Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Davos Forumundan gözləntilər...

22.01.19, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vüqar Bayramov: “Qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir”

İsveçrənin Davos şəhərində növbəti Ümumdünya İqtisadi Forumu öz işinə başlayıb.Yanvarın 25-dək davam edəcək forumun əsas mövzusu “Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal memarlığın formalaşması”dır. Bu ilki Davos forumuna 110 ölkədən 3000-dən çox iştirakçı qatılıb. Forumda 350-dən artıq paneldə müxtəlif məsələlər müzakirə olunacaq.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev artıq forumda iştirak üçün Davosa səfər edib.
Qeyd edək ki, Azərbaycan prezidenti ilə yanaşı foruma 60-dan çox ölkənin rəhbəri, o cümlədən, Yaponiyanın Baş naziri Sindzo Abe, Almaniya kansleri Angela Merkel, Çin rəhbərinin müavini Van Tsişan, Braziliyanın yeni prezidenti Jair Bolsonaru, İtaliyanın baş naziri Cuzeppe Konte, İspaniyanın baş naziri Pedro Sançes, Əfqanıstanın prezidenti Əşrəf Qani, İraq prezidenti Barxam Saleh və digərləri qatılacaq. Həmçinin BMT və onun təşkilatlarının, Beynəlxalq Valyuta Fondu, NATO, Ümumdünya Bankı, Ümumdünya Ticarət Təşkilatı kimi iri beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Davos İqtisadi Forumu əhəmiyyətinə görə, dünyanın ən əhəmiyyətli forumlarından hesab olunur: “Onun dünyada aparıcı dövlətlərin hökumət başçılarını, biznes, beyin mərkəzlərinin, media rəhbərlərinin bir araya toplayan yeganə forum olduğunu nəzərə alsaq, budəfəki forumda da fərqli auditoriyanı təmsil edən liderlərin bir araya gələcəyi istisna edilmir”. O bildirib ki, 2019-cu ilin Davos İqtisadi Forumuna 3 mindən artıq şəxsin qatılması nəzərdə tutulub ki, onlardan mindən çoxu biznes liderləridir: “Bu baxımdan forum qlobal iqtisadiyyat üçün vacib tədbirlərdən biri hesab olunur. Bu il əsas mövzu qloballaşma və sənaye inqilabıdır. Forumun hər il özü üçün mövzu müəyyənləşdirdiyini nəzərə alsaq, builki mövzunun birmənalı şəkildə son dövrdə böyük əhəmiyyət kəsb etməsi və qloballaşmanın mənəvi tərəflərinin arxa planda qalması ilə bağlıdır”.
Ekspert söyləyib ki, Davos İqtisadi Forumunun açıqlamasına görə, forum qloballaşma və qlobalizmi bir-birindən ayırır: “ Foruma görə qloballaşma texniki, qlobalizm isə milli maraqlar üzərində formalaşan bir sistemdir. Nəticə etibarı ilə qloballaşma texnologiya və işçi qüvvəsinin azad hərəkətinə imkan yaratmalı olduğu halda, qlobalizm milli maraqların qurulmasına imkan vermir. Bu baxımdan qloballaşmanın mənəvi tərəflərinin də araşdırılması forumun əsas hədəflərindən biridir”.
V. Bayramov qeyd edib ki, eyni zamanda forumda super güclər arasında olan ticarət müharibələri, beynəlxalq qurumların, o cümlədən Ümumdünya Ticarət Təşkilatı qarşısında öhdəliklərini yerinə yetirməyən güclü dövlətlərlə bağlı məsələlər aktualdır: “ Bu baxımdan Davos Forumu qlobal iqtisadiyyatda istiqamətləri müəyyənləşdirəcək”.
Forumun Azərbaycan üçün əhəmiyyətinə gəldikdə, ekspert vurğulayıb ki, Azərbaycan üçün forumun əhəmiyyətini göstərən faktorlardan biri burada ölkəmizin nümayəndə heyətinə Dövlət başçısının rəhbərlik etməsidir: “Bu da əlbəttə ki, ölkəmizin foruma verdiyi önəminin göstəricisidir. Forum Azərbaycan üçün öz potensialını nümayiş etdirməsi, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev Forum çərçivəsində təkcə rəsmilərlə deyil, eyni zamanda aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirir ki, bu da ölkəmizin potensialının nümayişi baxımından çox vacibdir”.
V. Bayramov deyib ki, eyni zamanda Azərbaycan da Forum üçün vacib tərəfdaşlardan biridir: “Bu gün Avropa Birliyinin Cənubi Qafqaz üzrə illik ticarət dövriyyəsi cəmi 15 milyard dollardır ki, bunun 11.2 milyard dolları ölkəmizin payına düşür. Gürcüstanın Avropa Birliyi ilə ticarət dövriyyəsi 2.6, Ermənistanın 1.1 milyard dollardır. Avropa Birliyinin regionla ümumi sərhəd dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür. Bu isə ölkəmizin investorlar, eyni zamanda aparıcı ölkələr üçün cəlbedici tərəfdaş olduğunu göstərir. Cənubi Qaz Dəhlizinin istifadəyə verilməsi və daha da genişlənməsi də Azərbaycanın inkişaf etmiş ölkələr və eləcə də Avropa Birliyi ilə iqtisadi əlaqələrinin möhkəmlənməsinə imkan yaradacaq. Bu kontekstdən Azərbaycan da Davos İqtisadi Forumu üçün vacib tərəfdaşdır və nəticə etibarı ilə tərəflər faydalı şəkildə bu əməkdaşlığın inkişafında maraqlı görsənir. Ölkəmizlə Davos İqtisadi Forum arasında yeni anlaşmanın imzalanması da növbəti illərdə tərəflər arasında münasibətlərin daha da sıx və intensiv olduğunu müşahidə edə biləcəyik”.
Millət vəkili Azər Badamov deyib ki, Davos İqtisadi Forumu iqtisadi məsələlərin müzakirəsi platforması olsa da, burada həm də siyasi məsələlər barədə fikir mübadiləsi aparılır: “Çünki dünyanın bir çox ölkələrindən siyasətçilər gəlir. Bu il keçirilən Foruma da üç minə yaxın siyasətçi, iqtisadiyyatçı, dövlət adamları toplaşıb. Təbii ki, belə bir Forumda ölkəmizin iştirakı ilk növbədə Azərbaycanın bugünkü iqtisadi inkişafı ilə bağlıdır. Yəni Azərbaycan öz inkişaf dövrünü yaşayan bir ölkədir”.
Millət vəkilinin sözlərinə görə, Davos İqtisadi Forumunun rəqabət qabiliyyətli hesabatlarında da Azərbaycan həmişə öncül yerlərdə göstərilir və bu göstəricilər ilbəil artır: “Bu da Azərbaycanın nüfuzuna müsbət mənada təsir edir. İlk növbədə bu Forumun iqtisadi cəhətdən, yəni Azərbaycanın iqtisadi potensialını təbliğ etmək və göstərmək baxımından əvəzolunmaz bir tədbirdir. Burada Azərbaycan yeni investisiyaları cəlb etmək istiqamətində müəyyən qədər işlər aparır. Həm də bu siyasi platformadır. Əgər hər bir ölkənin apardığı siyasəti aşağıdırsa, o ölkənin iqtisadiyyatı da heç vaxt inkişaf etməz. Ona görə də biz bu fürsətdən istifadə edərək orada öz problemlərimizi qlobal formada təqdim edə bilirik. Yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycana qarşı ədalətsiz yanaşmalarla bağlı öz fikirlərimizi bildirə bilirik. Təbii ki, bu da dünyanı bir daha bu münaqişə ilə bağlı məlumatlandırmaq və Azərbaycanın haqq səsini ucaltmaq üçün bir platforma kimi qeyd etmək olar. Təbii ki, həm siyasi baxımdan, həm də iqtisadi baxımdan Davos İqtisadi Forumu Azərbaycan üçün çox əhəmiyyətlidir”.
Millət vəkili Elşən Musayev hesab edir ki, Davosda düzənlənən Dünya İqtisadi Forumu hər zaman öz əhatə dairəsi və qloballığı ilə diqqət cəlb edib”. Deputatın sözlərinə görə, bu illik toplantını ən çox iqtisadi spektrda səciyyələndirsələr də Forumun ciddi siyasi əhəmiyyəti də vardır: “Bu səbəbdəndir ki, ölkə Prezidenti, cənab İlham Əliyev uzun illərdir məlum forumun tədbirlərində iştirak edir, orada öz dəyərli fikirlərini söyləyir, dünya liderlərinə, toplantı iştirakçılarına Azərbaycan həqiqətləri barədə səhih, təfsilatlı məlumatlar verir.
Bilirsiniz, bu qurum həm də ədalətli hesabatları ilə məşhurdur. Ötən il - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan makroiqtisadi mühitə görə dünya miqyasında 39-cu, MDB məkanında isə 1-ci yeri tutub. Bu il isə güman ki, miqyas, göstərici daha da üst pillədə olacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, həm də dünyanın biznes hegemonlarının toplandığı məclisdə Azərbaycanla əməkdaşlığa maraq artacaq, ölkəyə kapital axını güclənəcək. Sabit siyasi durumu olan ölkələrdə iqtisadiyyat hər zaman güclü olur və hamının dostluq eləmək istədiyi, sərmayə qoymaq istədiyi ölkələr də məhz sabit siyasi durumu olan ölkələrdir. Üstəlik, bildiyiniz kimi cənab Prezidentin hər forum çərçivəsində fərdi görüşləri də olur və bu görüşlərdə təbii ki, ölkəmiz üçün faydalı müzakrələr aparılır.
Davos Forumu Dağlıq Qarabağ həqiqətlərinin də dolayı və birbaşa yolla dünya ictimaiyətinə çatdırılması üçün yaxşı fürsətdir və bu fürsət də hər zaman gərəkli, lazımlı formada dəyərləndirilir. Ümid edirəm ki, 2019-cu il forumu öz səmərəliliyi və aktuallığı ilə yaddaşlarda qalacaq”.

Bu xəbər oxundu
- - -