Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan hər zaman danışıqların aparılmasına hazırlığını ifadə edib”

22.01.19, 10:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sevinc Fətəliyeva: “Ermənistan xalqının gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır”

“2019-cu ildə Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması riski yüksəkdir. İstənilən qığılcım açıq silahlı qarşıdurmaya gətirib çıxara bilər”. Bu sözləri rusiyalı politoloq, Yaxın Şərq və Cənubi Qafqazda siyasi PR və kütləvi kommunikasiyalar sahəsində mütəxəssis Denis Korkodinov deyib.
Təbii ki, müharibə baş verəcksə hərbi güclə yanaşı iqtisadi gücü daha möhkəm olan dövlətin qalib gələcəyi şübhəsizdir. Ermənistan hərbi baxımdan Azərbaycanla müqayisəyə gəlməz. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsi qədərdir. Azərbaycan ordusu modern silahlara malikdir ki, bu özünü aprel döyüşlərində göstərib.
Bundan başqa Ermənistan iqtisadi cəhətdən də Azərbaycanla müqayisəolunmaz səviyyədədir. Ermənistan itqtisadiyyatı çökmüş durumdadır. Bunun da əsas səbəbi Azərbaycanın blokada siyasətidir. Ermənistan işğal etdiyi torpaqları boşaltmayana qədər blokadada qalacaq ki, bu da İrəvan üçün fəlakətli sonluq deməkdir.
Buna görə də, Paşinyanı qarşıda çox çətin günlər gözləyir. Yeganə çıxış yolu işğal olunmuş Azərbaycan ərazilərinin boşaldlmasıdır. Bundan başqa Ermənistanda ictimai siyasi durum da stabil deyil, hər an qarşıdurmalara rəvac verilə bilər. Qeyd edək ki, qruplaşmalar biri-birinə qarşı Qarabağ faktorundan da istifadə edirlər.
Politoloq Fikrət Sadıqov deyib ki, Nikol Paşinyanın vəziyyəti bundan sonra mürəkkəb və acınacaqlı olacaq: “Paşinyan hakimiyyətə gələndə bir çox vədlər verdi və çalışdı Ermənistan cəmiyyətini inandırsın ki, bir sıra məsələlər yaxın gələcəkdə öz həllini tapacaq. Sosial-iqtisadi problemlər, qonşularla bütün problemlərin həlli, Dağlıq Qarabağla bağlı bir sıra yeni ideyalar, təşəbbüslər və s. Lakin cəmiyyət görür ki, heç bir irəliləyiş, dəyişiklik yoxdur. Təbii ki, Qarabağ klanı da bundan istifadə edir. Doğrudur, Qarabağ klanı hazırda o qədər də gücdə sahib bir tərəf deyil. Nəzərə alsaq ki, onlar növbədənkənar parlament seçkiləri zamanı heç 5 faiz də səs toplaya bilməmişdilər. Bu, o demək deyil ki, Qarabağ klanı yaxın gələcəkdə Paşinyanı devirəcək. Amma hər halda, Paşinyanın nüfuzuna zərbə dəyir. Paşinyan və onun ətrafını gözdən salır. Çünki Qarabağ klanı Paşinyanı tənqid hədəfinə qoyublar. Paşinyandan tələb edirlər ki, vədlərinə əməl etsin. Ondan özünü qəhrəman kimi aparmamasını istəyirlər.
Paşinyan hələ ki, heç hökumətin siyasi prioritetlərini belə cızmayıb. Yeni hökumətinin hələ proqramı yoxdur. Hökumət nədən başlayacaq, nə il məşğul olacaq. Hansı yollarla gedəcək, xarici siyasətdə hansı addımlar atılacaq? Bunların heç biri yoxdur. Əgər Paşinyan konkret istiqamət götürməsə, bəzi problemlərin həllini tapmasa, onun vəziyyəti mürəkkəb və acınacaqlı olacaq”.
Politoloq Məhərrəm Zülfüqarlı deyib ki, ümumiyyətlə köklü islahatlar, dəyişiklik etmək üçün tamamilə mühit, siyasət, eləcə də ölkənin imkanları da dəyişməlidir: “Bir məsəl var ki, “quyuya su tökməklə, quyuda su olmaz”. Politoloqun sözlərinə görə, bu gün Ermənistan iqtisadiyyatı müflis vəziyyətdədir: “İşğalçı ölkənin ərazisi elə bir yerdədir ki, o hər tərəfdən - bir tərəfdən İrandır və həmin ölkə hazırda embarqoya məruz qalıb. Digəri Gürcüstandır və həmin ölkə də Rusiya ilə problem yaşayır. Bizlə və qardaş Türkiyə ilə də düşməndir. Ümumiyyətlə belə bir ölkəni dirçəltmək mümkün deyil. İşğalçı ölkədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq islahatlar aparması da mümkün deyil. Bunların çıxış yolu odur ki, qonşularına qarşı ərazi iddialarından əl çəksin, Azərbaycanın işğal etdiyi əraziləri boşaltsın. Beləcə Ermənistan qonşularla bu cür münasibətlə çalışsın ki, dünya proseslərində qoşulsun. Yoxsa forpost bir ölkə olan Ermənistan Rusiyadan asılı vəziyyətdədir. Bu gün Rusiyanın özü təzyiqlərə, embarqoya məruz qalan ölkədir. Ermənistan isə ac-yalavac bir ölkədir. İndi bura Paşinyan gəlmir kim gəlsin yenə də xeyri yoxdur. Gələn isə 3-4 aydan sonra yenə nüfuzdan düşəcək və digərləri kimi iflasa uğrayacaq”.
Deputat Sevinc Fətəliyeva isə “Azərbaycan ümid edir ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ayıq yanaşacaq”, - deyə vurğulayıb. S.Fətəliyeva bildirib ki, Azərbaycan hər zaman danışıqların aparılmasına hazırlığını ifadə edib: "Biz ümid edirik ki, xalq tərəfindən seçilmiş yeni hakimiyyət bu məsələyə ayıq yanaşacaq və əvvəlki rejimin siyasətindən nəticə çıxaracaq. Sarkisyan Ermənistanı siyasi və iqtisadi böhrana gətirib çıxarıb. Biz ümid edirik ki, yeni liderlər və onların siyasəti Ermənistan xalqının mənafeyi naminə fəaliyyət göstərəcək. Çünki Ermənistan xalqının gələcəyi Azərbaycanla münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır”.
Onu da əlavə edək ki, Ermənistanı çətin duruma salan əsas faktorlardan biri də xarici siyasətin fiaskoya uğramasıdır. Xüsusilə Rusiya ilə münasibətləri soyuq olan İrəvanınişöaldan əl çəkməkdən başqa yolu yoxdur.
Politoloq Elşən Manafov diqqətə çatdırıb ki, keçmiş prezident Robert Köçəryan Rusiya üçün işlənmiş “kartdır”. Onun fikrincə, digər yandan da Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Köçəryanın yenidən iqtidara gələ biləcəyi ehtimalı inandırıcı görünmür. Ekspert qeyd edib ki, son parlament seçkilərində “Köçəryan-Sərkisyan bloku”nun iflasa uğradığının şahidi olduq: “Bu blok seçkilərdə parlamentə düşmək üçün lazım olan səsi toplaya bilmədi və parlamentin divarlarından kənarda qaldı. Bu, Ermənistanın keçmiş hakimiyyətinə olan bütün ümidləri puç etdi. İndi əsas ümid Paşinyan və onun formalaşdırdığı komandayadır. Hər halda Paşinyan Sərkisyan və Köçəryandan fərqli olaraq, rusyönümlü siyasətçi kimi qəbul olunmur. Paşinyan hesab edir ki, Ermənistanın iqtisadi inkişafı və bir dövlət kimi öz varlığını qoruması, Qərbə inteqrasiyadan asılıdır. Paşinyan Sərkisyan və Köçəryandan fərqli olaraq, onu da başa düşür ki, Ermənistanın Azərbaycanın bölgədə həyata keçirdiyi layihələrdən kənarda qalması onun ölkəsi üçün yaxşı heç nə vəd etmir. Düşünürəm ki, ABŞ prezidentinin müşaviri Con Boltonun məlum səfərində İrəvanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə Paşinyan səssiz qala bilməz”.
Elşən Manafovun sözlərinə görə, Nikol Paşinyan anlayır ki, Qərbdən lazım olan maddi dəstəyi almaq və ölkədə iqtisadi inkişafa nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsində qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir: “Boltonun Qarabağla bağlı İrəvandan tələbi göstərdi ki, ABŞ və Qərb Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir. Amma hələ də Rusiyanın Ermənistana təzyiq rıçarqları güclüdür. Buna görə də düşünürəm ki, yaxın gələcək üçün Ermənistan-Qərb münasibətləri Rusiyanı qıcıqlandıracaq həddə inkişaf etməyəcək. Bu zaman siyasi fiqur kimi Köçəryana ehtiyac qalmayacaq. Putin başa düşür ki, Ermənistan cəmiyyətinin dəstəkləmədiyi Sərkisyan və Köçəryana dəstək vermək mənasızdır. O, artıq Köçəryanı müxalifət lideri kimi qəbul etmir. Bu baxımdan da düşünürəm ki, Sərkisyan və Köçəryanın yenidən siyasi meydana qayıtmaq gücləri yoxdur”.
Onu da qeyd edək ki, sülh danışıqları davam edir. 2019-cu ildə hələ ki XİN rəhbərləri səviyyəsində görüş baş tutub.
Millət vəkili Elman Məmmədov bildirib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov məlumat verdi ki, Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında Parisdə keçirilən görüş uğurlu oldu: “Beləcə, gələcək görüşlər üçün bir ümid yarandı”. Millət vəkilinin sözlərinə görə, Azərbaycan XİN rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların bir nəticə verməsi üzrə də bir neçə nikbin sözlər söyləyib: “Ümumiyyətlə, biz Ermənistan mətbuatını da izləyirik. Erməni politoloqlar isə bildiriblər ki, dörd saatlıq görüşdə nazirlər nədən danışıblar. Düşünürəm ki, nazirlərin görüşündə hansısa müsbət məqamlar olub. Fevral ayında isə növbəti görüşün keçirilməsinə razılıq əldə olunması isə o deməkdir ki, Paris görüşündə hansısa irəliləyiş olub. Ümid edək ki, keçirilən görüşlər əvvəlkilərinə oxşamayacaq və nəticə verəcək”. E.Məmmədov bildirib ki, danışıqların intensivləşməsi özlüyündə müsbət haldır: Əsas məsələ bu prosesin konkret nəticələr verməsidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh prosesini irəli aparmaq təşəbbüsləri müsbət qiymətləndirilə bilər. Azərbaycan tərəfi danışıqlar naminə bu prosesdə iştirak etmək niyyətində deyil və bu mövqe həmsədrlərə də məlumdur. Ona görə də, dövlətimizin həmsədrlərdən nəticəyə hesablanan fəaliyyət tələb etməsi tamamilə düzgün mövqedir”.

Əli

Bu xəbər oxundu
- - -