Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Nəsimi ili”ndə şairin zəngin dili yeni tədqiqatların obyekti olacaq

21.01.19, 12:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi əlamətdar hadisələrdən biridir. Bu Sərəncam dövlətimizin başçısının Azərbaycan dilinin və ədəbiyyatının inkişafına, klassik şairlərin yaradıcılığına verdiyi yüksək dəyərin göstəricisidir. Nəsimi yaradıcılığının gündəmdə saxlanmasını özündə ehtiva edən bu sənəd XIV əsr Azərbaycan ədəbi dilinin inkişaf yollarını öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bundan sonra Nəsiminin bir çox cəhətdən zəngin dili yeni-yeni tədqiqatların obyekti olacaq.
Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib. O bildirib ki, Azərbaycan mədəniyyəti tarixində ana dilinin fədaisi kimi xarakterizə olunan Nəsimi öz yaradıcılığı ilə Azərbaycan klassik şeirinin inkişaf tarixinə yeni istiqamət verib. Şair əsərlərində milli dil vahidlərindən yüksək səviyyədə istifadə edərək Azərbaycan dilini təzyiqlərdən qoruyub, özündən sonra gələn xələflərinin söz meydanında parlamasına zəmin olub. O, Azərbaycan dilindən sistemli şəkildə, ardıcıllıqla, məhəbbətlə istifadə edib. Qəzəllərinə insanı tədqiqat obyekti olaraq seçən Nəsimi onu bütün gözəlliklərdən üstün tutaraq ilk dəfə ana dilində bədii nümunələr yaradıb. Şairin əsərlərində poetik fikirlə fəlsəfi fikir birləşir. Nəsiminin dili onun özü haqqında güclü və aydın informasiya verir. Nəsimi şeirində daima düşünən, kainatın sirlərinə cavab axtaran bir şəxsiyyətin obrazı var.
T.Şükürlü qeyd edib ki, Nəsimi dilinin şəkilçi sistemi inkişaf səviyyəsinə görə müasir dövrümüzə uyğundur. Nəsiminin dilində şəkilçilər həm söz yaradıcılığı prosesində, həm də qrammatik sistemin formalaşmasında aktiv şəkildə iştirak edir. Dilçi alim Samət Əlizadə 1964-cü ildə şairin yaradıcılığını təhlil edərək yazırdı: “Nəsimi yaradıcılığının dar keçidləri, dolanbac yolları vardır. Nəsimi anlayışı şüurumuzda hələ bundan sonra durulacaq, dəqiqləşəcəkdir”.
“Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli tədqiqat işləri aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb”, - deyə T.Şükürlü əlavə edib.

Bu xəbər oxundu
- - -