müstəvidə inkişafa meyillidi. Xüsusi qeyd olunası məqam ondan ibarətdir ki, Azərbaycan region ölkələri ilə münasibətləri inkişaf etdirən zaman etimad məsələsinə kifayət qədər həssas yanaşır. Yəni Azərbaycan region və dünya dövlətləri ilə münasibətlərini quran zaman səmimiyyətə və etimadın doğruldulmasına xüsusi diqqət yetirir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan əməli ilə sözü düz gələn bir dövlətdir. Azərbaycan beynəlxalq razılaşmalara da xüsusi əməl edən bir ölkədir. Bu baxımdan, Azərbaycanın dostlarının sırası genişdir, ona qarşı böyük bir etimad vardır". Politoloq deyib ki, eləcə də region ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın günü-gündən inkişaf etdirilməsini şərtləndirən əsas məqamlardan biri də ondan ibarətdir ki, region ölkələri Azərbaycana çox böyük etimad göstərir, Azərbaycana inanır, Azərbaycandakı təhlükəsizlik mühitini yüksək qiymərləndirirlər: "Nəzərə almaq lazımdır ki, Azərbaycan region dövlətləri ilə münasibətlərini quran zaman həmçinin özünün ərazi bütövlüyünün təmin olunması istiqamətində də müəyyən fəallıq nümayiş etdir. Yəni ki bu münasibətlər konteksində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq prinsiplərinə uyğun tənzimlənməsi istiqamətində bu ölkələrin də mövqelərinin formalaşmasına çalışır. Hesab edirəm ki, bu istiqamətdə artıq kifayət qədər ciddi işlər görülmüşdür. Ermənistan bu gün təcrid vəiyyətindədir və Ermənistanın istər əvvəlki hakimiyyəti, istərsə də çevriliş nəticəsində formalaşmış yeni rejim özünütəcrid siyasətini davam etdirməkdədir. Bu gün Ermənistanın yanlış siyasəti onun çox yaxın müttəfiqi olan Rusiya ilə münasibətlərinə ciddi xələl gətirməkdədir. Hesab edirəm ki, Rusiya ilə Ermənistan münasibətlərində kəskin soyuqlaşma müşahidə olunur və bundan sonra da bu proses davam edəcək. Onsuzda ağır sosial-iqtisadi vəziyyətdə olan Ermənistan beləliklə öz vəziyyətini daha da ağırlaşdırır. İşğalçılıq siyasətini davam etdirməsi məsələnin bir tərəfi, digər tərəfi isə özünün vahid siyasi xətti olmayan, özünün maraqlarını tam dərk edə bilməyən Ermənistan xarici təsirlər altında davranmaqdadır. Bu baxımdan da region ölkələri ilə də normal münasibətlər formalaşdıra bilmir. Bildiyimiz kimi Ermənistanın işğalçılıq siyasəti onun təkcə Azərbaycanla münasibətlərinin kəsilməsinə deyil, eyni zamanda Türkiyə ilə münasibətlərinin tam kəsilməsinə gətirib çıxarmışdır. Regionun ən potensiallı ölkələri ilə münasibətlərə malik olmayan Ermənistan eyni zamanda bu günə kimi sayəsində ayaqda durmağı bacardığı Rusiya ilə münasibətlərini də korlayır. Bu da yaxın perspektivdə Ermənistanın vəziyyətinin olduqca acınacaqlı şəkil alacağı barədə fikir söyləməyə əsas verir". Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistanın xarici siyasətləri ümumiyyətlə müqayisə olunmazdır. Azərbaycanın xarici siyasəti ölkənin bütün istiqamətlərdə rifahını təmin etdiyi halda, Ermənistanın xarici siyasəti Ermənistanın təcrid vəziyyətini daha da ağırlaşdırır və dünya dövlətlərinin Ermənistana olan etimadının sürətlə azalmasını şərtləndirir.

Bu xəbər oxundu
- - -