Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ümumxalq hüzn günlərində siyasi iddiaları qabartmaq qeyri-etikdir”

22.01.19, 11:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Ümumxalq hüzn günlərində siyasi iddiaları qabartmaq, qarışıqlıq salmaq, mənfəət güdmək doğru deyil və qeyri-etikdir. Söhbət Şəhidlər xiyabanı kimi artıq millətin nəzərində müqəddəsləşmiş məkanlardan gedəndə vəziyyət daha həssas və prinsipial xarakter alır". Bunu "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev "Milli Şura"nın Şəhidlər Xiyabanında qarşıdurma yaratmaq cəhdlərinə münasibətini bildirərkən deyib. O bildirib ki, Şəhidlər xiyabanı bütün xalqın nəzər yetirdiyi və ürək çırpıntıları ilə ziyarət etdiyi məkandır: "Xiyabanda olarkən hər bir insanın yaddaşında azadlıq və müstəqillik uğrunda mübarizə tariximizin hansısa səhifələri canlanır. Bu məkan elə məhz bu hiss və duyğuların təsiri altında yaşamaq, düşünmək və nəticə çıxarmaq üçündür. Xalq da bu cür təsəvvür edir və belə qiymətləndirir. Odur ki, Xiyabanda başqa məqsəd və fikirləri qabardıb önə çıxaranlar ilk növbədə xalqın hissiyyatlarına hörmətsizlik edirlər".
Ekspert söyləyib ki, bu sayaq əməllərin davamlı təkrar edilməsi sonda xalqın həmin dairələr haqda daha ciddi ölçülər götürülməsi tələbləri ilə çıxış etməsinə səbəb ola bilər: "20 yanvarda Şəhidlər Xiyabanını gərginlik və siyasi ambisiyaların nümayiş meydanına çevirmək istəyənlər bunu nəzərə almalıdır. Əks halda 29 il əvvəl xalqı tankların altında əzilməkdən qoruya bilməyənlərin bu gün həmin əziz gündə xalqı yeni qarşıdurmalara sövq etməsinin pis nəticələri ola bilər. O zaman xalqı qorumağa borclu olanların, ancaq bu istiqamətdə böyük məsuliyyətsizlik göstərənlərin bir neçəsi bu gün də meydandadır və xalqı harasa yönəltməyə çalışır".
A.Quliyev vurğulayıb ki, 19 və 20 yanvar günlərində Milli Şura deyilən radikal qurumun davranış və niyyətləri bu sarıdan diqqət çəkir: "İstənilən bir vəziyyətdə reallığı görməmək və eyforiyaya qapılmaq siyasi qüvvələr üçün çox yolverilməz və ziyanlıdır. Son "məhsul mitinqi"ni siyasi uğur kimi təsəvvür və təbliğ etmək eyforiyaya qapılmağın bariz və ziyanlı nümunəsidir. Əslində adi göz böyüməsindən ibarət olan son aksiyanı radikal dairələrin böyük siyasi uğur kimi qiymətləndirməsi yanlış nəticədir. Hətta bəzi mitinqçilərin bundan da iki dəfə çox adamın mitinqə çıxacağı halda yürüş edəcəyik kimi eyforik iddiası cəmiyyət üçün çox təhlükəli səslənir. Əgər 1993-cü ildən indiyədək aksiyaların təşkilində, çıxışların məzmununda, iştirakçıların kütləviliyində əsaslı bir dəyişiklik baş verməyibsə hansı qələbədən söhbət gedə bilər. Əksinə, son aksiya 25 ildə radikal düşərgədə əsaslı keyfiyyət dəyişikliklərinin olmadığını nümayiş etdirdiyi üçün daha məğlubiyyət elementlərini özündə əks etdirdi".

Bu xəbər oxundu
- - -